Ana Sayfa > Manşet / Gündəm / Ölkə > El ağsaqqallarının nüfuzunu qorumaq lazımdır

El ağsaqqallarının nüfuzunu qorumaq lazımdır


9-07-2018, 15:29. Yazar: sevinc1





Şükür Aslanova qarşı təşkil edilən “qara-piar” kampaniyaları bu insanın nüfuzdan salınmasına, onun gördüyü işlərin əhəmiyyətinin azaldılmasına hesablanıb

Etiraf edək ki, son vaxtlar cəmiyyətdə tanınan, hörmət və nüfuz sahibi olan bu və ya digər insanlara qarşı internet resurslarında məqsədyönlü şəkildə qərəzli yazıların dərc olunması və ya, hətta təşkilatlanmış formada böhtan kampaniyalarının aparılması hallarına tez-tez rast gəlirik. Bu mövzuya dair ötən saylarımızda dərc etdiyimiz yazılarda biz artıq qeyd etmişdik ki, kütləvi informasiya vasitələri, mətbu orqanları yarandıqları ilk gündən artıq ictimai rəyin məhz hansı istiqamətdə formalaşmasına ən böyük təsir gücünə malik olan vasitələrdən birinə çevriliblər və bu halın öz şəxsi məqsədləri üçün istifadə olunması tendensiyası da hər zaman mövcud olub.

Təəssüflər olsun ki, son zamanlar ölkəmizdə bəzi mətbuat nümayəndələri öz şəxsi ambisiyalarının təmin olunması və yaxud da birilərinin sifarişlərinin icrası üçün heç bir etik normalara belə riayət etmədən, insanların heysiyyatına zərbə vurulduğunu nəzərə almadan, “hədəf” seçilmiş şəxslərə qarşı davamlı olaraq qərəzli, aşkar böhtan xarakterli yazılar dərc edirlər.

Son vaxtlar belə “tənqid hədəfi”nə çevrilmiş insanlardan biri də “ORİON-E” MMC-nin rəhbəri Şükür Aslanovdur. Bəs görəsən bu insan hansı səbəbdən “qaragüruhçular”ın qəzəbinə tuş gəlib? Düşünürdük ki, bu məsələyə aydınlıq gətirmək üçün ətraflı araşdırma aparmağa, bir çox sualları cavablandırmağa ehtiyac olacaq. Amma sən demə məsələ çox sadə imiş. Məsələ bundadır ki, bu yaxınlarda həmin suallardan bəzilərinə cavab almaq üçün İmişli rayonuna ezam olunmuş əməkdaşlarımız, yerli ictimaiyyətin nümayəndələri ilə görüşdükdən sonra həqiqətən də heç bir araşdırmaya ehtiyac olmadığı qənaətinə gəlməli olublar. Əməkdaşlarımızın Şükür Aslanov barədə rəy söyləmələrini xahiş etdikləri bütün sakinlər bildiriblər ki, bəzi internet səhifələrində bu insan barədə yazılan yalan və iftira dolu cızmaqaraların heç bir əsası yoxdur. Əksinə, vətəndaşlar Şükür Aslanovun sözün əsil mənasında bir alicənab, ziyalı insan, dövlətin və xalqın mənafeyini hər zaman üstün tutan bir iş adamı olduğunu xüsusilə vurğulayıblar. Bildiriblər ki, Şükür Aslanov hər zaman insanların təəssübünü çəkib, ona kömək üçün müraciət edənləri heç zaman naümid geri döndərməyib. Gördüyü işlərdə də hər zaman ilk növbədə xalqın və dövlətin maraqlarının təmin olunmasına çalşıb. İmişli ictimaiyyətinin nümayəndələrinin əməkdaşlarımızdan əsas xahişləri də bundan ibarət olub ki, bəzi internet resurslarında Şükür Aslanova qarşı yazılan qərəzli məlumatların tamamilə yalan və əsassız olduğunu öz saytımızda bir daha bəyan edək.

Sonda biz bir məqama da xüsusi olaraq toxunmaq istərdik. Məsələ bundadır ki, bu gün Şükür Aslanovu və eləcə də, onun kimi bir çox digər ziyalılarımızı, xeyriyyəçi iş adamlarını, sadəcə alicənab insanları ləkələməyə çalışanlar əslində təkcə həmin şəxslərə qarşı deyil, ümumilikdə bütün cəmiyyətimizə qarşı çıxmış olurlar. Çünki bir el ağsaqqalının nüfuzuna xələl gətirməyə çalışan kəs, bütün elin heysiyyatına meydan oxumuş olur. Belə neqativ tendensiyalar isə, heç bir halda yaxşı nəticələrə gətirib çıxara bilməz.

aia.az

Mehman Məmmədov
Geri dön