Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > Milli Onkologiya Mərkəzində Dünya Səhiyyə Təşkilatının baş direktoru ilə görüş keçirilib
Milli Onkologiya Mərkəzində Dünya Səhiyyə Təşkilatının baş direktoru ilə görüş keçirilib6-07-2018, 10:55. Yazar: sevinc1 |
İyulun 5-də Milli Onkologiya Mərkəzinin (MOM) baş direktoru, akademik Cəmil Əliyev ölkəmizdə səfərdə olan Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru, doktor Tedros Adhanom Qebreyesus ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüşdən əvvəl DST-nin baş direktoru və onu müşayiət edən şəxslər MOM-un Uşaq Onkoloji Klinikasında şüa terapiyası, reanimasiya və intensiv terapiya şöbələrinə baş çəkiblər. Onlar xəstələrin müalicəsində tətbiq edilən müasir avadanlıqla tanış olub, müalicə proseslərini izləyiblər. Görüşdə akademik Cəmil Əliyev qonaqlara MOM-un elmi-klinik fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirilib ki, Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində Mərkəz yeni tibb texnikası, o cümlədən mobil diaqnostika kompleksi ilə təchiz edilib. Həmçinin onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təmin olunmasında problemlər aradan qaldırılıb. Mərkəzin əməkdaşları yüksək keyfiyyətli onkoloji xidmətlər göstərir, xəstələrdə bədxassəli şişlərin erkən diaqnostikasını, operativ cərrahi, şüa və dərman preparatları ilə müalicəsini həyata keçirir, habelə mövcud müalicə üsullarının təkmilləşdirilməsi məqsədilə genişmiqyaslı elmi tədqiqatlar aparırlar. MOM-un müasir standartlara cavab verən və yaraşıqlı korpusu ən müasir tibbi avadanlıqla təchiz olunub. Hazırda Milli Onkologiya Mərkəzi respublikanın əhalisinə yüksəkixtisaslı onkoloji yardımın həyata keçirilməsində elmi-metodik və profilaktik işlərin koordinasiyası ilə məşğul olan əsas qurumdur. Baş direktor deyib ki, burada aparılan müalicənin əsas məqsədi xəstələrin ömrünün uzadılması, imkan daxilində onların tam şəfa tapmasıdır. Məlumat verilib ki, 1200 yerlik Mərkəz müasir standartlara cavab verən tibbi avadanlıq və ləvazimatlarla təchiz olunub, xəstələrin 35 faizi onkoloji, qalan 65 faizi isə diaqnostik göstəricilər üzrə müalicə alır. Akademik Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın MOM-un Uşaq Onkoloji Klinikasının yaradılmasında müstəsna xidmətlərini də vurğulayıb. Diqqətə çatdırılıb ki, son illər MOM onkoloji xəstələrin müalicəsi üçün zəruri olan yeni texnologiyalar istehsal edən dünyanın aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir. Belə ki, 2014-cü il oktyabrın 8-də MOM və bədxassəli şişlərin radioterapiyası üçün müasir texnologiyaları hazırlayan və istehsal edən ABŞ-ın “Varian Medikal Sistem” şirkəti arasında əməkdaşlıq sazişi imzalanıb. Bununla da Milli Onkologiya Mərkəzi rəsmi referens-mərkəz statusuna malik olub. İmzalanmış sənəd tərəfdaşlar arasında əməkdaşlığın genişləndirilməsinə, daha qısa müddətə Azərbaycana müasir texnologiyaların gətirilməsinə, xarici mütəxəssislərlə ətraflı fikir mübadiləsi aparılmasına imkan verir. Həmçinin saziş Milli Onkologiya Mərkəzində onkoloji xəstələrə göstərilən yüksək səviyyəli xidmətin dünyanın digər aparıcı klinikaları tərəfindən tanınmasını təsdiq edir. Bundan başqa, 2015-ci ilin noyabrında Azərbaycan MOM və M.D.Anderson adına Onkoloji Mərkəz (USA, MD Anderson Cancer Center), 2017-ci ilin oktyabrında isə şüa terapiyası zamanı xəstələrin cəlb olunması və yerləşdirilməsini təmin edən sistem və avadanlığın dünyada ən iri təchizatçısı olan Belçikanın “Orfit Industries” şirkəti arasında uzunmüddətli əməkdaşlığa dair müqavilələr imzalanıb. DST ilə Azərbaycan arasında bir sıra mühüm sahələrdə əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edən Tedros Adhanom Qebreyesus əlaqələrin gələcəkdə də genişləndirilməsinin zəruriliyini diqqətə çatdırıb. DST-nin baş direktoru qeyd edib ki, Milli Onkologiya Mərkəzində onkoloji xəstələrin yüksək səviyyədə müalicəsi üçün yaradılmış müasir şərait dünya standartlarına tam cavab verir. O, burada onkoloji xəstəliyin profilaktikası və müalicəsi üzrə aparılan işləri yüksək qiymətləndirib. “Zəngin maddi-texniki bazaya və güclü kadr potensialına malik Milli Onkologiya Mərkəzini dünyanın aparıcı onkoloji mərkəzləri ilə bir cərgəyə qoymaq olar. Bu gün mən Uşaq Onkoloji Klinikasına baş çəkdim və burada qorxulu xəstəlikdən əziyyət çəkən yeddi-səkkiz yaşlı oğlanla tanış oldum. Bu uşaqla qısa ünsiyyət zamanı mən onun barəsində çox şey öyrəndim: o, ruhdan düşmür və tam müalicə olunacağına inanır, hətta gələcəkdə polis əməkdaşı olmaq istəyir. Bildiyimiz kimi, bir çox valideyn öz uşağının xəstəliyi xəbərinə dözə bilmir. Onlar bu xəbəri aldıqda gələcəkdə nə edəcəklərini və necə yaşayacaqlarını bilmirlər. Lakin sizin həkimlərlə söhbət əsnasında öyrəndim ki, onlar uşaq onkologiyası şöbəsinə gəldikləri zaman müalicə aparıldığını və səhhəti yaxşılaşanları görürlər. Mən onlara ümid və mübarizə aparmağa güc verdiyiniz üçün Sizə və MOM kollektivinə minnətdaram”, - deyə DST-nin baş direktoru əlavə edib. Görüşdən sonra doktor Tedros Adhanom Qebreyesus Milli Onkologiya Mərkəzinin muzeyi ilə tanış olub, MOM-un fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. Görüşdə Azərbaycan Respublikasının BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov iştirak edib. aia.az Geri dön |