Ana Sayfa > Qərbi Azərbaycan > Azərbaycan Hökuməti ilə Dünya Səhiyyə Təşkilatı arasında birgə bəyanat imzalanıb

Azərbaycan Hökuməti ilə Dünya Səhiyyə Təşkilatı arasında birgə bəyanat imzalanıb


6-07-2018, 10:54. Yazar: sevinc1
Azərbaycan Hökuməti ilə Dünya Səhiyyə Təşkilatı arasında birgə bəyanat imzalanıb


İyulun 5-də Azərbaycan Hökuməti ilə Dünya Səhiyyə Təşkilatı arasında birgə bəyanat imzalanıb.

AZƏRTAC xəbər verir ki, bəyanatı Bakıda keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin icrası kontekstində səhiyyə islahatları” mövzusunda konfransda səhiyyə naziri Oqtay Şirəliyev və Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus imzalayıblar.

Konfransda çıxış edən Oqtay Şirəliyev deyib ki, 2015-ci ilin sentyabrında dünya liderləri bəşəriyyəti tərəqqiyə aparan hədəfləri – yeni Dayanıqlı İnkişaf Məqsədlərini qəbul ediblər. Dayanıqlı İnkişaf Məqsədləri nəticəsində milyonlarla insanın həyat tərzində mühüm dəyişikliklər baş verib. Yoxsulluğun azaldılması, keyfiyyətli içməli su mənbələrinə çıxışın təmin olunması, yoxsul təbəqənin həyat səviyyəsinin yaxşılaşdırılması, gender bərabərliyi kimi hədəflərə nail olunub.

Bildirilib ki, son 25 il ərzində dünyada 5 yaşadək uşaq ölümü yarıya enib və qlobal səviyyədə ana ölümü təqribən iki dəfə azalıb. Hazırda əhalinin çox böyük hissəsi immunçatışmazlığı virusu infeksiyasına qarşı antiretrovirus müalicəsinə cəlb edilir, halbuki indiyə qədər heç vaxt belə mütəşəkkil kampaniya aparılmayıb. Malyariyaya qarşı qəti mübarizənin genişlənməsi nəticəsində həmin xəstəlikdən hər il 6 milyon nəfərin ölümünün qarşısı alınıb.

Diqqətə çatdırılıb ki, ölkəmizdə də Minilliyin İnkişaf Məqsədlərinin tətbiqi dövründə ifrat yoxsulluq aradan qaldırılıb, mütləq yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə qədər azaldılıb, məktəblərə qeydiyyat dərəcəsi 100 faizə çatdırılıb, gender bərabərliyinin təşviqi və qadınların səlahiyyətlərinin artırılmasında inkişafa nail olunub. Hər yeni doğulan 1000 körpə arasında 5 yaşadək uşaq ölümü göstəricisi 28-dən 12,8-ə enib, ana ölümü əhəmiyyətli dərəcədə azalıb, yoluxucu və digər xəstəliklərə qarşı mübarizə gücləndirilib, o cümlədən malyariyanın qarşısı tamamilə alınıb. Ətraf mühitin mühafizəsi üçün qlobal tərəfdaşlıq üzrə mühüm irəliləyişlər əldə edilib.

Nazir Prezident İlham Əliyevin Azərbaycanda səhiyyə sahəsinin inkişafına xüsusi diqqət göstərdiyini və bunun məntiqi nəticəsi kimi tibb sahəsinin gündən-günə inkişaf etdiyini, tibb müəssisələrinin əksəriyyətinin müasir avadanlıqlarla təchiz olunduğunu bildirib.

“Azərbaycanda infeksion xəstəliklər hazırda yox səviyyəsindədir. Artıq iki ildir ki, ölkəmizdə malyariya xəstəliyinə rast gəlinmir. Göyöskürək və parasitar xəstəlikləri demək olar ki, aradan qaldırılıb. Bu, Azərbaycan səhiyyəsinin uğurudur. Biz həmişə Dünya Səhiyyə Təşkilatının tövsiyələrini dinləyir, qurumun ölkəmizə göstərdiyi dəstəyi hiss edirik”, - deyə nazir qeyd edib.

Baş direktor Tedros Adhanom Qebreyesus ölkəmizə səfərindən məmnunluğunu ifadə edib. O, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edildiyi dövrə təsadüf edən bu səfərin onun üçün sevindirici olduğunu vurğulayıb. İcbari tibbi sığorta və onun tətbiqi haqqında danışan direktor Azərbaycanda icra edilən pilot layihələrdən xəbərdar olduğunu söyləyib. Baş direktor ilkin tibbi xidmətin canlandırılması və icbari tibbi sığortanın tətbiqinin genişləndirilməsi üçün Dünya Səhiyyə Təşkilatının mütəxəssislər göndərməyə hazır olduğunu bildirib.

Qeyd olunub ki, Azərbaycanda tətbiq edilən icbari sığorta modeli təqdirəlayiqdir və həmin modelin digər ölkələrdə də tətbiqi məqsədəuyğundur.

aia.az
Geri dön