Ana Sayfa > Ölkə > Doğrudanmı kəskin istilər enerji qəzası yaradır? - Mütəxəssis DANIŞDI
Doğrudanmı kəskin istilər enerji qəzası yaradır? - Mütəxəssis DANIŞDI3-07-2018, 12:20. Yazar: sevinc1 |
İyulun 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) qəza baş verib. Nəticədə stansiyanın enerji bloklarından birinin fəaliyyəti dayanıb və ölkə ərazisində ciddi enerji problemi yaranıb. Hazırda qəzanın səbəbləri araşdırılır. Maraqlıdır ki, hadisənin ilkin səbəbi kimi kəskin isti hava şəraiti keçməsi göstərilir. Energetika Nazirliyi və “Azərenerji” ASC-nin hadisə ilə bağlı birgə rəsmi məlumatında bəyan edilib ki, qəza havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın ciddi şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş verib. Doğrudanmı, havaların kəskin isti keçməsi enerji blokuna təsir edir? AMEA-da laboratoriya rəhbəri, texnika elmləri doktoru Arif Haşımov Modern.az saytına açıqlamasında anomal istilərdə elektrik xətlərində açılmaların baş verdiyini söyləyib. “İndiki tələbatlar daha çoxdur” “Neçə gündür ki, ölkə ərazisində istilər şiddətlənir. Temperatur artdıqca, qızma baş verdikcə, elektrik enerjisinə tələbat da artır. Kəskin artma zamanı elektrik enerjisi istehsalının ötürülməsində istifadə olunan materiallarda, istismarda açılmalar yaranır. Soyutma sistemində problemlər baş verir. İndiki tələbatlar da əvvəlki kimi deyil. Məişət cihazlarına, kondisionerlərə daha çox tələbat var. Ona görə də bu cür halların baş verməsi mümkündür”. “Enerji şəbəkəsi çox incə sistemdir” Arif Haşımovun sözlərinə görə, anomal hava şəraitində bu cür hallar baş verə bilər: “Dünənki hadisənin təkanı Mingəçevirdə olub. Enerji şəbəkəsi çox incə sistemdir. Strukturları bir-biri ilə sıx şəkildə, asılı olaraq işləyir. Sistemin reaksiyası hər şeyə çox həssasdır. Baxmayaraq ki, sistem ən yüksək texnologiyalarla təchiz olunub, amma havaların isti keçməsi belə hallara gətirib çıxara bilir. Enerji sistemi, məftillər mütəmadi olaraq texniki baxışdan keçir. Onların parametrlərinə uyğunluğu da yoxlanılır. Bizdə yüksək avtomatika var ki, maksimum çalışmış avtomatikadır və hadisələrin qarşısını almaq gücünə malikdir. Amma anomal hava şəraitində bu cür hallar baş verə bilər. Üstəlik, istilər təkcə enerji sisteminə təsir göstərmir. Kənd təsərrüfatına da mənfi təsirini görmək olar”. Stansiyada su çox olmalıdır ki... AMEA-nın işçisi bildirib ki, enerji sistemimiz Rusiya ilə paralel işləyir. “Azərbaycanın enerji sistemi Rusiya ilə paralel rejimdə çalışır. Nəzərə alın ki, bu il ölkədə quraqlıqdır. Göllərimizdə də o qədər su yoxdur ki, lazım olanda elektrik enerjisindən istifadə edək. Rusiya ilə paralel rejimdə işlədiyimizə görə, Rusiya bizim tezliyimizi öz üzərinə götürüb. Ancaq elə olur ki, Rusiya Dərbənd tərəfdən ayrılanda sistemin tezliyini apara bilmir. Biz isə məcburuq ki, tənzimləməmizi özümüz aparaq. Söhbət 50 hers tezliyindən gedir. Bu funksiyanı da Mingəçevir Su Elektrik Stansiyası yerinə yetirir. Bu zaman stansiyada müəyyən ehtiyat saxlamalıyıq. Orada müəyyən qədər su olmalıdır ki sistemin dayanıqlığını təmin edə bilsin. Bunlar adi məsələlər deyil. İlkin baxışda sadə görülə bilər. Halbuki, elə bir mexanizmdir ki, insan orqanizminə bənzəyir. Bir-biri ilə bağlıdır”. Amerikada, Rusiyada da... Arif Haşımov dünya ölkələrində də anomal hava şəraitində eyni halların baş verdiyini də bildirib. “Məsələn Rusiyada qışa hazırlıq sistemləri aktual olur. Yakutiyada 50 dərəcə şaxtada belə problemlər yaranır. Amerikanın özündə də sistem açılmaları ola bilir. Temperatur maksimum olanda müəyyən qabaqlayıcı işlər görülür”. aia.az Geri dön |