Ana Sayfa > Karusel / Siyasət > Baş nazir: “Azərbaycan Qərblə sıx əməkdaşlıq yolunu tutub”

Baş nazir: “Azərbaycan Qərblə sıx əməkdaşlıq yolunu tutub”


22-06-2018, 11:00. Yazar: sevinc1
Baş nazir: “Azərbaycan Qərblə sıx əməkdaşlıq yolunu tutub”


Azərbaycan Qərblə sıx əməkdaşlıq yolunu tutub və bu günə qədər də öz mövqeyini dəyişməyib.

aia.az Trend-ə istinadən xəbər verir ki, bunu Baş nazir Novruz Məmmədov CAMCA regional forumunda çıxışı zamanı deyib.

N.Məmmədov bildirib ki, Azərbaycan dünyanın ən mürəkkəb və ən mühüm yerində, Şərqlə Qərbin, İslamla xristianlığın qovuşduğu yerdə yerləşir: "Azərbaycan həm insan resursları, həm də təbii sərvətlər baxımından zəngin ölkədir".

Baş nazir Azərbaycanın Qərblə, Avropa ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilən layihələrdən də danışıb:

"Azərbaycan bu istiqamətdə çox böyük layihələr həyata keçirib. Şərqlə Qərb arasında İpək yolunu bərpa etmək üçün böyük addımlar atıb. Azərbaycan Şimal-Cənub Nəqliyyat Dəhlizinin reallaşması üçün çox böyük addımlar atıb. Azərbaycan Bakı ilə Avropanı dəmir yolu vasitəsilə birləşdirib".

N.Məmmədov əlavə edib ki, Azərbaycan enerji sahəsində də çox böyük layihələr həyata keçirir: "Bu gün də bu layihələrin davamı TANAP və TAP-dır. Enerjidaşıyıcılara ehtiyacı olan ölkələrin bu layihələrə daha güclü dəstək göstərəcəyini gözləmək olardı, amma təəssüflər olsun ki, bəzən kiçik hisslərin belə böyük məqsədlərə mane olduğunu görürsən".


Novruz Məmmədov deyib ki, ədalət adlı anlayış beynəlxalq münasibətlərdə demək olar ki, yoxdur.



Baş nazir qeyd edib ki, Azərbaycan həm ölkə daxilində, həm də regionda sülhün, təhlükəsizliyin, sabitliyin təminatı üçün çox böyük addımlar atıb. Eyni zamanda, Azərbaycan sivilizasiyalararası dialoq istiqamətində prosesə çevrilmiş çox böyük beynəlxalq tədbirlər keçirir:

"Biz bu yaxınlarda, may ayında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdik. Azərbaycan xalqı 100 il əvvəl Şərqdə ilk demokratik respublika qurub, qadınlara səsvermə hüququ verib. 19-cu əsrdə Azərbaycan ədibləri, məsələn, İsmayıl bəy Qutqaşınlı fransız dilində əsər yazıb. Bu, Azərbaycanın Avropaya tarixi münasibətinin bir təzahürüdür. Ancaq Azərbaycana münasibətdə bu ədaləti görə bilmirik. Azərbaycana müəyyən dəstək verilib, ancaq bu dəstək yetərli deyil. Kiçik bir hadisə ilə bağlı Avropa mətbuatında uzun müddət yazılar gedir, ancaq bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi ilə bağlı bir fundamental yazı görmək olmur".

N.Məmmədov vurğulayıb ki, Azərbaycan ərazilərinin işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri olsa da, bu günə qədər məsələ ilə bağlı normal münasibətlər ortaya qoyulmayıb: "Ədalət adlı anlayış beynəlxalq münasibətlərdə demək olar ki, yoxdur. Böyük dövlətlərin rəhbərləri çıxışlarında, yazılarında beynəlxalq hüquqdan, ədalətdən söz açmırlar. Ədalət olmayanda isə yanaşma da düzgün olmur. Azərbaycan 25 ildir ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe gözləyir. Ədalət olmayanda dünyada belə vəziyyət yaranır".

aia.az
Geri dön