Ana Sayfa > Qərbi Azərbaycan > Milli Məclisdə ETİRAZ: orqan köçürməsi ilə bağlı sənəd geri QAYTARILDI

Milli Məclisdə ETİRAZ: orqan köçürməsi ilə bağlı sənəd geri QAYTARILDI


5-06-2018, 14:55. Yazar: sevinc1
Milli Məclisdə ETİRAZ: orqan köçürməsi ilə bağlı sənəd geri QAYTARILDI


Milli Məclisinin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunub.



Modern.az xəbər verir ki, komitə sədri Əhliman Əmiraslanov və bəzi deputatlar layihədəki “ölü donor” termininin dəyişdirilməsini təklif ediblər. Layihə ilə bağlı əlavə təkliflər də səsləndirilib.



Dəyişikliklərin məqsədi beyin ölümü keçirən insandan donor kimi istifadə edilməsinə icazə verilməsidir.



Bununla ələqadar qanunun “Əsas anlayışlar” bölməsinə “ölü donor-ölü donor – beyin ölümü, ürək ölümü və ya bioloji ölüm meydana gəlmiş 1 yaşdan yuxarı şəxs” cümləsi əlavə olunub.

Bundan başqa, “Canlı donor - öz orqan və (və ya) toxumalarını xəstə şəxslərə köçürmək üçün könüllü olaraq verən fəaliyyət qabiliyyətli 18 yaşdan yuxarı sağlam şəxs” cümləsi də əlavə edilir.

Hazırki qanunun 9-cu (Transplantasiya məqsədilə meyitdən orqan və (və ya) toxumaların götürülməsi) maddəsində edilən dəyişikliyə əsasən, şəxs sağlığında meyitinin, orqan və toxumalarının transplantasiya, tədris və elmi məqsədlərlə istfadə edilməsinə yazılı razılığını verərsə, ölümündən sonra onun meyiti, orqan və (və ya) toxumaları istifadə oluna bilər.

Şəxs sağlığında bu məsələyə münasibətini bildirməyibsə, ölümündən sonra yaxın qohumlarından hər hansı birinin (həyat yoldaşı, həddi buluğa çatmış övladı, valideyinlərindən biri, qardaş -bacılarından biri), və ya qanuni nümayəndəsinin icazəsi ilə onun orqan və (və ya) toxumalarının transplatasiya, tədris və elmi məqsədlə götürülməsinə yol verilir.

Layihəyə əsasən, qəzalar və ya təbii fəlakətlər zamanı beyin ölümü baş verən, sağlığında donorluqdan yazılı şəkildə imtina etməyən və yanında razılıq vermək üçün yaxını olmayan şəxslərdən transplantasiya, tədris və elmi məqsədlərlə orqan alınmasına icazə verilə bilər. Bu halda məhkəmə - tibbi eksperti məlumatlandırılır, orqan və toxumaların alınması onun iştirakı ilə həyata keçirilir (ekspert iştirakının zəruri olmamasını bəyan edərsə, orqan və toxumaların alınması bitdikdən sonra həkimlərin əməliyyat qeydləri məhkəmə tibbi müayinə və autopsiya protokoluna yazılmalı və sənədlərə əlavə edilməlidir).



Gözün buynuz qişası kimi meyit üzərində dəyişiklik etməyən toxumalar hər hansi bir icazə və vəsiyyət olunmadan da alına bilər. Meyitdən alınmış orqanların transplantasiyası növbəli qaydada, tibbi göstəriş əsasında öncəliklə Azərbaycan Respublikası vətəndaşlarına olunmalıdır.



Qanunun 10-cu (Meyitdən və ya ölüm vəziyyətində olan şəxslərdən transplantasiya məqsədi ilə orqan və toxumaların götürülməsi vaxtının müəyyən edilməsi) maddəsinə edilən əlavəyə əsasən, bioloji ölüm qərarı mütəxəssis həkim briqadası tərəfindən ölümü təsdiq edən inkaredilməz dəlillər əsasında verilir. Həkim briqadası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və ən azı iki mütəxəssisdən ( neyrocərrah (və ya nevropatoloq), anestezioloq və reanimotoloq) ibarət olur.

Beyin ölümü faktının təyin edilməsi ölümün baş vermə tarixi, saatı, ölümün necə təyin olunduğu (hansı test, müayinə üsulu) göstərilməklə protokollaşdırılır, ölümü təyin edən həkimlər tərəfindən imzalanır və möhürlənir. Beyin ölümü faktının təyin edilməsi protokol donor orqanının alındığı tibb müəssissəsində 15 (on beş) il saxlanmalıdır.



11-ci (Meyitdən orqan və (və ya) toxumaların götürülməsinə icazə verilməsi) maddəyə əsasən, meyitdən transplantasiya məqsədi ilə orqan və (və ya) toxumaların götürülməsinə tibb müəssisəsinin baş həkimi tərəfindən icazə verilir.



Yeniliyə əsasən isə, meyitin məhkəmə-tibb ekspertizası zəruridirsə, orqan və (və ya) toxumaların götürülməsi prosesi məhkəmə-tibb ekspertinin iştirakı ilə aparılır və ya ekspertiza orqanlar alındıqdan sonra həyata geçirilir.



Qanuna əlavə edilən 11-1 (Ölü donorun və hissələrinin xaricdən gətirilməsi və göndərilməsi) maddəsinə əsasən, ölü donorun və hissələrinin transplantasiya, tədris və elmi məqsədlərlə xarici ölkələrdən gətirilməsi və ya xaricə göndərilməsi müvafiq icra hakimyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.



Əlavə edilən 4-1 (Ksenotransplantasiyanın qadağan olunması) maddəsində ksenotransplantasiyanın qadağan olunduğu əks olunub.



Ksenotransplantasiya insan orqanlarının heyvana, yaxud heyvan orqanlarının insana köçürülməsidir.



Müzakirələrdən sonra dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunmayıb. Deputatlar layihənin yenidən müzakirə olunmasını, irəli sürdükləri təkliflərin də layihəyə daxil edilməsini vacib sayıblar.

aia.az
Geri dön