Ana Sayfa > Manşet / Siyasət > İlham Əliyev “Cənub Qaz Dəhlizi”nin açılışında: Bu layihəyə investorları cəlb etmək asan deyildi - YENİLƏNİB

İlham Əliyev “Cənub Qaz Dəhlizi”nin açılışında: Bu layihəyə investorları cəlb etmək asan deyildi - YENİLƏNİB


29-05-2018, 12:34. Yazar: sevinc1
İlham Əliyev “Cənub Qaz Dəhlizi”nin açılışında: Bu layihəyə investorları cəlb etmək asan deyildi - YENİLƏNİB




Bu gün “Cənub Qaz Dəhlizi” layihəsinin birinci mərhələsinin açılış mərasimi keçirilir.

Səngəçal terminalındakı açılışda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir.


"Bizim uğurlu neft-qaz siyasətimiz göstərir ki, ancaq müstəqillik şəraitində Azərbaycan xalqı öz təbii resurslarından istifadə edə bilər".

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev "Cənub Qaz Dəhlizi" layihəsinin açılış mərasimində çıxışında deyib.

Dövlət başçısı qeyd edib ki, dünya neftinin tarixi Azərbaycandan başlayır. 1846-cı ildə dünya miqyasında ilk dəfə olaraq sənaye üsulu ilə neft məhz Azərbaycanda, Bakıda hasil edilib:


"O tarixi anı əks etdirən abidə şəhərimizin mərkəzində bir neçə il bundan əvvəl ucaldılıb. O vaxt, XIX əsrin II yarısında, XX əsrin əvvəlində Azərbaycan dünya neft hasilatının əksəriyyətini təmin edirdi. Ancaq Azərbaycan xalqı bundan bəhrələnə bilibmi? Əlbəttə ki, yox. O illərin şəkillərinə, statistik məlumatlarına baxmaq kifayətdir ki, hər kəs görsün ki, xalq səfalət içində yaşayırdı, yoxsulluq hökm sürürdü, heç bir sənaye inkişafından söhbət getmirdi. Sadəcə olaraq Azərbaycan resurs mənbəyi idi və Azərbaycandan çıxarılan "qara qızıl" Azərbaycan xalqının inkişafına xidmət etmirdi. Bizim neftimiz tükənirdi. Neftdən əldə edilən gəlir Azərbaycan xalqının rifahına yönəldilmirdi. Eyni zamanda, biz Abşeron yarımadasında böyük ekoloji problemlərlə üzləşmişdik. Bu problemləri bu gün müstəqil dövlət həll edir. Bu gün müstəqil Azərbaycan və bizim uğurlu neft-qaz siyasətimiz göstərir ki, ancaq müstəqillik şəraitində, müstəqillik dövründə Azərbaycan xalqı öz təbii resurslarından istifadə edə bilər".


Modern.az-ın məlumatına görə, dəyəri 40 mlrd. ABŞ dolları olan Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Türkiyə ərazisində inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir.


İlham Əliyev xatırladıb ki, 24 il bundan əvvəl imzalanmış “Əsrin müqaviləsi”nin müddəti keçən il 2050-ci ilə qədər uzadıldı: "Yəni bu, özlüyündə onu göstərir ki, bu yataqda nə qədər böyük neft ehtiyatları var. “Əsrin müqaviləsi” Azərbaycana nəfəs verdi, ölkəmizin canlanmasına xidmət göstərdi. İlk dəfə olaraq Xəzər dənizi xarici şirkətlər üçün açıldı, biz o xarici şirkətləri dəvət etdik".


Prezident bildirib ki, bu gün “Əsrin müqaviləsi”nin icrası çox uğurla gedir və bu müqavilənin imzalanmasından sonra Azərbaycanın yeni neft strategiyası icra olunmağa başlayıb:


"Mən o tarixi günləri yaxşı xatırlayıram, çünki o vaxt Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi bu işlərlə bilavasitə məşğul idim. O vaxt Azərbaycanın neft strategiyası müəyyən olundu və bu gün biz bu strategiyanın, görülən işlərin bəhrəsini görürük. 1994-cü ildən sonra ikinci böyük müqavilə “Şahdəniz” qaz yatağı üzrə imzalanmışdır. Onu da qeyd etməliyəm ki, bu müqavilə 1996-cı il iyunun əvvəlində məhz Xəzər Neft-Qaz Sərgisinin keçirildiyi gündə imzalanmışdır və beləliklə, Azərbaycan dünyaya özünü nəinki neft ölkəsi, qaz ölkəsi kimi də təqdim etdi. Onu da yaxşı xatırlayıram ki, o vaxt dünyada enerji təhlükəsizliyi məsələlərində qaz amili o qədər də ciddi rol oynamırdı. Hətta qaz yataqlarının işlənməsi o qədər də böyük maraq doğurmurdu. Çünki mənfəət neft yataqları ilə müqayisədə daha aşağı idi. Ona görə bu layihəyə investorları cəlb etmək o qədər də asan məsələ deyildi. Ancaq bu gün bu tarixi gündə “Cənub Qaz Dəhlizi”nin açılışını qeyd edərkən biz görürük ki, bu, nə qədər vaxtında atılmış və müdrik addımdır. “Şahdəniz” qaz yatağı “Cənub Qaz Dəhlizi”nin əsas resurs bazasıdır. 1997-ci ildə isə “Əsrin müqaviləsi”nin icrası nəticəsində Çıraq platformasından ilk neft çıxarılmışdır. Bu tarixi videokadrlar artıq göstərilir. Doğrudan da tarixi bir gün idi. İlk dəfə olaraq xarici şirkətlər tərəfindən Xəzərdə yeni yataqdan neft hasil edilmişdir".


Dövlət başçısı vurğulayıb ki, Azərbaycan açıq dənizlərə çıxışı olmayan bir ölkədir: "Ona görə də neft kəmərləri tikilməli idi və 1999-cu ildə artıq birinci neft kəməri – Bakı-Supsa kəməri istifadəyə verilmişdir. Yəni bu onu göstərir ki, nə qədər qısa müddət ərzində biz bu böyük işləri görmüşük və bu böyük işlər həm böyük maliyyə vəsaiti tələb edir, həm də texniki cəhətdən çox çətin layihələrdir. Onu da deməliyəm ki, 1999-cu ildə bizim hələ böyük pulumuz da yox idi. Bakı-Tbilisi-Ceyhan neft kəməri hələ ondan sonra istifadəyə verildi. Ona görə bu layihələrin həyata keçirilməsi doğrudan da böyük səylər tələb edirdi, böyük müdriklik tələb edirdi. Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi ilə biz tarixdə ilk dəfə olaraq Xəzər dənizini Qara dənizlə neft kəməri ilə bağlamışıq. Ondan sonra 2002-ci ildə artıq biz “Azəri-Çıraq” yatağından böyük neft gözləyərkən məhz burada Səngəçal terminalının ərazisində Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməlini qoyduq. 2006-cı ildə bu kəmər istifadəyə verildi və bu gün Azərbaycan xalqına xidmət edir".


İlham Əliyev qeyd edib ki, bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəinki Azərbaycan nefti, digər ölkələrin nefti də nəql edilir: "Xəzərdə digər ölkələr tərəfindən çıxarılan neft, Xəzərin şərq sahillərində çıxarılan neft artıq bu kəmər vasitəsilə dünya bazarlarına çıxarılır və Azərbaycan bu gün eyni zamanda etibarlı tranzit ölkə kimi qonşu ölkələrə öz imkanlarını təqdim edir. 2007-ci ildə isə Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. Bu da çox önəmli layihədir və bu layihə olmadan “Şahdəniz” yatağının işlənməsi mümkün deyildi. Beləliklə, ilk dəfə olaraq 2007-ci ildə Azərbaycan qazı Gürcüstana və Türkiyəyə nəql edilməyə başlanmışdır. O günü də mən çox yaxşı xatırlayıram, Ceyhandakı mərasimi də yaxşı xatırlayıram. Bu gün bura gələrkən bütün o tarixi anlar, o günlər bir daha mənim yaddaşımda oyandı və mən bir daha demək istəyirəm ki, doğrudan da bütün bunlar tarixi nailiyyətlərdir. Və “Şahdəniz” yatağının gələcək işlənməsi ilə bağlı addımlar atılmağa başlandı. Təbii ki, biz hamımız yaxşı bilirdik ki, böyük həcmdə Azərbaycan qazını dünya bazarlarına çıxarmaq üçün qaz kəməri lazımdır və beləliklə, “Cənub Qaz Dəhlizi”nin yaradılması ilə bağlı əməli praktiki işlərə start verildi. Çox ciddi işlər aparıldı, danışıqlar aparıldı. Nəhayət, 2012-ci ildə Azərbaycanla Türkiyə arasında TANAP – Transanadolu qaz kəməri üzrə müqavilə imzalandı və beləliklə, “Cənub Qaz Dəhlizi”nin reallaşmasına güclü təkan verildi".

Azərbaycan Prezidenti bildirib ki, TANAP layihəsi “Cənub Qaz Dəhlzi”nin önəmli hissəsidir: "Gələn ay TANAP layihəsinin istifadəyə verilməsini də qeyd edəcəyik. 2014-cü il sentyabrın 20-də – bu da çox rəmzi məna daşıyır, çünki “Əsrin müqaviləsi” 1994-cü il sentyabrın 20-də imzalanmışdır – “Cənub Qaz Dəhlizi”nin təməli qoyulmuşdur. Yəni 20 ildən sonra. Bu gün isə biz bu layihənin rəsmi açılışını qeyd edirik. Bu, doğrudan da böyük və tarixi hadisədir. “Cənub Qaz Dəhlizi” nəhəng infrastruktur layihəsidir. Bu layihənin icra edilməsinə 40 milyard dollardan çox sərmayə qoyulubdur və qoyulur".

Dövlət başçısı deyib ki, Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir: "Əminəm ki, bundan böyük həcmdə resurslarımız var və gələcək kəşfiyyat və işlənmə işləri bunu təsdiqləyəcək. Bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Mən ilk növbədə regional əməkdaşlığı qeyd etmək istərdim. Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihələrini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar. Ona görə bu layihələrin icra edilməsində bu üç ölkənin birgə səyləri xüsusi yer tutur".

aia.az
Geri dön