Ana Sayfa > İqtisadiyyat / Manşet / Karusel > Türkiyədən Azərbaycana gələn mallar ucuzlaşacaq...

Türkiyədən Azərbaycana gələn mallar ucuzlaşacaq...


3-12-2015, 10:14. Yazar: admin
Türkiyədən Azərbaycana gələn mallar ucuzlaşacaq...
Rusiya ilə Türkiyə arasında münasibətlərin kəskinləşməsi və tətbiq edilən sanksiyalar Azərbaycana da ciddi təsir göstərəcək

Ekspertlər məsələyə bir neçə istiqamətdən yanaşaraq, baş verəcəkləri proqnozlaşdırırlar...

Ekspert Vüqar Bayramov məsələ ilə bağlı musavat.com-a bildirib ki, baş verənlər nəticəsində Azərbaycana Türkiyədən gətirilən malların qiyməti aşağı düşəcək: “Türkiyənin ixrac etdiyi ərzaq məhsullarının 20, tekstil məhsullarının 15 faizi Rusiya bazarına daxil olur. Rusiyanın qadağaları şimal qonşumuzun bazarında ciddi boşluq yaradacaq. Aydındır ki, həmin məhsulların bir qismi digər ölkələrə, o cümlədən Azərbaycana ixrac ediləcək. Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 1,8 milyard dollardır. Oxşar dövriyyə Azərbaycan Rusiya arasında var. Rusiya və Türkiyə arasında gərginlik dərinləşərsə, 2016-cı ildə Türkiyədən Azərbaycana gətirilən məhsulların həcmində artım olacaq. Bu isə türk mallarının qiymətlərinin ucuzlaşmasına gətirib çıxaracaq. Hazırda Türkiyə bazarında topdansatış təklif edilən malların qiymətlərində ucuzlaşma var. Nəticədə Azərbaycanın Türkiyədən daha ucuz ərzaq və qeyri-ərzaq məhsulları idxal edəcəyi gözlənilir”.

Ekspertin sözlərinə görə, Rusiya bazarındakı boşluq Azərbaycan fermer və sahibkarlarının sözügedən ölkəyə daha çox məhsul göndərməsinə səbəb olacaq: “Bu isə istehlak bazarında yerli kənd təsərrüfatı məhsullarının qıtlığını yarada bilər. Bu baxımdan, Rusiya bazarına daha çox məhsulun göndərilməsi bazarda kənd təsərrüfatı məhsullarının, meyvə və tərəvəzlərin qiymətinin yüksəlməsinə səbəb ola bilər. İran və Türkiyədə ucuz kənd təsərrüfatı məhsullarının idxalı genişlənməzsə, o zaman meyvə və tərəvəzlərdə qiymət artımları müşahidə ediləcək. Təbii ki, Azərbaycan Türkiyə və Rusiya arasındakı münasibətlərin gərginləşməsində maraqlı olmayan ölkədir: Mübahisəsiz, ölkəmiz bu dövlətlər arasında əlaqələrin yaxşı olmasını ən çox istəyənlərdəndir. Sözügedən qonşularımız arasında yaxşı münasibətlərin olması bizim strateji maraqlarımıza uyğundur. Bununla belə, adıçəkilən ölkələr arasında münasibətlər gərginləşəcəyi halda, Azərbaycan şirkətləri həm Türkiyə qida, xüsusən də aqrar məhsullarının Rusiya bazarında boşalan yerini tutmağa və şimal qonşumuzun turistlərini cəlb etməyə çalışmalıdır. Bunlara rəğmən, bölgədə sabitliyin qorunub saxlanması və Türkiyə ilə şimal qonşumuz arasında münasibətlərin qısa zamanda yaxşılaşması rasional olaraq dövlətimizin strateji maraqlarına birbaşa xidmət edir”.

Ekspert Pərviz Heydərov isə bildirib ki, Rusiyanın baş naziri Dmitri Medvedyevin hökumətə yaxın 2 gün ərzində Türkiyə ilə iqtisadi və humanitar sahələrdə qarşılıqlı münasibətləri məhdudlaşdırmağa dair müvafiq tədbirlər işləyib hazırlamağı tapşırması Moskvanın Ankara ilə uzun illər ərzində formalaşmış, xüsusən də son dövrlərdə daha da yüksək səviyyəyə çatmış mövcud əlaqələri birtərəfli qaydada qırmaqdan çəkinmədiyini nümayiş etdirir. (caspianbarrel).

“D.Medvedyev bildirib ki, tədbirlər konkret hər hansı bir müddət üzrə tətbiq olunmayacaq və bu məsələ beynəlxalq situasiya, Türkiyə ilə münasibətlərin bundan sonrakı inkişaf istiqamətindən asılı olacaq. Söhbət iqtisadi əməkdaşlıq proqramlarını dayandırmaqdan, maliyyə əməliyyatları ilə xarici ticarət sövdələşmələrini məhdudlaşdırmaqdan, idxal-ixrac rüsumlarını dəyişdirməkdən, turizm sahəsində həyata keçiriləcək məhdudlaşdırma tədbirlərindən, daşımalar, hava və su nəqliyyatı da daxil olmaqla, humanitar əlaqələrdən gedir. Odur ki, belə təəssürat yaranır ki, Rusiyanın Türkiyə ilə iqtisadi əlaqələrində sanki məhz Ankara Moskvadan asılı vəziyyətdə imiş və baş vermiş məlum təyyarə hadisəsinə görə də itirən demək, yalnız və yalnız Türkiyə olacaq”,- deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, bu fikri gücləndirən ən böyük amillər isə ondan ibarətdir ki, hər iki ölkə arasında qarşılıqlı mal dövriyyəsində (2014-cü ildə cəmi 31 milyard ABŞ dolları) böyük üstünlük Rusiyaya məxsusdur. Həmçinin Türkiyəyə Rusiyadan hər il təşrif buyuran milyonlarla turist böyük məbləğdə gəlirlər gətirirdi. 2014-cü ildə 4,5 milyon nəfər rus turisti gəlib. Ən əsası da Ankara Rusiyadan energetika sahəsində asılı vəziyyətdədir. “Sonuncu barədə qeyd edək ki, Türkiyənin qaza olan tələbatının bu gün təqribən 60 faizini Rusiyanın ”Qazprom" şirkəti ödəyir. “LUKoyl” isə sözügedən ölkədə 600-dən çox yanacaq doldurma məntəqəsinə sahibdir. Həmçinin ümumiyyətlə, bütövlükdə enerji sektoruna dair ortada hər birinin dəyəri milyonlarla ABŞ dolları ilə ölçülən, hətta üstəlik 20 milyard dollar məbləğində olan atom elektrik stansiyasının tikintisi kimi layihələr də var",- deyə o əlavə edib.

P.Heydərovun sözlərinə görə, Rusiyanın Türkiyə ilə iqtisadi əlaqələri birtərəfli qaydada məhdudlaşdıracağı təqdirdə itirən ən çox əslində elə məhz onun özü olacaq: “Çünki hər şeydən öncə, Rusiya ilə Türkiyənin iqtisadiyyatları tam fərqli özüllər üzərində qurulub. Bu gün Rusiyada istehlakçıların hüquqlarının qorunmasına nəzarət üzrə federal idarə sayılan ”Rospotrebnadzor" Türkiyə istehsalı olan yüngül sənaye məhsullarının, o cümlədən uşaq geyimləri ilə mebel və yuyucu vasitələrin keyfiyyətinin aşağı olduğunu bəyan edir. Və adıçəkilən qurum tərəfindən keyfiyyət və təhlükəsizlik tələbləri guya pozulduğu üçün Türkiyə məhsulları üzərində gücləndirilmiş nəzarət həyata keçiriləcəyi söylənilir.

Eyni zamanda ət məhsulları, su bioloji resursları, qənnadı məmulatları, meyvə-tərəvəz və quru meyvə də daxil olmaqla, bir sıra mallar da risk qrupuna daxil edilib. Bundan əlavə, Rusiyaya məxsus iri turizm şirkətləri bu ölkə vətəndaşlarının Türkiyəyə turist səfərlərinə getmələri üçün bütün zəruri olan əməliyyatları dayandırmışdır. Həmçinin Türkiyədən gələn yük avtomobillərinin Rusiya ərazisinə daxil olmasına və daşımalara da məhdudiyyət qoyulub. Sözümüz bunda deyil.

Bunları qoyaq bir kənara... İş ondadır ki, təkcə bütün bu sadalananlar məhz hansı ölkənin iqtisadiyyatının əslində daha çox möhkəm özüllər üzərində dayandığını və mövcud iqtisadi sistemin də real olaraq xammal, yoxsa xidmət və qeyri-enerji sektoru məhsulları istehsalı üzərində qurulduğunu əyani göstərir.

Rusiya Türkiyədən fərqli olaraq sırf xammal ölkəsidir. Və bu mənada, Moskva üçün Türkiyə olduqca əlverişli və həm də zəruri bazardır. Digər tərəfdən, Rusiyanın daxili istehlak bazarı türk sənaye məhsullarından əhəmiyyətli dərəcədə asılı vəziyyətdədir. Və bu tendensiya dünən və yaxud bu gün deyil, demək olar ki, hələ keçən əsrdən müşahidə olunmaqdadır.

Sual olunur ki, bəs bir az əvvəl hər iki ölkənin rəsmiləri ticarət dövriyyəsinin həcmini, görəsən, niyə 3 dəfədən çox artırmaq haqda danışırdılar? Yeri gəlmişkən, Avropa İttifaqı (Aİ) Rusiyaya sanksiyalar tətbiq etdikdən sonra şimal qonşumuzun daxili bazarı türk sənaye və qida məhsulları idxalından daha asılı vəziyyətə düşdü.

Belə ki, hazırda xarici ticarət sövdələşmələrini məhdudlaşdırmağa, mövcud idxal-ixrac rüsumlarını dəyişdirməyə hazırlaşan Rusiya hökuməti bu ilin əvvəlində Türkiyədən müxtəlif çeşiddə malların idxalının artması üçün hətta əlavə güzəştlərə də getməyə hazır idi. Ona görə ki, Rusiyadan Türkiyəyə əsas etibarı ilə xammal məhsulları ixrac edilirdisə, əks tərəfdən, kütləvi tələbat malları idxal olunurdu. Türkiyə Rusiyanı bitki mənşəli məhsullar, tekstil və müxtəlif avadanlıqlarla təmin edir. Təkcə tikinti mallarını qeyd etmək isə ümumiyyətlə, kifayət idi".

O ki qaldı enerji sektoruna, ekspert qeyd edir ki, Rusiyanın Türkiyədə bu sahədə mövcud bütün fəaliyyəti və perspektiv layihələri Moskvanın stratejı maraqlarına xidmət edirdi: “Bu layihələrə görə Ankara Qərbin əslində qınaq obyektinə çevrilmişdi”.

Qeyd edək ki, əksər ekspertlər vurğulayırlar ki, yaranacaq böhranlı vəziyyətdən Türkiyənin daha az zərərlə və tez çıxmaq potensialı Rusiyadan yüksəkdir. Həmçinin onların fikrincə, Azərbaycan iki ölkə ilə münasibətdə sonadək neytral qala bilməyəcək. Yəni Rusiyanın Türkiyəyə qarşı həyata keçirdiyi sanksiyalar Azərbaycana da ciddi şəkildə təsir göstərəcək.
Geri dön