Ana Sayfa > Siyasət > Elmar Məmmədyarov: “Fələstin-İsrail münaqişəsinin ədalətli həlli üçün ümidlər puç oldu”
Elmar Məmmədyarov: “Fələstin-İsrail münaqişəsinin ədalətli həlli üçün ümidlər puç oldu”19-05-2018, 13:26. Yazar: sevinc1 |
ABŞ prezidentinin ölkəsinin səfirliyinin Qüdsə köçürülməsi ilə bağlı qərarı beynəlxalq hüquqa zidd bir addımdır. Azərbaycan XİN-dən Modern.az-a verilən məlumata görə, bunu İƏT-in Fövqəladə İslam Sammitində xarici işlər naziri Elmar Məmmədyarov bildirib. Nazir deyib: "İlk növbədə, xüsusilə qeyd etmək istərdim ki, Türkiyə Prezidentinin təşəbbüsü ilə təşkil edilən Dövlət və hökumət başçılarının bu Fövqəladə İslam sammiti Türkiyənin İslam həmrəyliyinə və ədalət prosesinə verdiyi töhfənin bir nümunəsidir. 60-dan çox fələstinlinin öldürülməsi və 2000 insanın yaralanması dərk edilməkdən uzaqdır. Biz, üzv dövlətlər və İƏT olaraq bu qan tökülməsini dayandırmaq və qınamaq üçün daha çox səylər ortaya qoymalıyıq. Həmişə olduğu kimi, Azərbaycan bu məsələyə töhfə verməyə hazırdır və biz bir daha tam həmrəyliyimizi və Fələstin məsələsinin ədalətli və hərtərəfli həlli üçün dəstəyimizi bildiririk. Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə həlli Şərqi Yerusəlimin Fələstin Dövlətinin paytaxtı olmaqla “iki dövlət prinsipi”nə əsaslanmalıdır. ABŞ Prezidentinin Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının 478 saylı (1980) qətnaməsinə zidd bir addımdır. Göründüyü kimi, çoxsaylı xəbərdarlıqlara baxmayaraq, bu hərəkət Fələstin-İsrail münaqişəsinin ədalətli və davamlı həllinə nail olmaq üçün ümidləri puç etdi və üstəlik bütün təhlükəli fəsadlarla humanitar fəlakətə yol açdı. 2013-cü ildə Azərbaycan Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis Konfransı və Yerusəlim şəhərinin inkişafına dəstək məqsədilə donor konfransına ev sahibliyi etdi. 2017-ci ildə Azərbaycanda “İslam Həmrəyliyi İli” çərçivəsində, biz BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair Komitəsinin himayəsi və İƏT-in dəstəyi ilə Əl-Əqsa məscidinin bağlanmasını və orada dindarlara qarşı məhdudiyyətləri qınayan təşkilatçılar adından kommunikenin qəbulu ilə nəticələnmiş Yerusəlim məsələsinə dair beynəlxalq konfransa ev sahibliyi etdik. Bildiyiniz kimi, keçən ay Azərbaycan Qoşulmama Hərəkatının (QH) “Troika”sının üzvü kimi QH-nin “Beynəlxalq sülh və davamlı inkişaf üçün təhlükəsizliyin təşviqi” adlı 18-ci Aralıq Nazirlər Toplantısına ev sahibliyi edib. Bu tədbir çərçivəsində QH-nin Fələstin məsələsi üzrə Nazirlər Komitəsinin toplantısı təşkil olundu. Yekun Bakı Bəyanatında zorakılığa tamamilə son qoyulması üçün ciddi kollektiv səylərin göstərilməsinə çağırışlar edildi. Fələstin qurumlarının xahişi əsasında Azərbaycan həmçinin, 2018-ci ilin sonunda Fələstin Dövlətinin Asiya ölkələrində akkreditə olunan səfirlərinin illik toplantısını təşkilinə köməklik göstərməyi planlaşdırır. Azərbaycanın nümayəndəsi kimi, fürsətdən istifadə edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münqaişəsinin həllində Azərbaycana tam dəstəklərinə görə İƏT-ə və onun üzv dövlətlərinə ölkəmin minnətdarlığını çatdırmaq istərdim. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və İƏT də daxil olmaqla bir sıra beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, 25 ildən artıqdır ki Ermənistan torpaqlarımızın iyirmi faizini yerli müsəlman əhali və İslam mədəniyyəti üçün dəhşətli humanitar nəticələrə səbəb olan qeyri-qanuni hərbi işğalda saxlamaqdadır." aia.az Geri dön |