Ana Sayfa > Siyasət > Rövşən Rzayev BMT nümayəndəsi ilə müzakirə apardı
Rövşən Rzayev BMT nümayəndəsi ilə müzakirə apardı17-05-2018, 15:00. Yazar: sevinc1 |
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev mayın 17-də BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi və “İnkişaf Proqramı”nın Rezident nümayəndəsi Qulam İshaqzai ilə görüşüb. Bu haqda Modern.az-a Komitədən bildirilib. Azərbaycanın qazandığı uğurlardan, ölkəmizdəki qaçqın və məcburi köçkün problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışan Dövlət Komitəsinin sədri Azərbaycanın beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığa xüsusi önəm verdiyini qeyd edib. Bildirib ki, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. O, Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkününün olmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, müstəqilliyinin ilk illərindən qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycan, yurd-yuvasından didərgin düşmüş insanların bir çox çətinliklərinin həllinə nail olub. Dünyada qaçqın və məcburi köçkün probleminin dövlət tərəfindən həll olunmasından söz düşəndə, ilk növbədə Azərbaycanın nümunə göstərildiyindən danışıb. Bildirib ki, bir sıra nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri tərəfindən, Azərbaycanın təcrübəsinin dünyanın bir çox ölkələri üçün nümunə olduğu dəfələrlə vurğulanıb. Bütün bunlara baxmayaraq məcburi köçkünlərin problemlərinin həlli istiqamətdə hələ də görüləsi işlərin olduğunu diqqətə çatdırıb. Dövlət Komitəsinin sədri münaqişə nəticəsində doğma yerlərindən didərgin salınmış soydaşlarımızla bağlı BMT agentliklərinin həyata keçirdikləri humanitar və inkişaf layihələrini xatırladıb, dəstəyə görə təşəkkürünü bildirib. BMT ilə Dövlət Komitəsi arasında əməkdaşlığı yüksək qiymətləndirən Qulam İshaqzai mövcud olan sıx və səmərəli münasibətlərin daimi inkişaf edəcəyinə əminliyini ifadə edib. Azərbaycanda qaçqın və məcburi köçkün probleminin dövlət tərəfindən həll olunmasına toxunaraq dünyada belə bir nümunənin çox az olduğunu bildirib. BMT-nin Azərbaycan xalqının rifahı və təhlükəsiz gələcəyi naminə qarşılıqlı əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, qaçqın və məcburi köçkünlərin problemləri, onların həyat şəraiti, eyni zamanda gələcək əməkdaşlığın prespektivləri ilə bağlı müzakirələr aparılıb. aia.az Geri dön |