Ana Sayfa > Manşet / Siyasət > Əli Həsənov: "Bunun başında adını siyasətçi qoymuş, hakimiyyəti ələ keçirən insanlar dayanırdı"

Əli Həsənov: "Bunun başında adını siyasətçi qoymuş, hakimiyyəti ələ keçirən insanlar dayanırdı"


7-05-2018, 11:59. Yazar: sevinc1
Əli Həsənov: "Bunun başında adını siyasətçi qoymuş, hakimiyyəti ələ keçirən insanlar dayanırdı"



Bu gün Bakıda Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə "Heydər Əliyev və Azərbaycanın inkişaf konsepsiyası" mövzusunda elmi-praktik konfrans keçirilib.



Trend-in məlumatına görə, konfransda çıxış edən Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, Azərbaycan xalqının görkəmli oğlu, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti hər bir soydaşımız üçün əzmkarlıq, mübarizə və qalibiyyət nümunəsidir. Ulu Öndərin müstəqil dövlət quruculuğu sahəsində gördüyü işləri təhlil edib geniş kütlələrə çatdırmaq və nəsillərin xatirində daim yaşatmaq dövlət əhəmiyyətli strateji məsələdir.



A.Quliyev deyib ki, Heydər Əliyev mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib reallaşdıra bilən nadir və xoşbəxt tarixi şəxsiyyətlərdəndir: “Heydər Əliyev Azərbaycanın yeni Konstitusiyasını yaratmaqla sivil, demokratik, çoxpartiyalı dövlət sisteminin formalaşdırılmasına və ölkədə vətəndaş cəmiyyətinin inkişafına misilsiz töhfələr verdi, Azərbaycanın nüfuzlu beynəlxalq qurumlar və dünyanın aparcı ölkələri ilə əməkdaşlıq imkanlarını genişləndirdi”.



Şura sədri vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyev başladığı böyük dövlət quruculuğunu İlham Əliyev kimi bacarıqlı, müdrik və Azərbaycanın müstəqil dövlətçilik ideallarına sadiq bir şəxsiyyətə etibar etməklə ərazi bütövlüyümüz uğrunda mübarizənin, inkişafın, çiçəklənmənin və firavanlığın davamına tam zəmanət verdi.



Tədbirdə çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov bildirib ki, Azərbaycan dövləti Heydər Əliyevin hakimiyyətə gəldiyi 1993-cü ildən başlayaraq QHT-lərlə əməkdaşlıq kursu yeridir: "İlk dəfə Azərbaycan hakimiyyəti məhz Heydər Əliyevin hakimiyyəti dövründə QHT-lərə tərəfdaşı kimi baxmağa başladı və bunun nəticəsi olaraq, Azərbaycan Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı. Bu gün də Şura öz fəaliyyətini müvəffəqiyyətlə həyata keçirir".

Ə.Həsənov qeyd edib ki, Heydər Əliyev 15 ildir ki aramızda olmasa da, millətini, xalqını sevən, sağlam ruhlu hər bir azərbaycanlının ürəyində yer tutur.

Şöbə müdiri deyib ki, ümummilli liderin Azərbaycan xalqı qarşısındakı xidmətlərinin ön sırasında onun 1993-cü ildə Azərbaycan dövlətini xilas etməsi missiyası dayanır:

"Hər il qeyd etdiyimiz 15 iyun - Milli Qurtuluş Günü Heydər Əliyevin xilaskarlıq missiyasının başlandığı ən ali dəyərdir. Heydər Əliyev Azərbaycan dövlətini real məhv olma təhlükəsindən xilas etdi. Bu xilaskarlıq missiyası Azərbaycan tarixində məhz onun - Ulu Öndərin adına yazıldı. 1993-cü ildə Heydər Əliyev Azərbaycana qayıdaraq qurtuluş missiyasına başlayanda ölkədə vətəndaş müharibəsi gedirdi. Heç kimə sirr deyil ki, artıq regionlar bir-birinə qarşı, ölkənin ictimai-siyasi institutlarının hər biri bəlli qrupları, öz ətrafındakı silahlı dəstələri birləşdirərək Azərbaycan dövlətçiliyinə qarşı çıxırdılar. Bunun da başında o dövrdə adını siyasətçi qoymuş, hakimiyyəti ələ keçirən insanlar dayanırdı".

Prezidentin köməkçisi əlavə edib ki, Heydər Əliyevin xidmətlərindən biri vətəndaşların milli birliyini yaratması oldu:



"Heydər Əliyev hakimiyyətə qayıdan kimi bütün azərbaycanlıları vahid bir amal ətrafında bir araya gətirərək milli birlik yaratmasaydı, Azərbaycan dövlətinin gələcəyindən danışmaq olmazdı. Odur ki, bu gün də inkişafımızın təməlində milli birlik əsasında bərqərar olmuş sabitlik dayanır. Ümummilli Lider hakimiyyətə gələn gün müraciət edərək bildirdi ki, hər bir azərbaycanlı "Dövlət mənim üçün nə etdi?" deməli deyil, "Mən vətənim üçün nə edə bilərəm?" deyə düşünməlidir".

Ə.Həsənov bildirib ki, Heydər Əliyevin əsas xidmətlərindən biri də azərbaycançılıq ideyasını dövlət səviyyəsinə gətirməsi oldu:



"Ümummilli liderin əsas xidmətlərindən biri də Azərbaycanın siyasi, ictimai inkişafının istiqamətlərini müəyyən etməsi və bunu Konstitusiyada təsbit etməsi oldu. 1993-cü ildə Azərbaycan müxtəlif modellər seçə bilərdi. Ümummilli Lider hakimiyyətə gələrkən başqa model də seçə bilərdi. Əminəm ki, Heydər Əliyevin nüfuzu o zaman elə güclü idi ki, hansı modeli seçsəydi, qəbul olunardı. O isə məhz ən mükəmməl yolu - Azərbaycan Xalq Cumhuriyyətinin müəyyən etdiyi inkişaf yolunu seçdi".



Ə.Həsənov bildirib ki, Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Azərbaycanın inkişafında önəmli rol oynayır. Ümummilli Liderin qurduğu Azərbaycan nəinki regionun aparıcı ölkələrindən biridir, eləcə də dünyada böyük nüfuza malikdir.

Tədbirdə daha sonra Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş qısametrajlı sənədli filmin təqdimatı keçirilib.



Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov “Heydər Əliyev və Azərbaycanının inkişaf konsepsiyası: proses və nəticə” mövzusunda məruzə ilə çıxış edib.



Sonra Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş yeni mahnının təqdimatı olub.

aia.az
Geri dön