Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > “Həkim də dolanmaq üçün yol axtarmağa məcburdur”
“Həkim də dolanmaq üçün yol axtarmağa məcburdur”3-05-2018, 15:04. Yazar: admin |
Baş Prokurorluğun apardığı dərman mafiyası əməliyyatından sonra xəstələrdə həkim və dərman preparatlarına qarşı inamsızlıq yaranıb. Xüsusilə də, tanınmış həkimlərin mafiya rəhbərləri ilə əlbir olması, saxta və bahalı dərmanları xəstələrə yazmaqla yüksək məbləğdə pul almaları günlərdir müzakirə olunan əsas məsələlərdən biridir. “Qafqazinfo” bu məqamda tanınmış pediatr Vaqif Qarayevdən məsələyə münasibət öyrənib. Həkim bildirib ki, firma dərmanlarından qorxmaq lazım deyil. Hər bir dərmanın istehsalçısı var: “Ölkə gərək özü dərman istehsal etsin ki, kənardan firma dərmanı alınmasın. Biz hazırda idxal edirik. Bütün bəlalar da elə buradan başlayır. Bundan başqa, bütün dərman firmaları qazanmaq üçün öz məhsulunu reklam etməlidir. Yaranan əsas sual ki, bəs əməkdaşlıq qarşılığında firmalar həkimə nə verməlidir? Heç nə. Sadəcə olaraq firmanın hesabına həkim seminar və konqreslərə gedə, kitab və jurnallarla təmin oluna bilər. Dünyanın çox yerində belə olur, bizdə də belə olmalıdır. Tutaq ki, həkim effektini bildiyi dərmanı pasientə yazırsa və xəstə o dərmandan doğrudan da effekt görürsə, heç kim onu həkimə qadağan edə bilməz ki o dərmanı yazmasın. Televiziyada gördüyümüz, haqqında danışılan dərmanlar həkimlər tərəfindən istifadə olunur. O dərmanların adlarını həkimlər çox yaxşı bilir. Bu son qalxan hay-küydə yazılanların hamısına inanmıram. Mənə elə gəlir ki, orada mülkiyyət bölgüsü gedir və firma kimdənsə alınıb başqasına veriləcək. Sonra ara sakitləşəcək. Burada camaatı qınamaq fikrim yoxdur, ancaq belə bir fikir yaranıb ki, firma dərmanları yazılmasın, bahadır, saxtadır. Ölkənin aptek bazarında nə varsa, həkim onu yazacaq. Həkim yazdığı dərmandan faiz alanda dərmanın qiymətində hər hansı bir fərq olur? Əlbəttə ki, yox. Mən xeyli həkim tanıyıram ki, firmalarda faiz almır. Ancaq həmin firma dərmanlarını xəstələrə yazır. Mən də onun əleyhinəyəm ki, həkim yazdığı dərmana görə pul alsın. Ancaq bir iş var. Necə olur ki, Fatihə surəsini oxumağı bacaran molla 400 manat maaş alır, ancaq 40 ilin həkimi 300-400 manat? Pul alınmasına bəraət qazandırmıram, ancaq belə olduğu halda həkim də dolanmaq üçün yollar axtarmaq məcburiyyətində qalır. Sosial ədalət prinsipi var axı”. Həkimin sözlərinə görə, yaranmış vəziyyətdə əsas çıxış yolu ölkədə tibbi sığortanın tətbiq edilməsindədir: “Burada çıxış yolu tibbi sığortanın tətbiq olunmasındadır. Tibbi sığorta işləyən ölkələrdə hər diaqnoza uyğun dərman preparatlarının siyahısı olur. Buna müalicə protoloıu deyirlər. Həkim siyahıdan kənara çıxsa, sığorta şirkəti onu cəzalandıracaq. Çünki o dərmanın pulunu verən şirkətdir. Şirkət sual verəcək ki, niyə bir manatlıq dərmanın yerinə 11 manatlıq dərman yazılıb? Tibbi sığorta həm dərman bazarını, həm də həkim-xəstə münasibətlərini tənzimləyir. Bütün dünya bundan istifadə edir, biz də bu yola keçməliyik”. Günel Hacı Geri dön |