Ana Sayfa > Manşet / Təhsil > Akif Süleymanov ittiham olunur... - Müraciət

Akif Süleymanov ittiham olunur... - Müraciət


27-04-2018, 13:45. Yazar: admin
Akif Süleymanov ittiham olunur... - Müraciət


Azərbaycan Texnologiya Universitetinin keçmiş əməkdaşı Azər Allahverdiyev tərəfindən Hurriyyet.org-un redaksiyasına növbəti şikayət məktubu daxil olub. Saytımız vasitəsilə ölkə başçısına müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Cənab Prezident!

Azərbaycan Texnologiya Universitetində baş verən biabırçı hadisələrlə gündəmdən düşmür. Demək olar ki, hər gün Texnologiya Universiteti haqqında yeni məlumatlar yayılır. Müraciətlərə, şikayətlərə baxdıqda Universitetdə idarəetmənin hansı səviyyədə olduğunu təsəvvür eləmək elə də çətin olmur. Elə bu nöqteyi-nəzərdən Sizə təkrar müraciət edirəm.

Etiraf edək ki, əslində problem və nöqsanların gündəmə gətirilməsi ilə təhsil ocağında iş bitmir. Çünki bu istiqamətdə həqiqətən də, ciddi addımlar atılmalıdır ki, zamanla da olsa, nəticəni görə bilək. Dövlət qurumları, Təhsil Nazirliyi susur. Təhsil bizə uşaq yaşlarından orta məktəbdə verilməsi ilə başlayıb, ali məktəbdə də davam edir. Lakin bu gün Texnologiya Universiteti ali məktəblər sırasında ən sonuncu yerlərdən birində dayanıbdır. İldən - ilə qəbul olunan tələbə sayı azalır. Bunun da səbəblər var. Universitetdə baş verənlərin mətbuatda izlənməsi, tələbələrin valideyinlərinə universitetdə baş verənləri söyləməsi, Dövlət imtahanı və Diplom müdafiəsi üçün “kurs” yaradıb, tələbələrdən bank hesabına 500 manat ödədilməsi valideyinlərdə narazılığa səbəb olur.

Onu da qeyd edim ki, Təhsil Nazirliyinə davamlı olaraq şikayətlər getsə də, bu qanunsuzluqlara göz yumulur. Bir vaxtlar ölkəmizdə ən qabaqcıl təhsil müəssisələrindən biri hesab edilməsinə baxmayaraq, hal-hazıra ildə 420 - 450 nəfər tələbə ancaq qəbul olunur.

Akif Süleymanov 2013-cü ilin mart ayında rektor vəzifəsinə təyin edilib. Lakin bu 5 il ərzində təhsil müəssisəsində yaxşılığa doğru heç bir dəyişiklik baş verməyib. Belə ki, problemlər öz aktuallığını qoruyub saxlayır. Akif Süleymanov Texnologiya Universitetində elə "qaydalar" müəyyənləşdirib ki, buna tab gətirmək hər əməkdaşın işi deyil.

Rektor haqqında hədsiz şikayətlər, narazılıqlar olsa da, hələlik bu istiqmətdə ciddi addım atılmır. Bununla da istər-istəməz universitet əvvəlki nüfuzunu itirir.

Akif Süleymanov 2013-cü ildən bəri Universitetin bütün maddi – texniki bazasını məhv edib. Heç bir idarəçilik qabiliyyəti olmayan bu adam rəhbərlik etdiyi 5 il müddətində universiteti iflic vəziyyətinə salıb. Akif Süleymanov üçün idarəçilikdə heç bir sərhəd, qayda - qanun yoxdur. Onun törətdiyi qanunsuzluqlardan bəzilərini, yəni üzdə olanlarını nəzərinizə çatdırırıq.

“Müştəri Yönümlü Proqram” adı altında Universitrtin büdcəsini çapıb - talayan bir qrup adam - Tədris işlər üzrə prorektor Vüqar İsmayılov, Elm və texnika üzrə prorektor Səbuhi Yusifov, Tədris şöbəsinin müdiri - hal-hazırda tərbiyyə işləri üzrə prorektor vəzifəsini icra edən Piri Axundov və digərləri ayda 2500 manatdan çox maaş alırlar. Universitetin büdcəsindən külli miqdarda vəsaiti 2015 ci ilin avqust ayından bu günə kimi mənimsəməkdə davam edirlər. Rektorun qanunsuz işlərinə dəstək verən Universitet əməkdaşlarının bəzilərinin də süni olaraq əlavələri bağlı qapı arxasında artırılır.

2015-ci il 31 avqust tarixli, 223 saylı əmrdən açıq görünür ki, tədris işlər üzrə prorektor Vüqar İsmayılov 2445 manat, elim və texnika üzrə prorektor Sabuhi Yusifov 2494 manat, Tədris şöbəsinin müdiri Piri Axundov 1257 manat və başqalarına yüksək əmək haqqları yazılıb. Bu əmrinin surətini diqqətinizə çatdırıram.



Universitetin ümumi büdcəsi gizlədilir. Universitetin ştat cədvəli və maaşlar məxvi saxlanılır. Maaş bölgüsü qeyri qanuni aparılır. Kollektivin əsas hissəsi 120 - 250 manat əmək haqqı aldığı halda 2015 ci ilin 31 avqust ayınından təyin olunan, o zaman elmi adları belə olmayan şəxslər hal- hazırda yuxrıda yazılan əmək haqqından daha çox maaş alırlar.

Bu bir daha göstərir ki, Texnologiya Universitetinin rektoru Akif Süleymanov universitetin maddi texniki bazasını istədiyi kimi mənimsəyir. Buna da dövlət qurumları göz yumur.

Universitetdə əyani magistaturada təhsil alan bəzi tələbələr yüksək maaşla müxtəlif işlərə, o cümlədən tyutor vəzifəsinə götürülüb, hansı ki qeyd olunan tyutor vəzifəsinə peşəkar, nüfuzlu və təcrübəli müəllimlər təyin olunmalıdırlar.

Görəsən Vüqar İsmayılov, Səbuhi Yusifov, Piri Axundov və digərləri hansı qeyri adi fitri istedada malikdir ki, universitetin büdcəsinə onların qabiliyyəti sayəsində külli miqdarda maliyyə vəsaiti daxil olur ki, onlar da 3000 min manat və daha yüksək aylıq maaş alırlar!?

Müştəri Yönümlü Proqramın fəaliyyət göstərdiyi beş ildən çox müddətdə Universitetin büdcəsinə hiss oluna biləcək bir vəsait gətirməyən bu adamlar artıq universitetin büdcəsindən külli miqdarda pul mənimsəyiblər. Akif Süleymanov göyə sovurduğu bu pulları Universitetin maddi texniki bazasının yaxşılaşdırılmasına və yaxud Respublikadakı digər Universitetlərdəki kimi müəllim-professor heyətinin maaşlarının artırılmasına sərf etsəydi yaxşı olmazdımı?!

Hələ bu azmış kimi rektor öz adamlarını yerləşdirmək üçün Universitetdə uzun müddət çalışan dosentləri və elmlər doktorlarını, texniki işcilərini vəzifələrindən uzaqlaşdırıb, ya da müxtəlif təzyiq vasitələrindən istifadə edərək universitetdən kənarlaşdırıb. 2013 cü ildən bu günə kimi, 30 nəfərə yaxın professor, dosent, 100 dən çox texniki işcini işdən kənarlaşıdran Akif Süleymanovu durdurmağın vaxtıdır. Akif Süleymanov Universitetin maddi texniki bazası kimi elmi potensialınıda məhv edib.

İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. Universitetin əməkdaşlarının əsas hissəsi - müəllimləri, texniki işciləri, 120 - 250 manat əmək haqqı aldığı halda, Akif Süleymanov ancaq öz adamlarının maddi durumlarını önə çəkərək, Universitetin maddi büdcəsini talamaqla təmin edir.

Təhsil Nazirliyinə, Maliyyə Nazirliyinə, Prezident Aparatına, Nazirlər Kabinetinə, Milli Məclisə, Baş Prokurorluğun Korrupsiya İdarəsinə rəsmi “Azərpoçt” və mətbuat vasitəsi ilə müraciətlər olunsa da, hələ də bir nəticə yoxdur.

Təhsil Naziri Ceyhun Bayramova davamlı olaraq “Azərpoçt” vasitəsi ilə məktublar göndərirəm, təəssüflə qeyd edirəm ki, məktublarıma rəsmi cavab ala bilmirəm. Əgər Akif Süleymanovu Texnologiya Universitetinə, onun müəllimlərinə düşmən kəsilməyə göndəriblərsə, bu başqa məsələ...

Çox təəsüflər olsun ki, Texnologiya Universitetyin rektoru Akif Süleymanov kimi saraylarda oturan məmurlar, çiçəklənən dövlətimizə, dövlətimizin ziyalılarına xəyanət edir. Prezident İlham Əliyev cənabları! Sizdən xahiş edirəm, Texnologiya Universitetinin rektoru Akif Süleymanov, törətdiyi çirkin əməllərinə görə qanunlarımız qarşısında cavab versin, öz layiqli cəzasını alsın”.

Hurriyyet.org

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.
Geri dön