Ana Sayfa > Manşet / Siyasət > Fəzail Ağamalı əlbəyaxa olduğu Hüseyn Abdullayevdən DANIŞDI: “...cavab verməlidir!”
Fəzail Ağamalı əlbəyaxa olduğu Hüseyn Abdullayevdən DANIŞDI: “...cavab verməlidir!”23-04-2018, 10:40. Yazar: admin |
Ölkə mətbuatı bir neçə ildir ki, Almaniyada siyasi sığınacaq almış keçmiş deputat və biznesmen, “Quska” ləqəbli bəstəkar Hüseyn Abdullayevin həbs edilərək, Azərbaycana gətirildiyini yazır. Məlumata görə, Azərbaycanda vergi cinayətlərində ittiham olunaraq beynəlxalq axtarışa verilən Abdullayev ötən gün Türkiyədə saxlanılıb. Onun təyyarə ilə Azərbaycana gətirildiyi və istintaqa təhvil verildiyi vurğulanır. Qeyd olunur ki, H. Abdullayevin Bakıya gətirilməsi əməliyyatını Azərbaycan Daxili İşlər Nazirliyi həyata keçirib. Rəsmi qurumlar isə hələ ki xəbərə münasibət bildirməyib. Modern.az saytı xəbərlə bağlı 2007-ci ildə Milli Məclisdə Hüseyn Abdullayevlə əlbəyaxa olmuş parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı ilə əlqə saxlayıb. F.Ağamalı bildirib ki, onda Hüseyn Abdullayevin həbs edilərək Azərbaycana gətirilməsi ilə bağlı məlumat yoxdur. “Ancaq mənim yanaşmam bundan ibarətdir ki, kimliyindən asılı olmayaraq Azərbaycan qanunlarını pozan, cinayət əməllərinə yol verən insanlar qanun qarşısında cavab verməlidirlər. Tutmuş olduqları əməllərinə görə onların fəaliyyətinə hüquqi qiymət verilməlidir. Hüseyn Abdullayevin də həbs edilərək, Azərbaycana gətirilməsi realdırsa, buna tamamilə məntiqi yanaşıram. Burada qeyri-adi, xüsusi yanaşmanı görmürəm”. Bəstəkar, “Oğuz eli” İctimai Birliyinin sədri H.Abdullayev 2005-ci ildə Milli Məclisə deputat seçilmişdi. 2007-ci ilin martında Milli Məclisin iclaslarından birində, hökumətin illik hesabatı zamanı Hüseyn Abdullayevlə digər deputat, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında əlbəyaxa dava yaranmışdı. Həmin hadisədən sonra H.Abdullayevin deputat mandatı geri alındı, özü isə həbs olundu. Sonradan onu azadlığa buraxdılar. 2010-cu ildə Hüseyn Abdullayev 25 saylı Nizami II seçki dairəsindən növbəti dəfə deputat seçilmək istəsə də, onu namizəd kimi qeydə almadılar. Sonra H.Abdullayev Azərbaycanı tərk edərək, Almaniyaya sığındı. 2013-cü ildə H.Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb. aia.az Geri dön |