Ana Sayfa > Karusel / Ölkə > İntihar edən azərbaycanlı nazir məktubunda nə yazmışdı? - Tarixin gizli qalan səhifəsi - FOTO

İntihar edən azərbaycanlı nazir məktubunda nə yazmışdı? - Tarixin gizli qalan səhifəsi - FOTO


6-04-2018, 15:22. Yazar: admin
İntihar edən azərbaycanlı nazir məktubunda nə yazmışdı? - Tarixin gizli qalan səhifəsi - FOTO


Məhəmməd Həsən Hacınski həm memar, həm də nazir olub.

AİA.Az femida-ya istinadən xəbər verir ki, bu gün Bakının simvoluna çevrilən Dənizkənarı bulvar onun layihəsi və nəzarəti altında salınıb. Daha sonra, Azərbaycan Xalq Cümhuriyyəti dövründə həm xarici, həm də daxili işlər naziri kimi məsul vəzifələrdə çalışıb. Amma təqdim edəcəyimiz yazıda özündən sonra bizlərə memarlıq incilərini əmanət qoyan Hacınskinin faciəvi həyatından, xanımı Səadətlə aralarındakı əbədi sevgi hekayətindən bəhs edəcəyik. Bu yolda bizə maarifçi demokrat, memar Hacınski haqqında monoqrafiya yazan, barəsindəki sənədli filmin ssenari müəllifi, kinoşünas, professor Aydın Dadaşov yardımçı olacaq:

- "M.H.Hacınskinin ailəsilə ilk tanışlığımın səbəbkarı onun həyat yoldaşı Səadət xanımın əmisi oğlu, kinostudiyada hamının Aqusya dayı çağırdığı səs rejissoru Ağahüseyn Kərimov olub. Hacınskilər haqqında sənədli film ssenarisi yazmağı da mənə o məsləhət gördü. Ssenari yazılıb hazır olsa da, müxtəlif səbəblər ucbatından ezamiyyətlər baş tutmadığından, filmi Bakıda çəkməklə kifayətləndik. Hacınskilər ailəsinin övladları Muxtar, Minurə və Leylanın atasının tikdiyi, doğulub böyüdükləri mülkə buradakı mənzillərin yeni sahibləri tərəfindən buraxılmamaları filmin ən dramatik epizodu oldu. Sonrakı dövrlərdə özümdən asılı olmayaraq, bu ailə ilə bağlı faktları və hadisələri toplamağa çalışdım".

"Pəncərədən daş gəlir" sözləri ilə başlayan xalq mahnısını hamımız eşitmişik. Bu nəğmə Hacınskinin taleyinə yazılmış ömür salnaməsidir. Sanki bu el nəğməsi onu bütün ömrü boyu izləyib. Hacınski, bəlkə də, yaşamayıb, elə bir mahnılıq yol gedib:

- "Sankt-Peterburq Texnoloji İnstitutunda oxuduğu müddətdə Məhəmməd Həsən qonşuluqdakı molla Talıbın nəvəsi, evdə mükəmməl təhsil görən, 1885-ci il təvəllüdlü Səadət xanımla ara-sıra məktublaşıb. Səadətin, varlılar üçün mülklər tikdirən atası Balakişi arvadı Balacaxanımın vaxtsız ölümündən sonra yeganə qızını Talıb kişinin himayəsində qoyub daim tikinti materialları gətirmək üçün uzaq səfərlərə gedərmiş. Suraxanski küçəsindəki zəngin mənzildə Səadət xanım atasının onun üçün İtaliyadan gətirdiyi qoşa gümüş şamdanlı fortepianoda məharətlə ifa edərdi. 1902-ci ildə təhsilini başa vuraraq, Bakıya qayıdan Məhəmməd Həsən Səadət xanımla ailə qurur. Gümüş şamdanlı fortepianonu da cehiz kimi ər evinə gətirən Səadət xanım tez-tez "Pəncərədən daş gəlir" oxuyan Məhəmməd Həsəni şövqlə müşayiət edərdi".

Hələ ki, Səadət xanımın gələcəkdə onları gözləyən dəhşətlərdən xəbəri yox idi. Xəyalına da gəlməzdi ki, pianoda fərəhlə ifa etdiyi bu musiqinin sədaları altında nə vaxtsa həyat yoldaşını o dünyaya yola salacaq.

...Toylarından bir neçə gün sonra Məhəmməd Həsən bəy milyonçu Şəmsi Əsədullayevin işlər müdirindən aldığı dəvətə əsasən Moskvaya gedərək, neftayırma zavodunun tikintisində çalışmağa başlayır. Amma heç vaxt sevimli xanımının varlı atasından sui-istifadə etmir. Səadətə Moskvadan yazdığı məktubdan da bunu anlamaq olar:

"Səadətim, yəqin ki, Moskvada mənzil tutmaq bizə çətin olacaq. Yaxşı mənzil tutmaq imkanım azdır. Digər tərəfdən, indi mənzil tutsam, onda bir neçə ayın pulunu boş yerə ödəməliyəm. Mən isə sənsiz orada yaşamayacağamsa, boş mənzilə görə ayda 60 rubl verməyə heyfim gəlir. Ancaq bu ay xərcim çox olduğundan indi çətinlikdə yaşasam da, sənin gəlişinədək müəyyən qədər pul toplamaq fikrindəyəm ki, yanında üzüm ağ olsun. Gecələr də işləyirəm ki, maaşım 250 rubla çatsın və üstündən xərcləməyim. Əgər hər ay 250 rubl yığa bilsəm, sən gələnədək 750 rubl olar... Əgər sənə pul lazımdırsa, yaz, mən sənə göndərərəm".




Məktubun yazıldığı ərəfədə kasıb və çalışqan memar həyatı yaşayan Hacınski sonradan zəhmətsevərliyinin bəhrəsini görür. XX əsrin əvvəllərindəki neft bumu ona istedadını üzə çıxarmaq imkanı yaradır:

"Hacınskinin təklifləri əsasında Bakı Şəhər Duması həmişəyaşıl ağaclardan ibarət "Olimpiya" kinoteatrı, "Eldorado" restoranı və nəhayət, dəniz hamamı ilə kompleks təşkil edən dənizkənarı bulvarın tikintisinə 60.000 rubl ayırır. H.Z.Tağıyevin maliyyə yardımı ilə həyata keçirilən dənizkənarı bulvarın kompleks tikintisinə rəhbərlik etməsi nəticəsində M.H.Hacınskinin məvacibi aylıq altı min rubl olur və həmin layihələr iki il ərzində yerinə yetirilir". (A. Dadaşovun "Məhəmməd Həsən Hacınksi" kitabından)

Memardan nazirəcən yüksələn yol

1913-cü ildə isə Hacınski çar üsuli-idarəsinin qoyduğu qadağaya baxmayaraq, bir müddət şəhər idarəsinin rəisi vəzifəsini tutan yeganə azərbaycanlı olur. O zamana qədər acınacaqlı vəziyyətdə olan Şirvanşahlar sarayının qorunması və bərpası da M.H.Hacınskinin adı ilə bağlıdır.

Ali ixtisaslı memar kimi Bakının gözəlləşməsində müstəsna rolu olan Hacınski ictimai sahədə də fəaliyyətini artırıb. Qısa müddətdə şəhər idarəsinə rəhbərlik edib, 1917-ci il inqilabından sonra yaradılan Müsəlman Şurası İcraiyyə Komitəsinin sədri seçilib, həmçinin, Dumadakı azsaylı müsəlmanlardan biri olub. İctimai fəaliyyətinin məntiqi sonluğu kimi 1918-ci ildə qurulan Xalq Cümhuriyyətinin xarici işlər naziri təyin olunub. Sovet hakimiyyəti zamanında xalq təsərrüfatı sahəsində fəaliyyətini davam etdirib, 1923-ci ildə Zaqafqaziya Dövlət Plan komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb.

Sonradan hər şey dəyişib. Elə bir gün gəlib ki, uzun müddət yüksək vəzifələrdə çalışan Məhəmməd Həsən aclığın, səfalətin bütün üzünü görüb. Dövrün diktəsi ilə həbs edilib, lakin həbsxanada belə, övladlarını düşünüb. Onun üçün göndərilən pendiri də uşaqlarının yeməsi üçün geri qaytarıb... Aydın Dadaşovu dinləyək:

- "3 dekabr 1930-cu ildə gecə ikən yaşadığı mənzilindəki axtarışdan sonra həbs edilən M.Hacınski sabun, dəsmal və Səadət xanımın qızların cehizindən çıxardığı qatı açılmamış mələfəni kiçik çamadanına qoyub həmişəlik gedir. 28 dekabr 1930-cu ildə Səadət xanım Moskvaya gedərək, 1907-ci ildə Bakıdan inqilabi fəaliyyətinə görə sürgün edilən, 1909-cu ildə yenidən bura qayıdan və M.Hacınski ilə yaxın münasibətdə olan Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü Serqo Orconikidzenin Kremldəki mənzilində onunla görüşür. Orconikidze Səadət xanımı hörmətlə qarşılayır: "Bəzi yoldaşlar məni onun günahkar olmağına inandırmaq istəsələr də, mən inanmıram. Siz evinizə qayıdın. Araşdırarıq. Əminəm ki, o, evinə qayıdacaq!" sözləri ilə ona ümid verir.

Həbsxanada təkadamlıq kamerada saxlanılan M.Hacınskinin göndərdiyi qısa məktublar əvəzsiz sənəd kimi bir sıra qaranlıq məqamlara işıq salır. Bu məktublarda kasıb ailəsinin ara-sıra ona yemək göndərməsindən əzab çəkən ata, "qutabı ətlə deyil, daha ucuz olan balqabaqla" bişirilməsini, evdə qoyub gəldiyi "köhnə qaloşlarının" ona çatdırılmasını, işlənmiş mələfənin yuyulub, kraxmallanıb geriyə göndərilməsini xahiş edir. Fasiləsiz dindirmələrdən əzab çəkən Məhəmməd Həsən bəy ailəsinin ərzaq və siqaretlə bərabər, ona göndərdiyi məktubları cavablandırmağa da vaxt tapırdı. Məktublarının birində yazır: "Mənim yazıq yetimlərim, ananızı incitməyin, ona qulluq edin. Mənə heç nə göndərməyin, burada hər şey var. Pianonu satın, ac qalmayın".

...Və 1931-ci ilin 8 fevralında mələfədən hazırladığı kəndirlə həbsxanada özünü asaraq, intihar edir".

Ağıya dönən nəğmə

Yazının əvvəlində qəhrəmanın taleyində "pəncərədən daş gəlir" sözləri ilə başlayan "Ay bəri bax" adlı bir mahnı olduğunu qeyd etmişdik. Nəğmə, həqiqətən, Məhəmməd Həsənin ömür yolunu özündə əks etdirir. Onun sevincli, fərəhli günlərindən faciəvi sonluğuna qədər yol gəlir. Bir növ, nəğmədən ağıya çevrilir. Sevgisinə hər zaman sadiq qalan Səadət xanım həyat yoldaşı ilə bu nəğmə-ağı vasitəsilə vidalaşır:

- "Məhəmməd Həsən bəyin ölümü həmin gün oğlu Şamillə həbsxanaya baş çəkən Səadət xanıma bildirilir. Ərinin nəşinin qaytarılmayacağını öyrənən Səadət xanım Orconikidzeyə teleqram vuraraq, ondan əriylə vidalaşmağa imkan yaratmağı xahiş edir. Sonra evə qayıdaraq halva çalan Səadət xanım uşaqlarını başına yığıb, mərhumun ruhuna dualar oxuyur. Uşaqlarına ağlamağı qadağan edən ana zəif səslə "Pəncərədən daş gəlir"i zümzümə edir. Uşaqlar da ona qoşulur və bu mahnını faciə ilə üzləşən ailənin ağısına çevirirlər.

Ertəsi gün Serqo Orconikidzenin göstərişi ilə Hacınski ilə vidalaşan Səadət xanım mərhumun şəxsi əşyası kimi onlara təqdim olunan xırda çamadanı götürüb evə qayıdır. Çamadandan çıxan mələfədən doğranıb- hazırlanan kəndir ailəyə ağır təsir edir. Mərhumun oğlanları həmin gecə kəndiri aparıb xəlvətcə, vaxtilə F.Xoyskinin və H.Ağayevin dəfn edildikləri məzarlıqda basdırırlar...

...Serqo Orconikidzenin tapşırığı ilə Hacınskilərə kəsilən cüzi təqaüd 1940-cı ilə qədər verilsə də, ailə üzvlərinin təqib olunması nəticəsində uşaqlar məktəbdən xaric olunur və iş yerlərini itirirlər. Mühacir kimi Avropaya üz tuturlar. Daha sonra Səadət xanım Almaniyada yaşayan oğlanları Şamil və Nuşirəvana məktub yazıb onlardan vətənə qayıtmalarını xahiş edir. Şamil geri dönsə də, atasının taleyini yaşamaq istəməyən Nuşirəvan ömürlük qürbətdə yaşamağı üstün tutur".

AİA.Az
Geri dön