Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > Səhiyyə Nazirliyi yeni Narkoloji Mərkəzi istifadəyə hazırlayır

Səhiyyə Nazirliyi yeni Narkoloji Mərkəzi istifadəyə hazırlayır


28-03-2018, 12:00. Yazar: admin
Səhiyyə Nazirliyi yeni Narkoloji Mərkəzi istifadəyə hazırlayır





Yeni Narkoloji Mərkəz bu ilin ikinci yarısında istifadəyə veriləcək. Bu barədə Səhiyyə Nazirliyindən bildirilib.

Rəsmi məlumata görə 4 korpusdan və 300 çarpayıdan ibarət olacaq müəssisə Sabunçu rayonunun ərazisində yerləşir.

Yeni Narkoloji Mərkəz müayinə və müalicə işini ən yüksək səviyyədə qurmaq üçün ən yeni müasir avadanlıqlarla təchiz edilib. Mərkəzdə narkoloji asılılıqdan müalicə alan insanlar müalicə olunacaq.

Rəsmi məlumatda eyni zamanda bildirilib ki, bu ilin mart ayında yanğın baş verən Respublika Narkoloji Mərkəzində müalicə alan xəstələr hələlik müalicələrini köhnə müəssisənin salamat korpusunda davam etdirir. Yeni Mərkəz istifadə verildikdən sonra xəstələrin köçürülməsi nəzərdə tutulub.

Xatırladaq ki, 2018-ci il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzdə çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatında qeyd olunur ki, hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması ilə bağlı Prezidentin tapşırığına əsasən, təxirəsalınmaz prosessual hərəkətlər və əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə zərərçəkmiş şəxslər və Mərkəzin tibb personalı şahid qismində dindirilib, zəruri ekspertizalar təyin edilib.

Narkoloji Mərkəzdə "alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları" diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub.

İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən Məhəmməd Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib.

Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk etdiyini göstərib.

Qeyd edilənlər şahid ifadələri, hadisənin baş vermə mexanizmi və Mərkəzdə olan müşahidə kameralarının görüntüləri ilə təsdiqlənib.

Məhəmməd Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.

Cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.(modern.az)

aia.az
Geri dön