Ana Sayfa > Karusel / Qərbi Azərbaycan > 1200 məktəbli qız abort etdirib? - Səhiyyə Nazirliyindən MÜNASİBƏT
1200 məktəbli qız abort etdirib? - Səhiyyə Nazirliyindən MÜNASİBƏT12-03-2018, 11:22. Yazar: admin |
Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova Azərbaycanda 1200 məktəbli qızın abort etdirməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. aia.az xəbər verir ki, S.Məmmədova Trend-ə açıqlamasında deyib ki, Azərbaycanda 1200 məktəbli qızın abort etdirməsi ilə bağlı yayılan məlumatları baş mütəxəssis kimi o da araşdırıb. S.Məmmədova bu məlumatın həqiqətə uyğun olmadığını, kimlərinsə şou yaratmaq üçün belə açıqlama verdiyini söyləyib: “Bu rəqəmin mənbəyi olmalıdır. Məlumatlar yalnız statistik rəqəmlər olduqda biz ona istinad edə bilərik. Digər tərəfdən, bizim tərbiyəmiz, mentalitetimiz yol vermir ki, 9-11-ci sinif şagirdləri abort etdirsin”. Baş mütəxəssis əlavə edib ki, Azərbaycanda şagirdlər arasında abortların olması halları tək-tük hallarda baş verir. Belə hallar baş verdikdə cinayət işləri açılır və KİV-lərdə məlumat verilir: “Şagirdlər arasında baş verən tək-tük abortlar qanuni şəkildə - tibbi göstərişlərlə icra edilir. Bu haqda mətbuatda rəsmi açıqlama verilir”. Azərbaycanda abortların icrasının qanuni əsaslarla həyata keçirildiyini deyən S.Məmmədova bildirib ki, bu məlumatlar şəffaf sistem əsasında toplanır. Buna görə də o qədər sayda gizlənmiş abortun olması mümkün deyil. O bildirib ki, hər bir tibb müəssisəsində abort edilən şəxsin şəxsiyyət vəsiqəsi ilə kart açılır. Qeydiyyatı aparılan bütün xəstələr barədə məlumatlar vahid elektron sistemdə toplanır. Buna görə də müraciət edən şəxslər barədə tələb olunan məlumatları oradan əldə etmək mümkün olur: S.Məmmədova məktəbyaşlı qızların abort edilməsini də çox təhlükəli hesab edir: "Heç bir həkim məktəbyaşlı qızların abort olunması məsuliyyətini öz üzərinə götürməz. Çünki məktəbyaşlı qızların orqanizmi tam yetişkən deyil. O qızlar hamilə qala bilərlər. Amma onların orqanizmi - qan sistemi, qaraciyəri və s. tam mükəmməl olmadığından belə qızları abort etdirmək onları doğuzdurmaq qədər böyük risk, təhlükəlidir". Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov mətbuata verdiyi açıqlamasında son 3-4 ildə 1200-ə qədər 9-11-ci sinif şagirdinin abort etdirdiyini açıqlayıb. Qeyd edək ki, 2016-cı ildə Azərbaycanda 34569 abort edilib. 2016-cı ildə edilən abortların 20323-ü 15-29 yaşlı qadınlaırn payına düşür. 2016-cı ildə 15-17 yaşlı qadınlar tərəfindən 19 (2015-ci ildə 50), 18-19 yaşlı qadınlar tərəfindən 1242 (2015-ci ildə 1425), 20-24 yaşlı qadınlar tərəfindən 7773 (2015-ci ildə 5983), 25-29 yaşlı qadınlar tərəfindən 11289 (2015-ci ildə 8573) abort edilib. aia.az Geri dön |