Ana Sayfa > Təhsil > ATU-da “İmmun sistemlə assosiasiya olan müxtəlif patoloji vəziyyətlər” adlı seminar keçirilib
ATU-da “İmmun sistemlə assosiasiya olan müxtəlif patoloji vəziyyətlər” adlı seminar keçirilib28-02-2018, 17:33. Yazar: admin |
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “İmmun sistemlə assosiasiya olan müxtəlif patoloji vəziyyətlər” adlı seminar keçirilib. Tədbiri giriş sözü ilə açan Tədris Terapevtik Klinikasının müalicə işləri üzrə direktor müavini Samir Allahverdiyev seminarın mövzusunun çox aktual olduğunu bildirdi. O qeyd etdi ki, immun sistemi orqanizmi ətraf mühitdən daxil olan yad və zərərli amillərdən, mikrob və viruslardan qoruyan xüsusi bir müdafiə mexanizmidir. Eyni zamanda, bu sistem orqanizmi özündə zədələnmiş, mutasiyaya uğramış və şiş hüceyrələrdən “təmizləyən” bir sistemdir: “İmmun sisteminin orqanizmin bütün digər sistemlərlə sıx əlaqəsi olduğundan, baş verən hər hansı bir patoloji prosesdə yerli və ümumi immun sistemi böyük rol oynayır. İmmunitetlə assosiasiya olunmuş vəziyyətlər bir çox xəstəliklərin kliniki əlamətləri şəklində də başlaya bilər. Bu səbəbdən də immun göstəriciləri xəstəliyin həm erkən, həm də dəqiq həlledici diaqnostik meyarları sayılır. Bu nöqteyi-nəzərdən seminarın keçirilməsinin bütün həkim-mütəxəssilər üçün çox faydalı olduğunu düşünürəm”. ATU-nun ET-İmmunologiya laboratoriyasının əməkdaşları son 7 il ərzində apardığı tədqiqatların nəticələrini seminar iştirakçılarının nəzərinə çatdırdılar. Professor Gülnarə Nəsrullayeva məruzəsində immundefisitlərin tibbin çoxşaxəli problemi olduğunu və müasir immun diaqnostikanın imkanlarından danışdı. Vəfa Məmmədova yenidoğulmuşlarda immun patologiyanın erkən dövrdə şübhə altına alınan səbəblərini göstərib, vaxtında qoyulan diaqnozun xəstələrin həyat keyfiyyətini yaxşılaşdırdığını bildirib. Belə ki, xəstələrdən düzgün yığılmış ailə anamnezi və erkən aparılan immunoloji müayinədə aşkar olunan ciddi çatışmazlıqlar körpədə anadangəlmə immun patologiya olduğunu müəyyən etməyə imkan verir. Digər məruzə immundefisitli xəstələrdə ən çox rast gəlinən respirator virus infeksiyalarının müalicə və profilaktika tədbirlərinə həsr olunub. Seminarda Tədris Terapevtik Klinikasının müalicə işləri üzrə direktor müavini S. Allahverdiyev, tədris və elm üzrə direktor müavini, dos. Adil Nuriyev, professorlardan Amaliya Əyyubova, Surxay Musayev, Ələkbər Həsənov, dosentlər, həkimlər və rezidentlər, laborator işçilər iştirak edib. Tədbirdə həmçinin Respublika Uşaq Klinik Xəstəxanası, Ə.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanası və Pediatriya İnstitutunun əməkdaşları, “Mediclub” və “Medical Plaza” Klinikalarından ümumilikdə, 60-dan yuxarı müxtəlif həkim-mütəxəssislər iştirak edib. Böyük maraqla qarşılanan seminar müzakirələrlə davam edib. aia.az Geri dön |