Ana Sayfa > Təhsil > ATU-da Xocalı soyqırımının 26-cı ildönümü anıldı

ATU-da Xocalı soyqırımının 26-cı ildönümü anıldı


22-02-2018, 15:14. Yazar: admin




Bu gün Azərbaycan Tibb Universitetində (ATU) Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunmuş tədbir keçirildi. Öncə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anıldı.

ATU-nun tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev Xocalıda baş verən hadisəni insanlığa qarşı törədilmiş ən qəddar və dəhşətli faciə adlandırdı. O bildirdi ki, tarixdə müxtəlif soyqırımılar baş verib. Ancaq Xocalıda törədilən soyqırımı dünyada analoqu olmayan terror aktıdır. Bu bəşəriyyətə, insanlığa qarşı törədilən bir qətliamdır: “Çünki ana övladının, uşaqlar valideynlərinin, qardaş bacının, nəvələr baba-nənənin gözü qarşısında qətlə yetirilib. Dünyada belə bir dəhşətli hadisə heç bir xalqda, heç bir dövrdə baş verməyib”.

S. Əliyev Xocalı soyqırımı zamanı 613 nəfərin qətlə yetirildiyini, yüzlərlə insanın əlil olduğunu, minlərlə insanın isə girov götürüldüyünü bildirdi: “Çox təəssüf ki, dünya birliyi bu faciəyə lazımi diqqəti yetirmir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə əsrin bu böyük faciəsi dövlət tərəfindən öz qiymətini alıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində demək olar ki, dünyanın bir çox ölkələrində tədbirlər, aksiyalar keçirilib, kitablar çap olunub”.

ATU-nun İnsan anatomiyası kafedrasının professoru Mübariz Allahverdiyev Xocalı soyqırımının qaranlıq məqamlarının araşdırılması üçün hələ çox işlərin görülməsinin vacibliyindən danışdı: “Xocalı və Xocalı soyqırımı, onun vətənpərvər, qürurlu, yenilməz, əyilməz qəhrəman övladları haqqında nə qədər deyilsə də, yazılsa da, onun mənəviyyat və dəyər mahiyyətinin açılmamış səhifələri, sirli məqamları qalmaqda davam edir. Xocalı haqqında xeyli dəyərli əsərlər ərsəyə gəlsə də, yenə də azdır. Çünki açılmamış düyünlər, deyilməmiş mətləblər çoxdur. Xocalı haqqında ümumiləşmiş monumental əsərlər nə zaman və kim tərəfindən yazılacaq? Bu soyqırımının səbəbkarları nə vaxt müttəhimlər kürsüsündə əyləşəcək? Onlar nə vaxt obyektiv ittiham ediləcək və lazımi cəzalarını alacaqlar? Bəşər övladları nə vaxt bu soyqırımını öz adı ilə adlandıracaq? Bütün bunlar hələlik sual altındadır. Çünki beynəlxalq aləmdə ikili yanaşma tərzi davam edir”. M. Allahverdiyev bəşəriyyətin ən dəhşətli faciəsini törədənlərin öz layiqli cəzalarını alacağına ümid etdiyini dedi.

ATU-nun İctimai fənnlər kafedrasının müdiri, professor Qoşqar Əliyev Xocalı soyqırımının ermənilərin törətdiyi ən böyük vəhşilik kimi tarixə düşdüyünü dedi: “Bu hadisə erməni daşnaklarının dinc əhalinin başına gətirdiyi dəhşətli, heç bir normaya sığmayan beynəlxalq terrorizm nümunəsi kimi qiymətləndirilməlidir. Mən Ulu Öndərimiz Heydər Əliyevin Xocalı qoyqırımı barədə dediklərini

xatırlatmaq istəyirəm. O deyirdi ki, tarix düzgün yazılmalıdır. Heydər Əliyev 1990-cı ildə faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edib. Ümumilli lider bu hadisəni hüquqa, demokratiyaya yad, humanizmə və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etdiyini bildirib”.

ATU-nun Mikrobiologiya və immunologiya kafedrasının dosenti Səidə Zeynalova bildirdi ki, Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır, bəşər tarixinin qara səhifəsidir. S. Zeynalovanın sözlərinə görə, hələ Sovetlər dövründə Dağlıq Qarabağın bir çox bölgəsində 11 illik orta məktəb yox idi. 7 illik məktəbi bitirdikdən sonra şagirdlər təhsillərini Xankəndi şəhərindəki 4 nömrəli məktəbdə davam etdirirdilər: “Belə bir dövrdə mənim atamı Xocalıya məktəb direktoru təyin etdilər. O, çox böyük çətinliklə Dağlıq Qarabağ Muxtar Vilayətinin rəhbərliyindən azərbaycanlıların yaşadığı ən böyük yaşayış məskni olan Xocalıda tam orta məktəb açmağa icazə aldı, orada məktəb binası tikdirdi. 1992-ci ilədək Xocalıda 7000 əhali yaşayırdı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xankəndi şəhərində dislokasiya olunmuş keçmiş SSSR-nin 366-c motoatıcı alayının vəsaitləri ilə silahlanmış ermənilər Xocalıya hər tərəfdən hücuma keçdi. Xocalı şəhəri səhər saat 5-ə kimi erməni işğalçıları tərəfindən zəbt edildi. Bir gecənin içində qədim Xocalı yerlə-yeksan oldu. Dinc əhalinin bir hissəsi güllələnib öldürüldü, bir hissəsi soyuqdan donaraq həlak oldu, əksəriyyəti itkin düşdü, bəziləri ömürlük əlil qaldı. Yaxşı ki, ermənilərin törətdiyi bu vəhşilikləri ATU-nun məzunu olan telejurnalist Çingiz Mustafayev sızlıya-sızlıya öz kamerasına çəkib və bu görüntülər bütün dünyaya yayılıb”.

Tələbələr adından çıxış edən ATU-nun II müalicə-profilaktika fakültəsinin VI kurs tələbəsi Xatun Məmmədova ermənilərin qətlə yetirdiyi günahsız insanların qanının yerdə qalmayacağına inandıqlarını dedi.

Tədbirdə qeyd olundu ki, 1992-ci ilin 26 fevralında Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərində ermənilər tərəfindən törədilmiş qətliam nəticəsində 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirilib, 1275 sakin girov götürülüb, 150 nəfərin taleyi isə bu günədək naməlum qalır.

aia.az



Geri dön