Ana Sayfa > Siyasət > İlyas İsmayılovun vahid namizəd müzakirəsi nəticəsiz qalıb: “Cəmiyyətə nümunə göstərmək istədik”

İlyas İsmayılovun vahid namizəd müzakirəsi nəticəsiz qalıb: “Cəmiyyətə nümunə göstərmək istədik”


22-02-2018, 12:27. Yazar: admin
İlyas İsmayılovun vahid namizəd müzakirəsi nəticəsiz qalıb: “Cəmiyyətə nümunə göstərmək istədik”


Hələ keçən il bəzi KİV-lərdə Ədalət Partiyasının sədri İlyas İsmayılovun digər bir müxalifət partiyasının lideri ilə növbəti prezident seçkilərində vahid namizədlə çıxış etmək barədə müzakirələr apardığı barədə informasiyalar yayılmışdı. Partiya sədrinin özündən və köməkçisindən bu barədə konkret fikirlər söylənməsə də, bəzi sətiraltı etirafları, məlumatları, araşdırıb təhlil etdikdən sonra bu qənaətə gəlmişdik ki, vahid namizədlə bağlı müzakirələr aparıldığı ikinci şəxs Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı olub. Sabir bəy özü isə məsələyə belə münasibət bildirmişdi: “İlyas İsmayılovla biz dostuq. Parlament seçkilərində də vahid blokumuz var idi. Prezident seçkiləri ilə də bağlı ümumi söhbətlərimiz olub, ancaq qərar səviyyəsində ortada bir şey yoxdur”.


Sabir Rüstəmxanlı mövzunu genişləndirməyə imkan verməsə də, onun “qərar səviyyəsində bir şey yoxdur” ifadəsi ortaya maraqlı sual çıxarır: Əgər hər iki lider bu qədər yaxın dostdurlarsa, seçki ilə bağlı müzakirələr aparıblarsa, o zaman nədə razılaşmayıblar ki, vahid bir qərar qəbul edə bilməyiblər? İlk ağıla gələn cavab bu ola bilərdi ki, yəqin, hər iki lider özünün vahid namizədliyini qəbul etdirmək istəyib, lakin, dostluq səviyyəsi bu məsələdə güzəştə getməyə kifayət etməyib.

Modern.az saytı bütün bunlara aydınlıq gətirmək üçün İlyas İsmayılovdan müsahibə alıb. Müsahibədə mövzuyla bağlı bütün məqamlara tam aydınlıq gətirə bilməsək də, bizi maraqlandıran bəzi suallara cavab ala bildik. Məlum oldu ki, müzakirələr heç də onların hər hansı birinin yox, heç kimin güman etmədiyi üçüncü bir şəxsin vahid namizədliyini dəstələməklə bağlı aparılıb və “qərar səviyyəsində bir nəticə əldə olunmayıb”.

Artıq seçkilərə start verilib və namizədlərin irəli sürülməsi üçün müəyyən edilmiş gerisayım başlayıb. Görəsən, liderlər bu darmacalda yekun qərar verə biləcəklərmi? İlyas İsmayılovla müsahibədə bu məqama aydınlıq gətirməyə çalışdıq:


- İlyas müəllim, artıq mətbuatda prezident seçkilərində iştirak etməyəcəyinizi birmənalı şəkildə bildirmisiniz. Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da təxminən eyni ovqatdadır, seçkilərdə öz namizədliyini irəli sürəcəyi və ya partiyanın seçkilərdə iştirak edib-etməyəcəyi barədə heç bir mövqe bildirmir. Halbuki, siz hələ keçən il 2018-ci il prezident seçkilərində vahid namizəd irəli sürmək barədə müzakirələr aparmısınız. Nəyə görə müzakirələrin yekununda Sabir bəyin də dediyi kimi, vahid qərar qəbul edə bilməmisiniz? Bu kimin günahı üzündən baş tutmayıb, siz hansınızın vahid namizəd kimi irəli sürüləcəyini nəzərdə tuturdunuz?


- Vahid namizəd barədə yekun qərar qəbul edilməməsində nə mənim, nə də Sabir bəyin təqsiri var. Məsələ ondadır ki, biz heç birimizin namizədliyini nəzərdə tutmamışdıq. Biz tamamilə fərqli, üçüncü bir şəxsin prezident seçkilərində namizədliyini irəli sürüb, müdafiə etmək barədə müzakirələr apardıq, lakin namizədliyi müzakirə olunan şəxs son nəticədə təklifdən imtina etdiyi üçün bu təklifi partiyadaxili müzakirəyə çıxarmadıq və heç bir qərar da qəbul olunmadı. Burada qaranlıq və müəmmalı məqamlar axtarmağa heç bir ehtiyac yoxdur.


- Sualımızın bu hissəsinə cavab alsaq da, açığını deyək ki, Azərbaycan müxalifətinin siyasi mentaliteti üçün qətiyyən xarakterik olmayan bir halla rastlaşdığımız üçün təəccübümüzü etiraf edib, bundan doğan başqa bir suala da cavab almaq istəyərdik.
Bizdə aparıcı, böyük partiyalar bir yana, az-çox tanınan, orta səviyyəli partiya liderləri belə bir qayda olaraq, prezident seçkilərində yalnız öz namizədliklərini irəli sürmək uğrunda mübarizə aparırlar. Məhz buna görə dəindiyə qədər müxalifət prezident seçkilərinə bir dəfə də olsun vahid namizədlə gedə bilməyib. Siz hər ikiniz lider olaraq kifayət qədər nüfuz sahibisiniz. Belə bir şəraitdə üçüncü şəxsin namizədliyini irəli sürsəydiniz bu, digər müxalifət partiyaları üçün də böyük örnək olardı. Ola bilərmi ki, bu barədə Sabir bəylə bu razılaşma əldə etmisiniz, ancaq müəyyən taktiki gedişlərə görə hələlik açıqlamırsınız. Yaxud ola bilərmi ki, bu məsələ hələ gündəlikdən çıxmayıb və yaxın günlərdə seçicilərin yanaşmasını təzələyəcək, maraqlandıracaq və seçkiləri canlandıracaq vahid bir razılaşma əldə edəcəksiniz?


- Təəssüf ki, yox. Bu məsələ bir il bundan əvvəl həmin şəxsin Azərbaycana gəlişi zamanı müzakirə olunmuşdu, o da təklifimizi dəyərləndirib, qərar verəcəyini bildirmişdi. Sonradan əlaqə saxlasaq da, o çalışdığı sahə üzrə karyerasını davam etdirmək niyyətində olduğunu bildirib, təklifi qəbul etmədi. Bununla da müzakirələr gündəlikdən çıxarıldı.


-Bu cür seçim edərkən hansı kriteriyaları əsas götürmüşdünüz? Elə yüksək dəyərə layiq gördüyünüz şəxs kim idi? Ümumiyyətlə, təklif sizdənmi, Sabir bəydənmi gəlmişdi?


- Təklif məndən gəlmişdi. Ümumiyyətlə, çox ciddi tələblər nəzərə alınmışdı, Sabir bəy də birmənalı şəkildə bəyənmişdi. Ancaq olub keçən bir məsələ üzrə həmin şəxsin kimliyini açıqlamaqla ona problemlər yaratmağa ehtiyac görmürəm.


- Heç olmasa fərqli seçimə səbəb olmuş motiv və kriteriyaları bilmək potensialı seçici olan oxucularımız üçün seçkilərdə bir ipucu olardı.


- Motiv seçki prosesinə fərqli və sağlam yanaşma tərzi - hakimiyyəti saxlamaq və ya hakimiyyətə gəlmək üçün uzun illərdir davam edən ənənədən yan keçmək, seçim kriteriyası isə cəmiyyətə yüksək potensiallı, yeni gənclik təqdim etmək.


- Vaxt xeyli məhdud olsa da, bu tələblərə cavab verən yeni bir namizəd ortaya çıxarsa, partiyalarınız yenə də vahid namizədlə çıxış edə bilərmi?


- Xeyr. Prezident seçkilərinin 6 ay önə çəkilməsi müxalifət üçün tam gözlənilməz oldu, onu hazırlıqsız yaxaladı. İqtidar isə belə qərar verməyi, görünür, alternativ variant kimi öncə nəzərdə tutubmuş, hakimiyyətin əlində olan böyük resursları da nəzərə alsaq, demək olar ki, artıq seçki iqtidar və müxalifət üçün bərabər şərtlər daxilində keçirilmir. Ona görə də Ədalət Partiyası bu seçkilərdə iştirak etmir.


- Əgər müxalifət vahid namizəd barədə razılaşmaya gəlsə, siz o namizədi müdafiə edəcəksinizmi?


- Baş verməmiş hadisə və bəlli olmayan şəxsiyyət barədə əvvəlcədən nə rəy söyləmək olar? Vahid namizədin şəxsiyyətinin kimliyindən asılı olaraq, fikirləşərik.



Söhbətləşdi: S.Mahmudlu

aia.az
Geri dön