Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > Azərbaycanda hamilə qadınlara elektron nəzarət ediləcək
Azərbaycanda hamilə qadınlara elektron nəzarət ediləcək20-02-2018, 16:01. Yazar: admin |
Ana və uşaq sağlamlığının profilaktikası üçün yönəlmiş hamiləliyin registri proqramı artıq fəaliyyətə başlayıb. Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, baş mama-ginekoloq, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova AzVision.az-a bildirib ki, hamiləliyin registri vasitəsilə hamilə qadınlarda fəsadlaşma olan zaman onlara təcili müdaxilə etmək mümkün olacaq. “2014-2016-ci illərdə ana və uşaq sağlamlığının qorunmasına dair Dövlət Proqramında hamiləliyin registrinin təkmilləşməsi nəzərdə tutulmuşdu. Bununla bağlı Səhiyyə Nazirliyində müəyyən tədbirlər həyata keçirilib. Bu tədbirlərdən biri də registri təkmilləşdirərək onun bütün Respublikada antenantal qulluq göstərən doğuşayardım tibb müəssisələrində tətbiq etmək idi. Təkmilləşmə ilə əlaqədar son iki ayda hazırlıq işləri aparılıb və fevralın 13-də Respublika Perinatal Mərkəzin nəzdində ilk seminar məşğələ təşkil olunub. Burada Bakı Şəhər Səhiyyə İdarəsinin tabeliyində olan antenantal qulluq göstərən 19 tibb müəssisəsinin həkimləri, hamiləliyin registrinə cavabdeh olan şəxslər, baş həkimlər dəvət olunaraq registr təqdim olunub”. S.Məmmədova qeyd edib ki, registr hamilə qadının hara müraciət etməsindən asılı olmayaraq, onun haqqında məlumatı tez zamanda əldə etməyə imkan verəcək: “Məsələn, hamilə qadın 2 nömrəli qadın məsləhətxanasına müraciət edib və yoxlanıb, müəyyən müddətdən sonra rayona gedib. Orada getdiyi həkim registrə daxil olmaqla məlumatları əldə edə biləcək. Xəstənin problemlərini kağız daşıyıcılar olmadan biləcək. Bu proqram vasitəsilə baş həkim öz işçilərinin fəaliyyətinə istənilən vaxt elektron qaydada nəzarət edəcək. Həmçinin rəhbər strukturlar istənilən vaxt registrin nəzarət bölməsinə daxil olaraq həkimlərin fəaliyyətinə, hamilələrin sayına, xəstəliyi olanların qeydiyyata düşməsinə baxa biləcək. Registr hamilə qadınlarda yoxlamalar zamanı üzə çıxan xəstəlikləri, ürək qüsurları olması, hamiləliyin fəsadlaşması və digər problemləri əvvəlcədən görməyə və tez zamanda lazımi addımlar atmağa imkan verəcək. Mart ayının sonuna kimi Respublikanın 63 bölgəsinin registri təqdim ediləcək. Eyni zamanda respublikada olan 12 özəl tibb müəssisəsi üçün registrin təqdimatı keçiriləcək və onlar bu prosesə qoşulacaq. Buna səbəb hamilələrin özəl klinikalara qaçmasıdır. Müəyyən müddətdən sonra fəsadlaşma meydana gələndə, pul qurtaranda onlar dövlət müəssisəsinə üz tuturlar. Dövlət müəssisənə gələn zaman özəl xəstəxanada necə və nədən müalicə aldıqları barədə məlumat ala bilmirik. Onlar registrə qoşulduqda məlumatları rahatlıqla istifadə edib qadınlara lazımi yardımı göstərə bilərik”. aia.az Geri dön |