Ana Sayfa > Manşet / Təhsil / Seçilənlər-2 > Orta tibb kadrlarının hazırlığı yüksək səviyyədədir
Orta tibb kadrlarının hazırlığı yüksək səviyyədədir19-02-2018, 11:27. Yazar: admin |
2 saylı Bakı Baza Tibb Kollecinin yetişdirdiyi mütəxəssislər bu gün bir çox xarici ölkələrdə də tibbin müxtəlif sahələrində uğurla çalışırlar Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz yazılarda da qeyd etdiyimiz kimi, son illər ölkəmizdə qabaqcıl təhsil modelinin bərqərar olunması məqsədilə dövlət səviyyəsində bir çox əhəmiyyətli tədbirlər həyata keçirilir, konkret təhsil müəssisələrinin fəaliyyət səmərəliliyinin yüksəldilməsi üçün müvafiq islahatlar tətbiq olunur. Əlbəttə ki, bu islahatlar sadəcəTəhsil Nazirliyinin tabeliyində olan müəssisələri əhatə etmir. Belə ki, tədris profilinə, burada hazırlanan mütəxəssislərin ixtisas yönümünə görə digər qurum və nazirliklərin tabeliyində olan təhsil müəssisələri də həyata keçirilən dövlət islahatlarından yetərincə faydalanırlar. Belə təhsil müəssisələrindən biri də orta tibb kadrlarının hazırlığı və təkmilləşdirilməsi üzrə ixtisaslaşmış 2 saylı Bakı Baza Tibb Kollecidir (BBTK). Məlumat üçün bildirək ki, bu kollec 1975-ci ilin yanvar ayında Ulu Öndər Heydər Əliyevin şəxsən iştirakı ilə açılmış və fəaliyyətə başlamışdır. Səhiyyə Nazirliyinin tabeliyində olan, dövlət statuslu təhsil müəssisəsidir. Burada 7 ixtisas üzrə - mamalıq, feldşer, tibb bacısı, diş texniki, sanitar-feldşer, feldşer-laborant və əczaçı - orta tibb kadrlarının hazırlığı həyata keçirilir. Fəaliyyət göstərdiyi müddətdə Respublikamızın səhiyyə müəssisələri üçün on minlərlə peşəkar orta tibb işçisi hazırlayan BBTK-də həmçinin orta tibb işçisi və əczaçı ixtisas təhsilli tibb işçilərinin ixtisaslaşdırma və təkmilləşdirmə kurslarıda fəaliyyət göstərir. Kollecin direktoru Tibb Elmləri Namizədi Dilarə xanım Məmmədəliyevadır. Qısa arayış: Dilarə Əli qızı Məmmədəliyeva 1955-ci ildə Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. 1972-ci ildə, Nəsimi rayonu 23 saylı məktəbdə orta təhsilini başa vurduqdan sonra, Azərbaycan Tibb İnstitutunun Stomotaloji fakültəsinə qəbul olmuş və institutu 1977-ci ildə bitirmişdir. 1977-ci ildən 1978-ci ilə qədər 1 saylı şəhər poliklinikasının stomatoloji şöbəsində həkim-interna kimi çalışmışdır. 1978-ci ildən 1982-ci ilə qədər isə, 1 saylı uşaq stomatoloji poliklinikasında həkim-stomotoloq işləmişdir. 1985-1986-cı illərdə Semaşko adına 1 saylı kliniki xəstəxananın “Üz-çənə cərrahiyə” şöbəsində həkim-ordinator işləmişdir. 1986-1990-cı illərdə 2 saylı Bakı Baza Tibb Məktəbində müəllim işləmişdir. Bu dövrdə “Diş xəstəlikləri” kabinet müdiri, “Diş texnikliyi” fənnbirləşmə sədri təyin olunmuş, həmçinin ictimai əsaslarla “Tibbi profilaktika”, “Ortepedik stomatologiya” şöbələrinin müdir müavini kimi də çalışmışdır. 1990-1992-ci illərdə 2 saylı Bakı Baza Tibb Məktəbinin tədris-hissə müdiri, 1992-2006-cı illərdə tədris-tərbiyə işləri üzrə direktor müavini, 2006-2007-ci illərdə isə direktor əvəzi vəzifələrində çalışmışdır. 2007-ci ildən 2 nömrəli Bakı Baza Tibb Kollecinin direktoru vəzifəsində işləyir. 1989-cu ildə ali dərəcəli həkim-stomotoloq adına layiq görülmüşdür. 1989-cu ildə Tbilisi şəhərindəki Həkimləri Təkmilləşdirmə İnstitutunda “Aşağı tezlikli ultrasəs kavitasiyası ilə uşaqlarda üz-çənə nahiyyəsinin kəskin iltihabi proseslərinin müalicəsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib və tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. 17 elmi işin müəllifidir. Hazırda Dilarə xanımın rəhbərlik etdiyi 2 saylı Bakı Baza Tibb Kollecində kifayət qədər təcrübəli və olduqca savadlı müəllim heyəti çalışır. Kollecin müəllimləri arasında elmlər namizədləri, əməkdar müəllimlər də var. Kollecin yetişdirdiyi mütəxəssislər isə, bu gün sadəcə ölkəmizdə deyil, həmçinin bir çox xarici ölkələrdə də tibbin müxtəlif sahələrində uğurla çalışırlar. Kollecdə təhsil kredit sistemi ilə aparılır. Tədris planlarının şəffaflığını təmin edən bu sistem həm də təhsil proqramlarının ölkədə və xaricdə tanınmasına imkan verir, tələbələrə digər təhsil müəssisələrində təhsillərini davam etdirməyə şərait yaradır. Qeyd edək ki, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları aradan qaldırmaq məqsədilə kollecdə Münaqişə komissiyası və “Qaynar xətt” xidməti təşkil olunub. Əminliklə demək olar ki, tibb sahəsinə marağı olan, tibb işçisi kimi şərəfli peşəyə yiyələnmək istəyən gənclərimiz məhz 2 saylı Bakı Baza Tibb Kollecinə gəlməklə ən düzgün seçimi etmiş olarlar. aia.az Murad Həsənov Geri dön |