Ana Sayfa > Manşet / Ölkə / Seçilənlər-5 > AMEA Polimer Materialları İnstitutu tərəfindən AÇIQLAMA
AMEA Polimer Materialları İnstitutu tərəfindən AÇIQLAMA12-02-2018, 11:54. Yazar: admin |
AMEA Polimer Materialları İnstitutunun Kadrlar şöbəsinin keçmiş rəisi Ağayev Əlibala Eldar oğlu müxtəlif kütləvi informasiya vasitələrində institutun və AMEA-nın rəhbərliyinə qarşı heç bir əsası olmayan, böhtan xarakterli, həqiqəti əks etdirməyən, tamamilə yalan məlumatlar yaymışdır. Əvvəla onu qeyd edək ki, 2014-cü ildə müvafiq sahədə ixtisası olmadığı halda, əvvəlki rəhbərlik , onun məcburi köçkünlüyünü və dörd övlad atası olmasını nəzərə alaraq, Əlibala Ağayevi işə qəbul etmişdir. Əlibala Ağayev dələduzluğa görə cinayət məsuliyyətinə cəlb olunmasını və məhkumluq həyatı keçirməsini işə qəbul olunan zaman kadrlar uçotunun şəxsi qeydiyyat vərəqəsində və tərcümeyi-halında göstərməmişdir. Aidiyyatı qurumların araşdırmasından sonra məlum olmuşdur ki, o, əvvəllər bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Ağayev Əlibala işlədiyi müddətdə də “dələduzluq” fəaliyyətindən əl çəkməmiş, vətəndaşları aldadaraq “borc” pul almış, borcu ödəməkdən imtina etmiş və Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-57saylı, 16.12.2015-ci il icra sənədi ilə həmin borcun onun əmək haqqından tutulması qət olunmuşdur. Laçın Rayon Məhkəməsi Ağayev Əlibala Eldar oğlu haqqında yaranmış məhkəmə zərurəti ilə əlaqədar məlumat (17.10.2016 tarixli 1/96 saylı müraciət məktubu) istəmişdir. Bundan əlavə, vətəndaşların belə səpgidə qeydiyyata alınmayan çoxsaylı şifahi müraciətləri olmuşdur. Əlibala Ağayev Polimer Materialları İnstitutunda işləyən zaman qulluq mövqeyindən sui-istifadə etmişdir. O, işə yeni qəbul olunan, əmək müqavilələri uzadılan şəxslərdən müəyyən təmənna gözləmiş və qeyri qanuni sənədləşmə aparmışdır. O, institutun işçilərinə, o cümlədən qadın əməkdaşlara qarşı münasibətdə etik davranış qaydalarına riayət etməmişdir. Bu hallar həm Sumqayıt şəhərində, həm də institut daxilində sosial narazılığın yaranmasına səbəb olmuşdur. İşlərində yol verdiyi ciddi nöqsanlara görə Ağayev Əlibala Eldar oğluna PMİ-nin Elmi Şurası tərəfindən xəbərdarlıq edilmiş (30.03.2017 tarixli iclasın qərarı ilə) və AMEA prezidentinin sərəncamı ilə (№191, 07.04.2017) töhmət verilmişdir. Bütün bu qeyd edilənlər nəzərə alınaraq, Ağayev Əlibala Eldar oğlu ilə bağlanmış əmək müqaviləsinə, müqavilənin müddətinin qurtarması ilə əlaqədar 30 iyun 2017-ci il tarixindən xitam verilmişdir, yəni o, qanuni əsaslarla işdən azad edilmişdir. Lakin Əlibala Ağayev iddia edir ki, işdən çıxarılmasına dair tapşırıq AMEA İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə elmlər doktoru Fətəli Abdullayevdən alınıb. Bildirirəm ki, Əlibala Ağayevin işdən çıxarılması ilə bağlı Fətəli müəllimdən heç bir “tapşırıq” gəlməmişdir. İddiasının Ali Məhkəmədə baxılmasına qərar verildiyinə baxmayaraq, Ağayev Əlibala Eldar oğlu AMEA-nın və Polimer Materialları İnstitutunun rəhbər işçiləri barədə əsassız ittihamları internetdə müxtəlif saytlarda yerləşdirmiş, dövrü mətbuatda “ictimailəşdirmiş” və bu yönümdə Polimer Materialları İnstitutunun direktoruna “xəbərdarlıq” və müəyyən mənada “hədə” məktubu ilə müraciət etmişdir. Bundan başqa, Əlibala Ağayev Polimer Materialları İnstitutunun təmiri üçün üç milyon manat ayrıldığına və vəsaitin təyinatı üzrə xərclənmədiyinə dair yalan məlumat yayıb. Bu da onun ictimai rəyi çaşdırmağa yönəlmiş növbəti cəhdindən başqa bir şey deyil. Beləki, 2013-cü ildən, yəni Fətəli Abdullayevin AMEA-da çalışdığı müddətdə instituta əsaslı təmir üçün heç bir vəsait ayrılmamışdır. “Sumqayıt” Mənzil Tikinti Kooperativindən mənzil alınması məsələsinə gəldikdə isə onu ictimaiyyətin nəzərinə çatdırırıq ki, AMEA İşlər İdarəsinin müdiri Fətəli Abdullayev və AMEA Polimer Materialları İnstitutunun rəhbərliyi, AMEA-nın və Polimer Materialları İnstitunun mənafeyinə ziyan gətirə biləcək qanun pozuntusuna yol verməmişdir. AMEA Polimer Materialları İnstitutu 52-ci ildir ki, fəaliyyət göstərən nüfuzlu dövlət elmi-tədqiqat müəssisəsidir. İnstitutda 89 elmi işçi, o cümlədən 12 elmlər doktoru, 40 kimya üzrə fəlsəfə doktoru və AMEA-nın 5 müxbir üzvü çalışır. Polimer Materialları İnstitutunun nüfuzuna xələl gətirilməsinə, institut alimlərinin, eləcə də AMEA-nın rəhbər işçilərinin ünvanına yalan və böhtan xarakterli əsassız ittihamlar irəli sürülməsinə yol verilə bilməz. Bununla əlaqədar olaraq, yaxın zamanlarda Əlibala Ağayev haqqında lazımi ölçü götürülməsi üçün müvafiq səlahiyyətli qurumlara müraciət ediləcəkdir. Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, k.ü.e.d., professor Bəxtiyar Məmmədov aia.az Geri dön |