Ana Sayfa > Ölkə > “Ülviyyəni vurub öldürən sürücüdən şikayət edəcəyik” – Mərhum jurnalistin BACISI
“Ülviyyəni vurub öldürən sürücüdən şikayət edəcəyik” – Mərhum jurnalistin BACISI10-02-2018, 15:24. Yazar: sevinc1 |
Təəssüf ki, son illər media sahəsində xoş xəbərlər eşitməklə yanaşı, dünyasını dəyişən həmkarlarımızın ölüm xəbərlərinə də sarsılmışıq. Dünyasını dəyişən qələm sahibləri arasında xüsusilə gənc yaşlarında vəfat edənlərin, həyatdan erkən köçənlərin olması təəssüflə xatırlanır. Belə jurnalistlərdən biri də Ülviyyə Şamilqızıdır. O, uzun müddət Azərbaycan mətbuatında fəaliyyət göstərib. Bir sıra KİV-lərdə, o cümlədən “Xalq Cəbhəsi” qəzetində, “Report” İnformasiya Agentliyində çalışıb. Fəaliyyəti dövründə dəfələrlə jurnalistlər arasında keçirilən müsabiqələrin qalibi və mükafatçısı olub. Ü.Şamilqızı təhsilini davam etdirmək üçün ötən ildən Rusiyanın Həştərxan şəhərində yaşayırdı. Modern.az saytı mərhum jurnalistin bacısı Aynurə Məmmədova ilə həmsöhbət olub. Aynurə Məmmədova hələ uşaq ikən Ülviyyəni qəyyumluğa götürüb. O, deyir ki, Ülviyyənin ölümünü hələ də qəbul edə bilmirlər: “Ülviyyənin 6 yaşı olanda biz atamızı itirdik. O, bacı kimi çox yaxşı biri idi. Onun 14 yaşı olanda anam rəhmətə getdi və himayəmə götürdüm, bacımı mən böyütdüm. Jurnalistikaya ilk addımlarını atanda da yanında idim, ona dəstək oldum. Ülviyyənin məqsədi olanda dayanmadan, gözüyumulu ona tərəf gedirdi. İstədiklərini əldə edən qız idi. Məsələn, həmişə universitetdə oxuyub diplom almaq istəyirdi. 2012-ci ildə də universitetə qəbul oldu. Bu ilin mart ayında diplom almalıydı. Çılğın, dəlisov, çox həyatsevər qız idi”. Aynurə Məmmədova deyib ki, Ülviyyənin yoxluğunu hər zaman hiss edirlər: “Həqiqətən indi bizim üçün çox çətindir. Bizim canımız gedib. Buna görə də sözsüz ki, Ülviyyəni vuran sürücünün həbs edilməsi üçün şikayət edəcəyik. Düzdür, bu ciddi situasiya hesab edilmədiyi üçün sürücü elə də ağır cəza almayacaq. Amma yenə də ən azından cəzasız qalmamalıdır. Sadəcə olaraq Ülviyyənin 40 mərasiminə görə şikayət etmək üçün ora gedə bilmirik. Amma hazırda cinayət işi açılıb. Sürücünün eləcə adını bilirik, hələ ki soyadını bizə demirlər. Ümumiyyətlə cinayət işi ilə əlaqəli hələki açıqlama vermirlər”. Müsahibimizin sözlərinə görə, mərhum jurnalistin iki arzusu var idi: “Bilirsiniz, atamız Şamil Məmmədov Qarabağ müharibəsində 1992-ci il oktyabr ayının 31-də əsgərləri Ağdərə rayonundakı hərbi-hissəyə təhvil verib qayıtmaq tapşırığı alsa da, əsgərləri təhvil verdikdən sonra geri qayıtmayıb. O vaxt atamın nə ölüsündən, nə dirisindən xəbərimiz var idi. Ondan sonra şəhid statusu verdilər. Hamımızın , Ülviyyənin də ən böyük arzusu atam haqqında nəsə məlumat almaq idi. Onun başqa bir arzusu ailə həyatı qurmaq idi. Yayda da toyu olacaqdı...”. Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Həştərxan Vilayəti üzrə Polis İdarəsinin yaydığı məlumata görə, Ü.Şamilqızını adı açıqlanmayan 30 yaşlı şəxsin idarə etdiyi “Volkswagen Passat” markalı avtomobil vurub. Hadisə tənzimlənməyən piyada keçidində baş verib. Şosenin həmin hissəsindən piyadanın keçməsi qayda pozuntusu sayılmır. Orada işıqfor və keçid üçün zolaq qoyulmadığından tənzimlənməyən piyada keçidi adlanır. Faktla bağlı Rusiya DİN-nin İstintaq İdarəsinin Həştərxan vilayəti üzrə şöbəsində prosessual yoxlama aparılır. Mərhum Gəncə şəhərindəki qəbiristanlıqda torpağa tapşırılıb. aia.az Geri dön |