Ana Sayfa > Manşet / Ölkə > Nazirlik Bayıldakı SON DURUM barədə: Vəziyyət stabilləşib
Nazirlik Bayıldakı SON DURUM barədə: Vəziyyət stabilləşib1-02-2018, 17:19. Yazar: admin |
Yanvar ayı ərzində Bayıl yamacında – Teleqüllənin yaxınlığında sürüşmənin dinamikasında aktivlik müşahidə edilsə də, son bir neçə gün ərzində orada sürüşmə ilə bağlı vəziyyət stabilləşib, monitorinq məqsədilə quraşdırılmış mayaklarda çatlar əmələ gəlməyib. aia.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. Nazirlik rəsmisi ərazidəki tədqiqat işlərinin demək olar ki, yekunlaşdığını söyləyib. Mütəxəssis əlavə edib ki, hazırda monitorinqlərin nəticələri araşdırılır: "Bayıl yamacında baş verənlər sürüşmə-çökmə-oturma prosesidir. Bu proses təbii amillərin – yağışların, yaxud yeraltı suların təsirindən ola bilər. Yamacın müxtəlif məqsədlər üçün şaquli kəsilməsi də sürüşmənin baş verməsinə təsir göstərən amillərdəndir. Amma bütün bu amillər bir gündə deyil, zaman-zaman yamacın geoloji strukturunda dəyişikliklər yaradıb”. R.Həsənov bildirib ki, Bayıl yamacındakı sürüşmənin qarşısının alınması üçün yamacın aşağı hissəsində istinad divarının tikilməsi, yamacın yuxarı hissələrində suvarmadan məhdudiyyətlə istifadə edilməsi, yağış sularının müəyyən qədər istiqamətləndirilməsi kimi tədbirlər həyata keçirilməlidir. Bayıl yamacının yükünün azaldılması üçün ərazidəki evlərin sökülməsinə ehtiyacın olub-olmadığına gəldikdə, R.Həsənov bildirib ki, evlər yamacın aşağı hissəsindədir: "Yuxarı hissədə evlər yoxdur. Çatların qeydə alındığı ərazi yamacın yuxarı hissəsindədir, evlərdən çox uzaqdadır. Sakinlərin evlərdən köçürülməsində məqsəd də təhlükəsizliyin təmini olub. Çünki yuxarı hissədən böyük süxur kütlələri axaraq evləri basa bilər. İstinad divarı yamacın aşağı hissəsindən tikilməlidir. Orada da evlər var. Araşdırmalardan sonra ehtiyac olarsa, sakinlər oradan köçürürlə bilər. Lakin bu məsələ ilə aidiyyatı dövlət qurumları məşğul olurlar”. Qeyd edək ki, Bayıl qəsəbəsində sürüşmə zonasında prosesin aktivləşməsi nəticəsində evlərdə çatların sayı artıb. Sürüşmə zonasında 90-a yaxın ev qəzalı vəziyyətdədir. Sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində (RİH) Xüsusı Qərargah yaradılıb. aia.az Geri dön |