Ana Sayfa > Manşet / Təhsil > Təhsil islahatlarının səmərəlilik göstəricisi – Gəncə Dövlət Regional Kolleci

Təhsil islahatlarının səmərəlilik göstəricisi – Gəncə Dövlət Regional Kolleci


29-01-2018, 15:17. Yazar: admin
Təhsil islahatlarının səmərəlilik göstəricisi – Gəncə Dövlət Regional Kolleci






Kollecin direktoru Fəxrəddin Zeynalov barədə kifayət qədər müsbət fikirlər ifadə olunmaqdadır


Məlumdur ki, hər bir xalqı mənəvi inkişafa aparan yol, onun tarixi, mədəniyyəti, şifahi və yazılı ədəbiyyatı ilə yanaşı həm də onun təhsilindən keçir. Əbəs yerə deyildir ki, Ümummilli liderimiz Heydər Əliyev bu sayə verdiyi önəmi xüsusi vurğulayaraq, demişdir: “Təhsil millətin gələcəyidir”. Bu gələcək isə, təbii ki, məhz bu günümüzdə mövcud olan təhsil sisteminin təkmilləşdirilməsi yolu ilə qurulur. Etiraf etmək lazımdır ki, son illər ölkəmizdə qabaqcıl təhsil modelinin bərqərar olunması məqsədilə dövlət səviyyəsində bir çox əhəmiyyətli tədbirlər həyata keçirilir. O cümlədən, Azərbaycanda mövcud olan konkret təhsil müəssisələrinin fəaliyyət səmərəliliyinin yüksəldilməsi üçün də müvafiq səlahiyyətli qurumlar tərəfindən müəyyən islahatlar tətbiq olunur.

Elə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli Qərarına əsasən Gəncə Texniki Kolleci və Gəncə Humanitar Kollecinin birləşdirilərək Gəncə Dövlət Regional Kolleci adlandırılması da bu qəbildən olan zəruri islahatlardandır. Qeyd edək ki, bu qərar Nazirlər Kabineti tərəfindən orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması, təkrarlanmanın aradan qaldırılması, idarəetmənin, maliyyələşdirmənin, kadr hazırlığının səmərəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədilə verilmişdir.

Beləliklə, artıq iki ilə yaxın bir müddətdir ki, Gəncədə artıq yeni bir orta ixtisas təhsili müəssisəsi fəaliyyət göstərir. Maraqlıdır ki, bu islahatdan əmələ gələn yeni kollecə direktor təyin olunması yönümündə qərar qəbul edilərkən təcrübəyə üstünlük verilmiş və Gəncə Dövlət Regional Kollecinin rəhbərliyinə keçmiş Gəncə Dövlət Humanitar Kollecinin direktoru Fəxrəddin Zeynalov təyinat almışdır. Dediyimiz kimi, yeni müəssisənin yaradılmasından hələ çox az bir zaman keçsə də, artıq bu kollecin rəhbərliyi barədə kifayət qədər müsbət fikirlər ifadə olunmaqdadır. Məsələn, yaradıldığı gündən kolleclə sıx əməkdaşlıq əlaqələri olan Gəncə Dövlət Universitetinin rəsmi saytında dərc olunmuş yazıların birində Fəxrəddin müəllim barədə bu fikirləri oxumaq olar: “Xüsusi ilə qeyd etmək lazımdır ki, Gəncə Regional Kollecində bizim universitetin tələbələri üçün yaxşı şərait yaradılıb, kollecin direktoru dosent Zeynalov Fəxrəddin Kamil oğlu tərəfindən onlara daim diqqət və qayğı göstərilir...” Biz azərbaycanlılarda belə bir məsəl var, deyərlər ki, əvvəl evin içi, sonra çölü... Biz də bu deyimə əsaslansaq, görərik ki, Fəxrəddin Zeynalovun rəhbərlik etdiyi kollecdə öz tələbələri üçün yaratdığı şərait və imkanlar heç də GDU-nun tələbələrinə yaradılan şəraitdən geri qalmır. İnanırıq ki, artıq ən yaxın zamanlarda Gəncə Dövlət Regional Kollecinin məzunlarının uğur və nailiyyətləri hər birimizi sevindirəcək, kollecin rəhbərliyinə və pedaqoji heyətinə isə, yalnız baş ucalığı gətirəcək.

P.S.
Təəssüflər olsun ki, son vaxtlar bəzi mətbu orqanlarının səhifələrində bu kollecin fəaliyyəti və rəhbərliyi barədə əsassız, böhtan xarakterli, cəfəng iddialar dərc ounur. Belə başa düşmək olur ki, aradan keçən iki il də Fəxrəddin ZeynalovunGəncə Dövlət Regional Kollecinin direktoru vəzifəsinə təyin olunması ilə bağlı müəyyən insanlarda yaranmış qısqanclıq hissinin əriyib getməsi üçün yetərli müddət olmamışdır. Amma istənilən halda, bu kimi yazıları dərc edən həmkarlarımıza demək istərdik ki, müəyyən insanların məqsədləri naminə qətiyyən onların əl alətlərinə çevrilməsinlər.


Kənan Salmanov
aia.az
Geri dön