Ana Sayfa > Karusel / Təhsil > “Əməkdar müəllim” məhkəmə qarşısında
“Əməkdar müəllim” məhkəmə qarşısında29-01-2018, 12:55. Yazar: admin |
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan 62 yaşlı Nuriyə Ağayevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Faiq Qəniyev sədrlik edib. Prosesdə zərərçəkmişlərə dəymiş zərərin ödənilmədiyi məlum olub. Vətəndaşlardan pulu alıb başqa şəxsə verdiyini etiraf etsə də, N.Ağayeva dəymiş zərəri ödəmək üçün məhkəmədən vaxt istəyib: “Pulları həmin adam qaytaracaq. Hazırda Türkiyədədir. Adını çəkməməyimi xahiş edib. Məni hədələyirdi ki, adını çəksəm düşmənçilik olacaq”. Ötən məhkəmə iclaslarında olduğu kimi, N.Ağayeva bu dəfə də pulları konkret kimə verdiyini deməyib. O, hədələndiyini, bu səbəbdən də ad çəkmək istəmədiyini bildirib. Məhkəmə prosesi fevralın 19-da davam edəcək. Qeyd edək ki, N.Ağayeva 5 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur. O, zərərçəkmişlərin etibarından sui-istifadə edərək , onları işə düzəltmək, ali məktəblərə qəbul etdirmək adı ilə aldadaraq pullarını ələ keçirib. İttihama görə, N.Ağayeva zərərçəkmiş Rövşən Həsənovdan 4 min manat pul alıb. Bunun qarşılığında Rövşən Həsənovun oğlunu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə qəbul etdirəcəkmiş. Amma N.Ağayeva qeyd edilən məbləği alsa da, vədinə əməl etməyib. N.Ağayeva Mənsurə Əliyevadan nəvəsini universitetə qəbul etdirmək adı ilə 7 min manat, Zenfira İmanovadan oğlunu ali məktəbə qəbul etdirəcəyi adı ilə 30 min manat, Məhərrəm Quliyevdən isə oğlunu SOCAR-a sürücü düzəltmək adı ilə 3 min manat alıb. N.Ağayeva daha bir vətəndaşdan övladını ali məktəbə qəbul etdirmək adı ilə 25 min manat alıb. N.Ağayeva Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikə) maddəsi ilə ittiham edilir. Onu da qeyd edək ki, N.Ağayeva filologiya elmləri namizədi, "Əməkdar müəllim"dir. O, həbs edilməmişdən bir müddət əvvəl işlədiyi təhsil müəssisəsindən ayrılıb. Geri dön |