Ana Sayfa > Təhsil > 604 uşağın internata düşməsinin qarşısı alınıb

604 uşağın internata düşməsinin qarşısı alınıb


15-01-2018, 11:12. Yazar: admin
604 uşağın internata düşməsinin qarşısı alınıb


Bu günə qədər ölkə üzrə 604 uşağın dövlət uşaq müəssisələrinə düşməsinin qarşısı alınıb.

Bu barədə Təhsil Nazirliyindən bildirilib. Məlumatda qeyd edilib ki, "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində 6 nəfər sosial işçi tərəfindən Xəzər və Suraxanı rayonlarında yerləşən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələrdəki uşaqların və onların ailələrinin fərdi qiymətləndirilməsi həyata keçirilib.

Görülmüş işlər nəticəsində 2010-cu ildə 15 nəfər, 2011-ci ildə 105 nəfər, 2012-ci ildə 123 nəfər, 2013-cü ildə 51 nəfər, 2014-cü ildə 33 nəfər və 2015-ci ildə 37 nəfər, 2016-cı ildə 38 və 2017-ci ildə isə 16 nəfər uşaq Rayon və Şəhər İcra Hakimiyyətlərinin sərəncamı ilə dövlət uşaq müəssisələrindən bioloji ailələrinin və yaxın qohumlarının himayəsinə qaytarılıb.

Məlumatda həmçinin vurğulanıb ki, əlilliyi olan uşaqların ümumtəhsil məktəblərində təhsilə cəlb olunması məqsədilə 2015-ci ildə Təhsil Nazirliyi Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNİCEF) ilə birgə əməkdaşlığı çərçivəsində "İbtidai təhsil səviyyəsində inklüziv təhsilin tətbiqi” layihəsinin icrasına başlanılıb. "Layihə çərçivəsində Bakı şəhəri üzrə 2015-2016-cı tədris ilində iki eksperimental məktəb (220 və 138 nömrəli məktəb), 2016-2017-ci tədris ilində isə iki məktəb (252 və 202 nömrəli məktəb) seçilib və layihəyə cəlb olunub. Layihənin davamı olaraq, 2017-2018-ci tədris ilində layihənin tətbiq olunduğu 4 pilot məktəbdə ümumilikdə 40 sağlamlıq imkanları məhdud şəxs inklüziv təhsilə cəlb olunub.

2017-2018-ci tədris illərində 10010 nəfər Sağlamlıq imkanları məhdud uşaq təhsilə cəlb olunub. O cümlədən 6401 nəfər evdə təhsilə, 3609 nəfər xüsusi təhsilə, 889 nəfər uşaq isə ümumtəhsil internat məktəblərində xüsusi siniflərə cəlb olunub”.

Qeyd edək ki, "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı”nın Tədbirlər Planının 10-cu bəndinin icrası olaraq 2012-ci ildə Təhsil Nazirliyinin valideyn himayəsindən məhrum olub və daim müəssisədə yaşayan 10 nəfər qız uşağı üçün Ailə tipli kiçik qrup evi tikilib, 2015-ci ildə isə Lənkəran şəhərində 12 nəfər oğlan üçün Ailə tipli kiçik qrup evi istifadəyə verilib.

"Əlavə olaraq bildiririk ki, dövlət uşaq müəssisələrinin transformasiya üzrə Baş Planın icrası olaraq, 12 internat məktəbi transformasiya olunub, 2 internat məktəbi isə ləğv edilib. Yerlərdə xüsusi (inteqrasiyalı) təhsilin təşkili məqsədilə Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na əsasən Təhsil Nazirliyinin əmri ilə 2016-2017-ci tədris ilində 17 ümumtəhsil internat məktəbi inteqrasiya təlimli gimnaziyalara çevrilib”.

aia.az
Geri dön