Ana Sayfa > Ölkə > 246 dövlət əmlakı hərraca çıxarılır
246 dövlət əmlakı hərraca çıxarılır15-01-2018, 11:08. Yazar: admin |
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən fevralın 13-də dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək. Komitədən verilən məlumata görə, vətəndaşların və potensial investorların bu hərracda özəlləşməyə çıxarılan 246 dövlət əmlakına sahib olmaq imkanı var. Bunlardan 84-ü kiçik dövlət müəssisə və obyekti, 132-i istifadəsiz qeyri-yaşayış sahəsi, 19-u səhmdar cəmiyyətləri, 11-i isə nəqliyyat vasitələridir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərinə "Azinterservis”, "Bərdə Kərpic”, "Çatal Broyler", "Ləki Sinklənmiş qablar”, "Oğuz Kəndkimya", "Sabirabad İnşaat Sənaye” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Hərraca çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak "Azinterservis” Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən əmlakın səhminin 30%-i 130 min manatdan çoxdur. Bundan başqa, qiymətində digərlərindən fərqlənən əmlak "Bərdə Kərpic” Açıq Səhmdar Cəmiyyətidir. Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Bu əmlaklar paytaxtla yanaşı, Gəncə, Yevlax, Şəki, Mingəçevir, İsmayıllı, Siyəzən, Şəmkir və digər rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların ümumi faydalı sahəsi 20 kv.m ilə 2 min kv.m arasında dəyişir. Hərracda ən yüksək qiymətə özəlləşdirməyə açıq elan edilən kiçik dövlət müəssisəsi Sumqayıtda yerləşən "Bolluq" bazasıdır. Adı çəkilən əmlak 444 min 500 manata təklif edilir. Torpaq sahəsi 13 min kv.m-dən çox, ümumi faydalı sahəsi isə 1445 kv.m-ə yaxındır. Əmlak torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılır. Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında "Çinar" soyuducular zavodunun Şəmkir filialını nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün sənaye sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 2 kv.m-dən çoxdur. Bundan başqa, Masallıda yerləşən Kənd Məhsulları İstehsalı və Emalı üzrə yardımçı təsərrüfat da sahibi üçün yeyinti sənaye sahəsində gəlirli hesab olunur. Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən 110-u paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 11 kv.m ilə 304 kv.m arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır. Qeyd edilməlidir ki, daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan Şirvanda yerləşən 30,3 kv.m olan qeyri-yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti 1875 manat təşkil edir. Həmçinin paytaxtın Qaradağ rayonunda yerləşən, sahəsi 16,8 kv.m olan, ilkin start qiyməti 4 min 500 manat təşkil edən qeyri-yaşayış sahəsini də bu kateqoriyaya aid etmək olar. Müxtəlif növ nəqliyyat vasitələri də özəlləşdirilməyə çıxarılıb. Alman istehsalı olan BMW markalı maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin ilkin start qiyməti 1500 manatla 5200 manat arasında dəyişir. aia.az Geri dön |