Ana Sayfa > Təhsil > Məleykə Abbaszadə builki buraxılış imtahanlarına AYDINLIQ GƏTİRDİ
Məleykə Abbaszadə builki buraxılış imtahanlarına AYDINLIQ GƏTİRDİ12-01-2018, 17:10. Yazar: admin |
“Abituriyent” jurnalının xüsusi buraxılışında ümumi (9 illik) təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması qaydaları ilə tanış olmaq mümkün olacaq. Bu barədə Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumatda deyilib. Bildirilib ki, jurnalda, həmçinin ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, buraxılış imtahanın I və II mərhələləri üçün test tapşırığı nümunələri və qiymətləndirmə meyarları, şagirdlərin yazacaqları inşalara (esselərə) verilən tələblər öz əksini tapacaq. Nəşr olunacaq jurnaldan DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin “Ön söz”ünü təqdim edirik: “2008-ci ildən başlayaraq respublikanın ümumtəhsil müəssisələrində yeni təhsil proqramları (kurikulumlar) tətbiq olunur və yeni məzmun standartlarına uyğun hazırlanmış dərsliklərdən istifadə edilir. Müasir təhsil proqramlarının istifadə edildiyi digər ölkələrdə olduğu kimi, Azərbaycanda da yeni proqramların tətbiqi təhsilin məzmununun dəyişilməsi, "yaddaş məktəbi"ndən "təfəkkür məktəbi"nə keçilməsi ilə nəticələndi. Yeni təhsil proqramlarının tətbiqi ilə qiymətləndirmə sahəsində yeni yanaşmaya ehtiyac yarandı. Bu istiqamətdə görülən işlərə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Əsasnaməsində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2013-cü il tarixli 804 nömrəli Fərmanı güclü təkan verdi. Həmin Fərmanla TQDK-ya yekun qiymətləndirmənin (attestasiyanın) təşkili məqsədilə, respublikanın ümumtəhsil müəssisələrinin V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirmək vəzifəsi həvalə olundu. TQDK 2013-cü ildən başlayaraq respublikanın ümumtəhsil müəssisələrində (2013-cü ildə V, 2014-cü ildə V və VI, 2015-ci ildə VI və VII, 2016-cı ildə VII və VIII siniflərdə) monitorinq imtahanları keçirdi. Bu imtahanların nəticələri üzərində aparılan tədqiqat işləri əsasında yazı işlərinin (eləcə də esselərin) yoxlanılması prosesini həyata keçirmək üçün yeni qiymətləndirmə mexanizmi işlənib hazırlandı. Qeyd etmək lazımdır ki, yazı işlərinin bu və buna oxşar üsullarla qiymətləndirilməsi beynəlxalq təcrübədə də (Böyük Britaniya, ABŞ, Rusiya, Gürcüstan və s.) mövcuddur. Təklif edilən mexanizm yeni bir metod olaraq 5 ildir ki, respublikamızda qiymətləndirmə sahəsində tətbiq edilir. Alınan nəticələr bu metodun yazı işlərinin qiymətləndirilməsi sahəsində müxtəlif subyektiv təsirlərin aradan qaldırılmasındakı effektivliyi göstərir. Bu mexanizm respublikanın ümumtəhsil müəssisələrinin buraxılış imtahanlarında yazı işlərindən geniş istifadə edilməsinə və onların qiymətləndirilməsinə də imkan verir. Hazırda IX sinifdə təhsilalanların məzmun standartları üzrə mənimsəmə səviyyələri və bacarıqlarının yoxlanılması yeni qiymətləndirmə vasitələri ilə aparılır. Fənn kurikulumlarının tətbiqi ilə bağlı olan bütün bu yeniliklər nəzərə alınaraq, 2016/2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni model əsasında həyata keçirilmişdir. Modelə əsasən buraxılış imtahanı ötən dərs ilində olduğu kimi, iki mərhələdə keçiriləcəkdir. Birinci mərhələdə şagirdlərin oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə açıq (cavablar müəyyənləşdirilib, yazı ilə ifadə olunur) və qapalı (verilən cavab variantlarından bir doğru cavabın seçilməsi) tipli test tapşırıqlarından, inşalardan (esselərdən), riyazi bacarıqları yoxlamaq məqsədilə açıq tipli, ikinci mərhələdə isə hər bir fənn üzrə qapalı tipli test tapşırıqlarından istifadə ediləcəkdir. Jurnalın bu xüsusi buraxılışında buraxılış imtahanının keçirilməsi qaydası, V-IX siniflər üzrə bilik və bacarıqlar yoxlanılacaq alt standartlar, proqramlar, yeni tapşırıq nümunələri, tapşırıqlar üzrə qiymət¬ləndirmə meyarları, inşa (esse) yazılmasına verilən tələblər, sual kitaçasının titul vərəqi və buraxılış imtahanının ikinci mərhələsinə aid test tapşırıqları nümunələri öz əksini tapmışdır. Ümidvarıq ki, jurnaldakı materiallar müəllimlərə buraxılış imtahanı ilə bağlı işlərini düzgün qurmağa, şagirdlərə isə imtahana səmərəli hazırlaşmağa yardımçı olacaqdır”. Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar: · Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28; · Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M. Jurnal aşağıdakı kitabxanalara da göndərilmişdir: Azərbaycan Respublikası Milli Kitabxanasına; Ünvan: AZ1000,Bakı,Səbail,Xaqani, 57. Azərbaycan Respublikası Prezidentinin kitabxanasına; Ünvan: AZ1005, Bakı, Səbail, Nizami, 58. Azərbaycan Respublikası Milli Məclisinin kitabxanasına; Ünvan: AZ1073, Bakı, Səbail, Parlament, 1. AMEA-nın Mərkəzi Elmi Kitabxanasına; Ünvan: AZ1141, Bakı, Yasamal, Hüseyn Cavid, 31. Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Elmi Pedaqoji Kitabxanasına; Ünvan: AZ1072, Bakı, Nərimanov, Koroğlu Rəhimov 874-cü məhəllə Bakı Dövlət Universitetinin Elmi kitabxanasına; Ünvan: AZ1148, Akademik Zahid Xəlilov küçəsi-23 (BDU, əsas bina). aia.az Geri dön |