Ana Sayfa > Manşet / Qərbi Azərbaycan > ATU-nun insan anatomiyası kafedrasında elmi-praktik seminarlar keçirilir

ATU-nun insan anatomiyası kafedrasında elmi-praktik seminarlar keçirilir


9-01-2018, 11:36. Yazar: admin





Məqsəd professor-müəllim heyətinin pedaqoji ustalığının artırılmasıdır

Bir neçə ildir ki, Azərbaycan Tibb Universitetinin (ATU) insan anatomiyası kafedrasında hər iki semestrin sonunda elmi-praktik seminarlar keçirilir. Bu seminarların məqsədi professor-müəllim heyətinin pedaqoji ustalığını artırmaq, metodiki bilik və bacarıqlarını təkmilləşdirmək və tədrisin keyfiyyətini yüksəltməkdir. Belə ki, qışda və yayda dərs prosesi başa çatdıqdan sonra növbəti semestrdə keçiləcək dərslərə aid bölgülər aparılır, müəllimlərə proqrama uyğun mövzular verilir. Təqvim planına daxil olan dərslərin müzakirəsi zamanı təcrübəli müəllimlərin məsləhətləri dinlənilir, hər mövzu üzrə tələbələrə öyrədilməsi vacib olan bilgilərdən, yeniliklərdən söhbət açılır və həmin yeniliklər təhlil olunaraq dərs prosesinə daxil edilir.

Kafedrada təşkil olunan növbəti seminarda tibb üzrə fəlsəfə doktoru Ramilə Babayevanın “Ağız boşluğu orqanları: dil, dişlər və ağız suyu vəzilərinin morfo-funksional anatomiyası”, tibb üzrə fəlsəfə doktoru Nigar Allahverdiyevanın isə “Yumşaq damaq, udlaq və qida borusunun morfo-funksional anatomiyası” mövzusunda praktiki dərslər aparıblar. Dərs zamanı təkcə nəzəri biliklər verməklə kifayətlənməyən müəllimlər slaydlardan, mövzuya aid illüstrasiyalardan, hərəkətli və hərəkətsiz görüntülərdən istifadə edərək auditoriyanın diqqətini özlərinə cəlb etməyi bacarıblar.

Kafedranın dərs hissə müdiri, dosent Şöhrət Qasımov, professorlar Ağasəmid İsayev, Mübariz Allahverdiyev və Elçin Xıdırov praktiki dərslərin gedişini təhlil edərək tövsiyələrini veriblər. Bildirilib ki, seminarlarda tələbəyə ilk növbədə hansısa mövzunun əhəmiyyəti izah edilməlidir. Belə olduqda tələbə öyrəndiyi mövzunun zəruriliyini seminarlarda yaxşı anlayaraq, mühazirələrə daha böyük maraqla qulaq asır. O da vurğulanıb ki, eyni mövzu ayrı-ayrı fakültələrdə fərqli səviyyədə tədris edilə bilər.

Bu cür seminarların keçirilməsi müəllimlərin peşə hazırlığının səviyyəsini yüksəltməklə yanaşı, onlarda məsuliyyət hissini də gücləndirir.

Qeyd edək ki, kafedrada tətbiq olunan multimedia sistemi seminarların gedişini auditoriyadan kənarda da izləmək imkanı yaradır.

aia.az



Geri dön