Ana Sayfa > Manşet / Təhsil > ATU-da ilin ən yaxşı tələbə və müəllimləri mükafatlandırıldılar

ATU-da ilin ən yaxşı tələbə və müəllimləri mükafatlandırıldılar


28-12-2017, 11:58. Yazar: admin




Azərbaycan Tibb Universitetində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişinə həsr olunmuş təntənəli tədbir keçirildi. Bayram toplantısında ATU-nun rektoru, professor Gəray Gəraybəyli təbrik nitqi ilə çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün yaranmasının tarixi haqqında danışdı: “Milli dirçəlişə, milli əlaqələrin möhkəmləndirilməsinə təlabatın artması səbəbindən 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü elan edildi. Beləliklə, Azərbaycan xalqı üçün hər il 31 dekabr tarixi qoşa bayram sevinci ilə yadda qalır. Bu bayramlar ərəfəsində mən sizləri, ailə üzvlərinizi təbrik edirəm, hər birinizə xoş günlər, mehribançılıq, işlərinizdə böyük-böyük müvəffəqiyyətlər diləyirəm. Gələcək ildə xalqımıza, ölkəmizə daha da böyük tərəqqi, inkişaf, diləyirəm. Arzu edirəm ki, gələcək həmrəylik günümüzü hazırda işğal altında olan torpaqlarımızda keçirək”.

Sonra tədbirdə ATU rektoru G.Gəraybəylinin təşəbbüsü ilə təsis olunmuş mükafatların təqdimat mərasimi keçirildi. Bu nominasiyalardan biri universitetimizdə uzun illər ərzində səmərəli və qüsursuz fəaliyyət göstərmiş keçmiş kafedra müdirləri təltif olundular. ATU rektorunun 21 dekabr 2017-ci il tarixli əmri ilə universitetin ictimai həyatında uzun müddətli aparıcı rollarını, elmi-pedaqoji fəaliyyətlərini və gənc elmi kadrların hazırlanmasındakı rollarını nəzərə alaraq, prof. Amaliya Əyyubova, prof. Nəsib Quliyev, prof. Bahadur Baxşiyev, prof. Çingiz Quliyev, prof. Əzizağa Talışinskiy, prof. Zülfüqar Fərəcov və dos. Bahadur Hüseynova fəxri fərman və bir aylıq əmək haqqı məbləğində pul mükafatı təqdim olundu.

Bayram ərəfəsində digər müəllimlər də hədiyyəsiz qalmayıb. Çünki, ən şərəfli peşə sahibi olan müəllimlərimiz bu peşənin adını daim qoruyub saxlayiblar. Universitetdə isə müəllimlərin pedaqoji fəaliyyətinı ən doğru və düzgün qiyməti onların tələbələri verə bilər. Buna görə də 2017-cı ilin payız semesterində III, IV, V, VI kursun qrup nümayəndələri – cəmi 128 tələbə arasında “Ən yaxşı müəllim”nominasiyası üzrə sorğu keçirilib. Sorğunun nəticələrinə görə,

ən yüksək səsi farmakalogiya kafedrasının müəllimi dos. Kamandar Yaqubov toplayıb. Farmakalogiya kafedrasının müəllimi dos. Kamandar Yaqubovun pedaqoji fəaliyyətini, tələbələrə qarşı fədakar, ədalətli, qayğıkeş və ən əsası tələbələr tərəfindən fəaliyyətinin yüksək qiymətləndirilməsini nəzərə alınaraq, ona fəxri fərman və bir aylıq əmək haqqı məbləğində pul mükafatı təqdim olunub.

Univrsietin əsas sütunlarından biri olan tələbələr də müxtəlif nominasiyalar üzrə təltif olunublar. “İlin ən yaxşı elmlə məşğul olan tələbəsi”, “İlin ən yaxşı dərsə davamiyyəti olan və dərslərini yaxşı oxuyan tələbəsi”,“İlin ən aktiv tələbəsi” müsabiqələri üzrə qaliblərin adları müəyyənləşib. Fakültə dekanlarının, Tələbə Həmkarlar İttifaqı Komitəsinin və Tələbə Elmi Cəmiyyətinin təqdimatları əsasında elmi fəaliyyətlə məşğul olan, universitetin ictimai həyatında fəal iştirak edən və nizam-intizamı yüksək olan tələbələrin adları dəqiqləşdirilib. Beləliklə, II müalicə-profilaktika fakültəsinin VI kurs tələbəsi Ülvi Ələşrəfov, ictimai-səhiyyə fakültəsinin VI kurs tələbəsi Nərgiz Əliyeva, Stomatologiya fakültəsinin III kurs tələbəsi Elcan Məmmədli, II müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Şəmsi Axundov mükafata layiq görülüblər.

Tədbirdə həmçinin “İstedad sorağında” mövzusunda rəsm sərgisinin qaliblərinin adları da açıqlanıb. Bunlar II müalicə-profilaktika fakültəsinin V kurs tələbəsi Elsevər Ağazadə, II müalicə-profilaktika fakültəsinin VI kurs tələbəsi Hikmət İslamlı və I müalicə-profilaktika fakültəsinin III kurs tələbəsi Nigar İbrahimlidir. Noyabrın 27-də keçirilən rəsm sərgisində 14 tələbənin rəsm əsərləri və bir tələbənin əl işləri nümayiş etdirilib.

Tədbirin bədii hissəsi “Şəfa” xalq çalğı alətləri ansamblı, “Çinar” rəqs ansamblının çıxışı, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin III kurs tələbəsinin ifası ilə davam edib. ATU tələbələrinin təqdim etdiyi “D” bir pərdəli tamaşa da tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Bayram toplantısı bədii hissə ilə sona çatıb.

aia.az




Geri dön