Ana Sayfa > Manşet / Siyasət > 91,4% Prezident İlham Əliyevin siyasətini tam dəstəkləyir - SORĞU

91,4% Prezident İlham Əliyevin siyasətini tam dəstəkləyir - SORĞU


20-12-2017, 11:21. Yazar: admin
91,4% Prezident İlham Əliyevin siyasətini tam dəstəkləyir - SORĞU


"ELS-Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyi 2018-ci il prezident seçkiləri ərəfəsində ölkədəki mövcud ictimai-siyasi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə ölkə ərazisində sosioloji tədqiqat keçirib. Tədqiqat çərçivəsində ölkə əhalisinin rəy sorğusu aparılıb.

Trend-in məlumatına görə, "ELS-Müstəqil Araşdırmalar Mərkəzi" İctimai Birliyinin sədri İradə Yaqubova bu gün həmin sorğunun nəticələrini açıqlamaq üçün keçirdiyi mətbuat konfransında bildirib ki, bu cür sorğuların mütəmadi olaraq keçirilməsi yerlərdə gedən prosesləri müşahidə etmək, onları qiymətləndirmək və dəyişiklik tendensiyalarını müəyyən etməklə, proqnozların verilməsi və təkliflərin hazırlanmasına imkan yaradır.

Təqdim olunan tədqiqat 2017-ci ilin noyabr-dekabr aylarında ekspress rəy sorğusu şəklində ölkənin 68 rayonunda (Naxçıvan MR-in ərazisi və işğal olunmuş rayonlar istisna olmaqla) keçirilib. Tədqiqat respondentlərin evlərində şəxsi müsahibə üsulu ilə ("face to face") keçirilən rəy sorğusu formasında aparılıb. Sorğu 18 və bundan yuxarı yaşda olan əhalini əhatə edib. Ümumilikdə sorğu zamanı 4560 respondentin rəyi öyrənilib. Sorğunun keçirilməsi üçün xüsusi hazırlıq kursu keçmiş intervyuerlər qrupu yaradılıb. Yaşayış məntəqələrinin seçimi çoxpilləli stratifikasiya edilmiş təsadüfi ərazi seçimi üsulu ilə aparılıb və rayonların bərabər əhatə olunması təmin edilib. Sorğu ilə əhatə edilmiş yaşayış məntəqələrinin 36,2%-ni şəhər, 4,9% - qəsəbələr, 58,9%-ni isə kəndlər təşkil edib. Respondentlərin cins və yaş üzrə seçimi ölkə üzrə mövcud statistik məlumat bazasına uyğun aparılıb.

Sorğunun əhatə etdiyi respondentlərin 49,2%-ni kişilər, 50,8%-ni isə qadınlar təşkil edib. Ailə vəziyyətlərinə görə onların 75,9%-i evli, 17,7%-i subay, 4,7%-i dul, 1,7%-i isə boşananlar olub. Rəyi soruşulanların yarısından çoxu, yəni 53,7%-i orta təhsilli olub. Orta ixtisas təhsillilər 18,3%, ali təhsillilər 17,0%, aspirant və elmi dərəcəsi olanlar isə 0,1% təşkil edib.

İ.Yaqubova deyib ki, respondentlərin 7,9%-ni orta təhsili olmayanlar təşkil edib. Məşğulluqlarına görə respondentlərin 17,1%-i dövlət sektorunda, 22,4%-i özəl sektorda, 14,8%-i özünə işləyən, 2,2%-i tələbə, 11,0%-i işləməyən təqaüdçü, 8,9%-i işsiz, lakin iş axtaran, 23,6%-i isə evdar qadın olub.

Azərbaycanın bugünkü ictimai-siyasi vəziyyətini dəyərləndirən respondentlərin 92,8%-i vəziyyəti sabit kimi qiymətləndiriblər. Rəyi soruşulanların 3,9%-i vəziyyəti qeyri-sabit, 3,3%-i isə cavabdan imtina ediblər. Ümumiyyətlə, Azərbaycanın son 5 ildə hansı istiqamətdə inkişaf etdiyini - düzgün, yaxud yanlış - dəyərləndirən respondentlərin 83,7%-i inkişaf istiqamətini düzgün, 4,8%-i yanlış kimi qiymətləndiriblər. Rəyi soruşulanların 11,5%-i cavab verməkdə çətinlik çəkib.

Növbəti mərhələdə rəyi soruşulanlara ölkə Prezindentinin həyata keçirdiyi siyasətin qiymətləndirilməsi təklif olunub. Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti qiymətləndirənlərin 91,4%-i bu siyasəti dəstəklədiklərini, 4,5%-i dəstəkləmədiklərini bildiriblər. Rəyi soruşulanların 4,1%-i cavab verməkdə çətinlik çəkiblər.

Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi daxili siyasəti qiymətləndirdikdə rəyi soruşulanların çoxu (84,7%-i) bu siyasəti dəstəklədiklərini, 5,5%-i isə dəstəkləmədiklərini bildirib. Rəyi soruşulanların 9,8%-i cavab verməkdə çətinlik çəkib.

Azərbaycanın həyatında baş verən əhəmiyyətli hadisələri qeyd edən respondentlər ilk növbədə ordumuzun aprel döyüşlərindəki qələbələri və “Böyük Qayıdış”ın rəmzinə çevrilən Cocuq Mərcanlını qeyd ediblər (67,4%). Mehriban Əliyevanın Birinci Vitse-Prezident seçilməsi (62,9%), Bakı-Tbilisi-Kars dəmir yolunun açılışı (59,3%), ASAN Xidmət mərkəzlərinin açılışı və uğurlu fəaliyyəti (57,6%), yeni infrastrukturun yaradılması (51,6%), yeni məktəblərin tikilməsi və açılışı / yeni uşaq bağçalarının açılışı (43,9%), beynəlxalq müsabiqələr /yarışlar /tədbirlərin keçirilməsi (35,4%), yeni iş yerlərinin açılması (34,8%), bölgələrə gedən yolların bərpası (34,6%), rayonların qazlaşdırılması (31,2%), neft müqaviləsinin bağlanması (27,3%), məcburi köçkünlərə /şəhid ailələrinə evlərin verilməsi (21,0%), abadlaşdırma işlərinin aparılması (20,3%), “Qarabağ” futbol klubunun beynəlxalq arenada tanınması /idmançılara diqqətin gücləndirilməsi (16,7%), rüşvətxor məmurların işdən çıxarılması (15,9%), pambıqçılığın /baramaçılığın /tütünçülüyün inkişafı (15,4%) və digərləri də rəyi soruşulanlar tərəfindən önəmli hadisə kimi qiymətləndirilmişdir".

İ.Yaqubova əlavə edib ki , rəyi soruşulanlar turizmin inkişafı və xarici turistlərin ölkəyə axınını, müxtəlif festivalları qeyd edən respondentlər bu tədbirlərin məhz Azərbaycanın iqtisadiyyatının, o cümlədən daxili turizmin inkişafı, beynəlxalq arenada tanınması baxımından əhəmiyyətli hadisə kimi qiymətləndiriblər. Qeyd olunan amillər sırasında kənd təsərrüfatının, o cümlədən pambıqçılığın, baramaçılığın və tütünçülüyün inkişafı da qeyd olunmuşdur.

Sorğu zamanı respondentlərə Azərbaycanda mütəmadi olaraq keçirilən seçkilərdə iştiraklarına dair sual verilmişdir. Rəyi soruşulanların 67,2%-i seçkilərdə həmişə iştirak etdiklərini qeyd ediblər. Respondentlərin 16,9%-i bəzən iştirak etdiklərini, 12,0%-i heç vaxt seçkilərdə iştirak etmədiklərini deyiblər. Cavabdan imtina edənlərin sayı 3,9% təşkil edib. Səs verənlərin cavablarını cins nöqteyi-nəzərdən təhlil etdikdə, qadınların seçkilərdə iştirakının bir qədər zəif olduğu müşahidə olunur:" Bu hal demək olar ki, ənənəvidir.

Sorğu zamanı respondentlərə gələn həftə ölkə Prezidenti seçkiləri keçiriləcəyi halda, ölkə Prezidenti İlham Əliyevə səs verəcəklərinə dair sual verilib".

İ.Yaqubova qeyd edib ki, rəyi soruşulanların 85,2%-i İlham Əliyevə səs verəcəklərini bildirib. 5,1%-i dəstək verməyəcəyini bildirib, 9,7% respondent isə cavab verməkdə çətinlik çəkiblər.
Seçki ərəfəsində seçkilər və namizədlər barədə məlumatı əsasən hansı mənbələrdən aldıqlarını qeyd edən respondentlər ilk növbədə dövlət televiziyası/radiosunu qeyd ediblər (78,6%). Növbəti təsiredici mənbə kimi, özəl televiziya/radio göstərilib (49,4%). Yeni elektron KİV növü olan İnternet də kənarda qalmayıb. Belə ki, rəyi soruşulanlar İnternet saytlarını (31,3%) və sosial şəbəkələri (29,7%) seçkilərə dair informasiya mənbəyi qismində qeyd ediblər. Keçən sorğularda olduğu kimi, tanış və qohumların da rəyləri (21,7%) nəzərə alınır:

"Beləliklə, bu gün Azərbaycan seçicisi ölkə Prezidentinin fəaliyyətini yüksək qiymətləndirir, onu gələcək prezident seçkilərində dəstəkləməyə hazır olduğunu bildirir və Prezidentin fəaliyyətinə böyük ümid bəsləyir".
AIA.Az
Geri dön