Ana Sayfa > Manşet / Gündəm > Leyla Əliyeva Qəbələdəki “Poeziya günü”ndə öz şeirlərini səsləndirdi

Leyla Əliyeva Qəbələdəki “Poeziya günü”ndə öz şeirlərini səsləndirdi


16-12-2017, 10:52. Yazar: admin
Leyla Əliyeva Qəbələdəki “Poeziya günü”ndə öz şeirlərini səsləndirdi



Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü, SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə dekabrın 15-də Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzində vətənpərvərlik mövzusuna həsr olunmuş "Poeziya günü” keçirilib.

aia.az Azərtac-a isinadən xəbər verir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində təşkil olunan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, ədəbiyyat və mədəniyyət xadimləri, gənc şairlər, həmçinin Qarabağ müharibəsinin Qəbələdən olan veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

"Poeziya günü”nün açılışında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin şair və yazıçılara diqqət və qayğısından, həmçinin hərbçilərlə görüşlərindən bəhs edən film nümayiş olunub.

Tədbirdə çıxış edən Xalq Şairi Nəriman Həsənzadə Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusunun bütün zamanlarda aktual olduğunu, müasir dövrümüzdə isə xüsusi önəm daşıdığını diqqətə çatdırıb.

Gənc şairlər Fərid Hüseynov, Gülnar Qasımlı, Lamiyə İsayeva, Zəhra Bədəlbəyli, Alsu Carçılı, Aynur Nurlu, Heyran Hüseynova və Şahanə Müşfiq müharibə, həmçinin Azərbaycan və Bakı haqqında şeirlərini səsləndiriblər. Şairlərin çıxışları Azərbaycan bəstəkarlarının musiqilərinin sədaları və videogörüntülərlə müşayiət olunub.

"Poeziya günü”nün ideya müəllifi Aynur Nurlu, quruluşçu rejissoru Azərbaycan Televiziyasının "Mədəniyyət” kanalının bədii rəhbəri Rövnəq Həsənzadədir.

Sonra Leyla xanım Əliyeva özünün "Zəhranın xatirəsinə” və "Bakı” adlı şerlərini oxuyub.

Mərasimdə həm də tədbirin aparıcılığı həvalə olunmuş Nigar Həsənzadənin rəhbərliyi ilə "Söz” ədəbi layihəsinin iştirakçıları - Əsgər Novruzov, Leyla Qurbanova, Səbinə Vəlibəyova, Zaur Rəxşan və Firdovsi Rəsul müəllifi olduqları şerləri səsləndiriblər.

Proqram çərçivəsində Xalq Artisti Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Fərqanə Alimqızı və Sevda Ələkbərzadə, Azərbaycan Milli Konservatoriyasının dosenti, pianoçu Naibə Şahməmmədova və Qəbələ Uşaq Xoru zövq oxşayan mahnılar və musiqi ifa ediblər.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin dəstəyi və tövsiyəsi ilə yeni çapdan çıxmış "Gənc yazarların vətənpərvərlik mövzusunda şeirlər toplusu” təqdim olunub. Leyla xanım Əliyevanın, o cümlədən 47 gənc şairin, ümumilikdə, 61 şerinin yer aldığı kitab iştirakçılara və qonaqlara paylanılıb.

Sonda Leyla xanım Əliyeva tədbir iştirakçıları ilə xatirə şəkilləri çəkdirib.

aia.az
Geri dön