Ana Sayfa > Ölkə > Goranboyda 3 yaşayış məntəqəsinə içməli su verildi
Goranboyda 3 yaşayış məntəqəsinə içməli su verildi15-12-2017, 16:01. Yazar: admin |
Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Goranboy rayonunda həyata keçirilən layihə uğurla yekunlaşıb. aia.az-ın məlumatına görə, layihə çərçivəsində rayonun 3 yaşayış məntəqəsində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. Yeni su təchizatı sistemlərinin istismara verilməsi münasibətilə Goranboy rayonunun Veyisli kəndində açılış mərasimi keçirilib. Açılış mərasimində Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev son illər Goranboyda aparılan abadlıq və quruculuq işlərindən danışıb. Bildirib ki, əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasında içməli su ilə təminat mühüm yer tutur. Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Aqil Məmmədov kəlbəcərli məcburi köçkünlərin böyük bir hissəsinin Goranboy rayonunda məskunlaşdığını xatırladaraq yeni salınmış Veyisli köçkün qəsəbəsinə içməli suyun verilməsini mühüm hadisə adlandırıb. "Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində indiyə qədər 47 şəhər və rayon mərkəzində, eləcə də 300-dən artıq kənddə layihələrin icra edildiyini, insanların keyfiyyətli və dayanıqlı su ilə təmin olunduğunu diqqətə çatdırıb: "Dövlət başçısının tapşırıqlarına uyğun olaraq 170 kənddə yeni su təchizatı infrastrukturlarının yaradılması nəzərdə tutulmuşdur. Artıq kəndlərdə tikinti-quraşdırma işləri yekunlaşıb və kəndlərin böyük bir hissəsinə suyun verilməsi təmin edilib. 2018-ci ildə respublikanın digər kənd yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması üçün araşdırmalar davam etdirilir”. Tədbirdə çıxış edən kənd sakinləri bildiriblər ki, uzun illər idi ki, subartezian quyularının suyundan istifadə edirdilər. Son illər subartezian quyularının məhsuldarlığının azalması su təminatında çətinliklər yaradırdı. Buna görə əhali içməli suya olan tələbatını uzaq məsafədə yerləşən artezianlardan və bulaqlardan ödəmək məcburiyyətində qalırdı. Sakinlər bu sahədəki problemlərin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Goranboy rayonunda icra olunan layihə Veyisli və Abbasqulular kəndlərini, həmçinin Veyisli məcburi köçkün qəsəbəsini əhatə edib. Kəndləri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək məqsədilə su mənbəyi Murovdağ-Goranboy magistral su xətti seçilib. Magistral kəmərdən Abbasqulular və Veyisli kəndlərinə, həmçinin Veyisli məcburi köçkün şəhərciyinə su xətləri çəkilib. Rayonun Veyisli və Abbasqulular kəndlərində 8,6 km uzunluğunda kənddaxili su xətləri çəkilib və ümumi istifadə üçün 13 ədəd bulaq quraşdırılıb. Veyisli məcburi köçkün qəsəbəsində isə hər bir fərdi yaşayış evi içməli su ilə təmin olunub. Belə ki, qəsəbədə yaradılmış paylayıcı şəbəkə vasitəsilə 600 ünvana birləşmə verilərək abonentlər sayğacla təmin olunublar. Bununla yanaşı, kəndin yaxınlığında heyvandarlıqla məşğul olan əhali üçün əlavə layihə işlənib, 7 bulaq qoyularaq suyun verilməsi təmin edilib. Goranboy rayonunda icra olunan layihə çərçivəsində 3 yaşayış məntəqəsində 5 minə yaxın yerli sakin və məcburi köçkünün içməli su problemi həll edilib. Ümumilikdə əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncamına uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində yeni su təchizatı sistemləri yaradılıb və bu layihələrdən 270 mindən artıq sakin faydalanır. Qeyd edək ki, "Azərsu” ASC cəbhə bölgəsində yerləşən yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılmasına xüsusi diqqət yetirir. 2013-cü ildə təmas xəttinin yaxınlığında yerləşən Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində içməli su layihəsi icra edilib. Layihə çərçivəsində Ballıqaya-Goranboy magistral su xəttindən Tapqaraqoyunlu kəndinə 14 km magistral su xətti çəkilib, hər birinin tutumu 300 kubmetr olan 2 ədəd su anbarı inşa edilib. Eyni zamanda müxtəlif diametrli borularla 35,6 km uzunluğunda paylayıcı şəbəkə yaradılaraq 800 ünvana birləşmə verilib. Bununla da Tapqaraqoyunlu kəndinin 2400 sakini 24 saat fasiləsiz içməli su ilə təmin olunub. aia.az Geri dön |