Ana Sayfa > Manşet / Təhsil > ATU-da Mühasibatlıq üzrə I Olimpiada keçirilib
ATU-da Mühasibatlıq üzrə I Olimpiada keçirilib14-12-2017, 18:34. Yazar: admin |
Azərbaycan Texnologiya Universitetində (ATU) Gəncədəki ali məktəblərin tələbələri arasında Mühasibatlıq üzrə 1-ci Olimpiada keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc Mühasiblər” İctimai Birliyi tərəfindən təşkil olunan müsabiqədə Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Gəncə Dövlət Universitetindən ümumilikdə 65 tələbə iştirak edib. Olimpiada iştirakçıları Gəncədəki adıçəkilən üç universitetin mühasibat uçotu ixtisaslarında təhsil alan tələbələr arasından 11-13 dekabr tarixlərində keçirilən görüşlər əsasında seçilib. ATU-da baş tutan olimpiadada tələbələr 2 saat ərzində Maliyyə Nazirliyinin Elm-tədris mərkəzi tərəfindən hazırlanan 50 suala cavab verməyə çalışıblar. Cavablar dərhal ekspert qrupu tərəfindən yoxlanılaraq qaliblər müəyyən edilib. Nəticələrə əsasən ADAU-nun tələbəsi Nemət Zülfüqarlı olimpiadanın qalibi olub. Sonrakı iki yerə də bu ali təhsil ocağının tələbələri layiq görülüb. ATU-nun tələbəsi Əfsanə Qurbanlı isə IV - həvəsləndirici yeri əldə edib. Mükafatlandırma mərasimində qaliblərə diplom və qiymətli hədiyyələr, digər bütün iştirakçılara isə sertifikat və həvəsləndirici hədiyyələr təqdim olunub. Tələbələr ATU-nun elm və texnika üzrə prorektoru Səbuhi Yusifov, İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı Nüşabə Hacıyeva, Maliyyə Nazirliyinin Elm-tədris mərkəzinin şöbə müdiri İbrahim İbrahimov və “Gənc Mühasiblər” İctimai Birliyinin sədri Solmaz Əliyeva tərəfindən təltif edilib. Qeyd edək ki, olimpiadanın keçirilməsində məqsəd mühasibatlığın öyrədilməsində analitik düşüncə tərzini yüksəltmək, gənclərin intellektual qabiliyyətlərini və yaradıcılıqlarını aşkarlayaraq səmərəli qiymətləndirmə üsullarını təqdim etmək, stimullaşdırmaq, istedadlı tələbələrə əlverişli şərait yaratmaq, onların gələcəkdə təhsil inkişafını və professional istiqamətləndirilməsini təmin etməkdən ibarətdir. aia.az Geri dön |