Ana Sayfa > Yazar2 > DƏLİ KÖYNƏYİ
DƏLİ KÖYNƏYİ13-12-2017, 17:08. Yazar: admin |
![]() Hidayət ELVÜSAL Belə-belə işlər Nə oldu, nə olmadı, o qədər də anlamadım. Eşitmişdim ki, həmin o məktəbdə müəllim deyib ki, get evdəkilərə söylə, pul gətirsinlər. Mən də avam oldum, soruşdum: - Süpürgə pulu istəyirlər? Cavab gəlmədi. Yenə avam-avam soruşdum: - Müəllimin ad günüdür? Bayramdır? Sinif rəhbərinin dayısı nəvəsi diş çıxardıb, yoxsa əri maşınını harasa sürtüb? Yenə cavab gəlmədi. Amma mən avamam axı, əl çəkmədim: - Sən Allah nə olub? Çarli Çaplinin ad günüdür? Bəlkə İngiltərə kraliçası nəticəsini qucağına alanda uşaq yaramazlıq eyləyib? Yoxsa, Fidel Kastronun başına bədbəxtlik gəlib, məndən gizlədirsiniz? Dedilər kraliça sağ-salamatdır, Fidel Kastro dumbul kimidir, amma sənə nə isə olub. - Mənə? - Hə, sənə! Məgər məktəbdən pul istəyəndə belə-belə bədbəxtliklərin baş verməsi vacibdir? - Bəs, o pulu niyə istəyirlər? Baxdılar bir-birinin üzünə. Sonra mənə dedilər ki, mütləq çıldağa getməlisən. Yəqin gecə yuxunda şou-biznesin qara eynəkli, çığır-bağır salan uşaqlarından bir-ikisini görmüsən, əsəblərin xarab olub. Mən dedim, onlar dedilər, olmadı. Çıldağa getdik. Zalım oğlu kürəyimin ortasına o yanan şeyi nətəhər yapışdırdısa, "cızz" elədi. Yandım, yaxıldım. Amma növbədə xeyli qadın xeylağı vardı və utandığımdan səsimi çığırmadım. Amma o "cızz" eləyən şeyin zərbindən gözümün yaşı muncuq-muncuq töküldü. Geri qayıdanda dözmədim, yenə avam-avam soruşdum: - Axı, niyə o məktəbdə pul istəyirlər? Başqa millətlər pul xərcləyir, uşaqlara savad verir. Geyindirir, yedirir, içirir, amma bizdə şagirdləri təpə-qapaz eləyirlər ki, get pul gətir. Baxdılar bir-birinin üzünə. Avamam axı. Yenə dedim: - Axı, məktəbdə reket olmaz, müəllim olar. Müəllim də soyğunçuluq eləməz. Şagirdlərə dərs verər, bilik öyrədər. Yenə baxdılar bir-birilərinin üzünə. - Bəlkə birinin pulu yoxdur, yavan çörək yeyir. Bu milləti soyub-talayan azdır, bir tərəfdən də "müəllim" qiyafətinə girmiş cibgirlər meydan sulayır? O hansı məktəbdir? Haradadır, neçə saylıdır, müəllimin adı nədir? Dinmədilər. Evə gələndə məni yuxu tutdu. Elə əcaib-qəraib şeylər gördüm ki. Bir dəstə "müəllim" əllərində top-tüfəng üstümə gəlirdi. Əvvəl cibimi soydular, sonra paltarlarımı soyundurub, gözdən itdilər. Yuxudan hövlnak oyandım. Doğrudan da əynimdə bircə köynək qalmışdı. Qolları o qədər uzun idi ki, əllərimi çıxarıb, gözümü ovuşdura bilmirdim. Birtəhər ayağa qalxdım. Güc-bəla ilə güzgüyə yaxınlaşdım. Oy daad... Bu nədi, ə? Ə, bu dəli köynəyidi. Sən öl odu. Bunu mənə niyə geyindiriblər? Elə bu vaxt dost-tanış ağxalatlı həkimlərlə bərabər içəri girdi. - Ay doxdur, bu nədi? Həkim boynunun ardını qaşıdı: - Bu şeydi... şagird formasıdı. - Nə? - Şagird formasıdı. - Mən şagird olmaq istəmirəm. Həkim gülümsündü: - Bilirəm. Şagirdləri soyurlar, döyürlər, söyürlər. Amma sənə toxunmayacaqlar. - Niyə? - Çünki sən həqiqəti söyləyirsən, ədalət axtarırsan. - Hə, axtarıram! - Onlar də səni gözləyirlər. - Kim? - Ədalət müəllim, Həqiqət xanım. Güldüm: - Ay doxtur, avam-avam danışmayın. Nə Ədalət, nə Həqiqət? Bir-birilərinin üzünə baxdılar. Həkim: - Deyəsən ayılıb, həm də ağıllanıb. - Hə, doxtur, səhər-səhər çıldağa aparmışdıq. - Malades! Yəqin ağlı başına gəlib. Səsimi atdım başıma: - Ə, çıxın rədd olun burdan! Juliklər! Sən öl sizi bir-bir bu pəncərədən ataram! Oy daad! Cumdular üstümə. Köynəyin qollarını qabaq tərəfdən qarpazlayıb, arxada bərk-bərk bağladılar. İstədim həkimə bir kəllə atam, olmadı. İki yekəpər gədə məni yumaq kimi büküb, atdılar təcili yardım maşınına. İndi burdayam. Əynimdə də həmin o köynək. Özünü öymək olmasın, yaraşır. Amma daha dinmirəm. Həkim arabir soruşur: - Rüşvət alan var? - Yox! - Xalqı soyan var? - Elə şey olar? - Ədalətsizliyə rast gəlmisən? - Əttövbə! - Müəllimlər, həkimlər, məmurlar, səlahiyyət sahibləri... kiminsə cibinə göz dikir? - Ağlı başında olan belə şər-böhtan söyləməz! - Gözəl! - deyə həkim razı qalır. Və elə buna görə də dünən məni buraxdılar. Xəstəxananın darvazasından çıxanda həkim özünü mənə çatdırdı: - Bunu yadından çıxarma! - Bu nədi, doxdur? - Köynəkdi... O o o... zad köynəyi. Sənin əyninə yaxşı olur, həm də yaraşır. Yenə orda-burda axmaqlasan lazım olacaq. Axmaqlamıram. Amma hər dəfə o məktəbin, məhz o məktəbin, o bir... lənət şeytana! Özümü saxlayıram. Amma həm də sevinirəm. Köynək doğrudan da əynimə görəydi. Amma qandal, həbsxana... Tez qulaqlarımı çəkirəm. Evə çatanda isə köynəyi şifonerdən asıram yerinə və: - Allah, sənə şükür! - deyib uşağın yanına keçirəm, - Bala, müəllimin mənə görə bir ismarıcı, tapşırığı, qulluğu yoxdur ki? - Yox, ay dədə, yoxdu. Amma bayaq bələdiyyədən gəlmişdilər. Dedilər ki, eviniz qanunsuz tikilib. - Niyə, bala? Bütün sənədlər yerli-yerindədir. - Dedilər şirinliyi çatmayıb. Hirs vurdu beynimə. İstədim ağzımı açım, gözüm şifonerə sataşdı. Həm də qapı döyüldü. Açdım. Sahə müvəkkili idi. - Ağsaqqal, qonşular şikayət eləyirlər ki, Aygün Kazımovadan çox Mirey Matyeyə qulaq asırsan. O fransızlarla başqa əlaqən-zadın yoxdur ki? Anladım. Başımla işarə elədim ki, gözlə, gəlirəm. Şifoneri açdım. Bir pencəyimə, bir də o köynəyə baxdım. Dərindən köks ötürüb, əlimi pencəyin qoltuq cibinə saldım... Şükür buna da, şükür! aia.az Geri dön |