Ana Sayfa > Siyasət / Manşet / Karusel > İlham Əliyev yeni səfirlə görüşdü
İlham Əliyev yeni səfirlə görüşdü10-11-2015, 16:02. Yazar: admin |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Koreya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyunun etimadnaməsini qəbul edib Səfir Kim Çanq-gyu fəxri qarovul dəstəsinin qarşısından keçdi. Kim Çanq-gyu etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Azərbaycanın Koreya ilə dostluq əlaqələrini genişləndirmək niyyətində olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında inşaat və digər ənənəvi sahələrdən başqa əməkdaşlığımızın yeni istiqamətlərinin də mövcud olduğunu dedi. Prezident İlham Əliyev əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin rolunu xüsusi qeyd etdi. Qarşılıqlı sərmayə qoyuluşuna toxunan dövlətimizin başçısı Azərbaycanın daha çox sayda Koreya şirkətlərinin ölkəmizdə fəaliyyət göstərməsində maraqlı olduğunu vurğulayaraq investisiya qoyuluşu üçün Azərbaycanda yaxşı imkanların olduğunu dedi. Prezident İlham Əliyev səfirin diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrimizin daha da gücləndirilməsi işində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirdi. Azərbaycanın yüksək nailiyyətlər əldə etməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin rolunu xüsusi qeyd edən səfir Kim Çanq-gyu qazanılan uğurlar münasibətilə Prezident İlham Əliyevə və Azərbaycan xalqına böyük ehtiramını ifadə etdi. O, ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi. Səfir ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əlaqələrimizin daha da inkişaf etdirilməsi ilə bağlı Koreya və Azərbaycan rəhbərlərinin göstərişlərinin yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğuladı. Görüşdə ölkələrimiz arasında əməkdaşlığın sərmayə qoyuluşu, yüksək texnologiyalar, sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Geri dön |