Ana Sayfa > İdman > Ağır atletika yığmamıza yeni baş məşqçi təyin olundu

Ağır atletika yığmamıza yeni baş məşqçi təyin olundu


9-12-2017, 14:34. Yazar: admin
Ağır atletika yığmamıza yeni baş məşqçi təyin olundu


Dekabrın 8-də Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) rəhbər və məşqçilər heyətinin iclası keçirilib.
İclasda AAAF-ın vitse-prezidentləri Tofiq Heydərov və Ruslan Xanverdiyev, baş katib Rizvan Rəsulov, həmçinin yığma komandaların məşqçi və 2-3 dekabr 2017-ci il tarixlərində keçirilən Azərbaycan Kubokunda fərqlənən idmançı heyəti iştirak edib.
Əsas məqsəd son bir ildə görülən işlərə qiymət verilməsi, yeni məşqçi heyətinin təyin və növbəti təlim-məşq toplanışlarına seçilmiş idmançıların müəyyən edilməsi olub.
İclasda vitse-prezident Tofiq Heydərov çıxış edib. O, bu günə qədər tutduğu ağır atletika üzrə yığma komandaların baş məşqçisi postundan istefa verdiyini açıqlayıb.
Qurum rəsmisi bunu şəxsi işlərinin çoxluğu səbəbindən etdiyini, eyni zamanda, gənc mütəxəssislərə şans vermək istəyi ilə bu addımı atdığını, vitse-prezident vəzifəsində qalacağını bildirib.
AAAF-ın prezidenti Cahangir Əsgərovun qəbul etdiyi qərar da açıqlanıb. O, Azərbaycan ağır atletika yığma komandalarının sabiq baş məşqçisi T.Heydərovun istefa ərizəsini qəbul edib və onun yerinə Asif Məmmədovun təyin olunması barədə sərəncam verib.
A.Məmmədova yeniyetmələr, gənclər, kişilər və qadınlardan ibarət yığma komandalarda kömək edəcək böyük məşqçilərin adları barədə tezliklə məlumat veriləcək.
Yeni baş məşqçi dekabrın 9-29-u tarixləri arasında yığma komandaların növbəti təlim-məşq toplanışının keçiriləcəyini, bu prosesin 2018-ci ilin sonuna qədər fasiləsiz davam edəcəyini bildirib.

aia.az
Geri dön