Ana Sayfa > Gündəm > Trampın qızını təəccübləndirən azərbaycanlı gəncə kömək göstəriləcək
Trampın qızını təəccübləndirən azərbaycanlı gəncə kömək göstəriləcək4-12-2017, 17:13. Yazar: admin |
Dekabrın 4-də Patent və Əmtəə Nişanları Mərkəzində gənc ixtiraçı Reyhan Camalova ilə görüş keçirilib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, Mərkəzin baş direktoru v.i.e Günel Sevdimalıyeva Hindistanın Heydərabad şəhərində keçirilən VIII Qlobal Sahibkarlıq Sammitində iştirak edən və ixtirası ilə diqqət çəkən R.Camalovanı təbrik edib. O bildirib ki, dövlət başçısı tərəfindən qeyri-neft sənayesinin inkişafı məqsədilə həyata keçirilən islahatlar çərçivəsində ixtiraçılığın rolu, innovativ sənayenin təşviqi, texnologiyaların sənayeyə transferi və kommersiyalaşdırılması məsələləri mühüm aktuallıq kəsb edir. Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli fərmanına əsasən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsis edilən Patent və Əmtəə Nişanları Mərkəzi sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində fəaliyyət göstərir. Mərkəz ixtiraçılığın təşviqi, bu sahədə yeni iddiaların araşdırılması, ekspertizası və onların qeydiyyatını həyata keçirir. Gənc ixtiraçı R.Camalova Hindistanın Heydərabad şəhərində keçirilən VIII Qlobal Sahibkarlıq Sammitində iştirakından və səfər təəssüratlarından danışıb. O, ixtirası haqqında məlumat verərək, müasir dövrdə alternativ enerji mənbələrinə daha çox ehtiyac olduğunu, bu sahəyə xüsusi marağının yarandığını və nəticədə yağış suyundan enerji istehsal edən qurğu – “Rainergy” qurğusunun hazırladığını deyib. R.Camalova öz ixtirasının iş prinsipi barədə də ətraflı məlumat verib. İxtiraya patent alınmasına dair iddia ərizəsinin verilməsi ilə bağlı təklifi yüksək qiymətləndirən R.Camalova ilə Mərkəz arasında müqavilə imzalanıb. Eyni zamanda, ixtiranın beynəlxalq qeydiyyatı üçün köməklik göstəriləcəyi diqqətə çatdırılıb. İddia üzrə müvafiq prosedurların, ekspertiza və digər hüquqi hərəkətlər üzrə xərcləri mərkəz öz üzərinə götürüb. Xatırladaq ki, bir neçə gün öncə Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitdə akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin (İstək liseyi) 9-cu sinif şagirdi, 15 yaşlı Reyhan Camalova ixtirası ilə qatılıb və böyük uğura imza atıb. ABŞ prezidenti Donald Trampın qızı və baş müşaviri, prezidentin Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitindəki nümayəndəsi İvanka Tramp Reyhan Camalovanın nailiyyətini təqdir edib. Geri dön |