Ana Sayfa > Gündəm / Manşet / Karusel > Bu gün metropoliten işçilərinin peşə bayramıdır

Bu gün metropoliten işçilərinin peşə bayramıdır


8-11-2015, 13:57. Yazar: admin

Bakı metrosu ötən 48 ildə böyük inkişaf yolu keçib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 28 oktyabr tarixli fərmanı ilə noyabrın 8-i Bakı metropoliteni işçilərinin peşə bayramı günü kimi qeyd edilir.

Qapılarını 1967-ci ilin noyabrında sərnişinlərin üzünə açan Bakı metrosu ötən 48 ildə böyük inkişaf yolu keçib. Metromuz bu gün yeni həyatını yaşayır, qarşıda isə daha geniş hədəflər dayanır. Bayram ovqatlı bir gündə paytaxtımızın yeraltı nəqliyyat səltənətinin dünəninə, bu gününə və sabahına qısa nəzər salmaq yerinə düşər.

İlk metro qatarının hərəkətə başlaması Bakının tarixinə əlamətdar gün kimi daxil oldu. Çox keçmədi ki, metro və onun memarlıq üslubu ilə seçilən möhtəşəm yeraltı sarayları şəhərin rəmzləri sırasında layiqli yerini aldı. Həmçinin paytaxt sakinlərinə və qonaqlarına göstərilən yüksək xidmət mədəniyyəti sayəsində yeraltı polad magistral rahat ictimai nəqliyyat vasitəsinə çevrildi.

Hələ 1932-ci ildə Bakı şəhərinin inkişafının Baş Planının ilkin variantlarında metropolitenin inşası nəzərdə tutulurdu. 1941-ci ildə başlanan müharibə bu planın həyata keçirilməsinə mane oldu. Müharibə qurtardıqdan iki il sonra, 1947-ci ildə hökumət Bakı Metropoliteninin tikintisi ilə bağlı layihə-axtarış işlərinin aparılması barədə qərar qəbul etdi. 1949-cu ildə metropolitenin tikinti bazası yaradıldı, 1954-cü ildə isə birinci xəttin texniki layihəsi təsdiq olundu və metropolitenin 12,1 kilometrlik xəttinin inşasına başlanıldı. Bir müddət sonra dayandırılan tikinti işləri yalnız 1960-cı ildə bərpa olundu. Nəhayət, 1967-ci il noyabrın 6-da Bakı Metropolitenin 5 stansiyası və 9,2 kilometrlik yeraltı xətləri olan birinci növbəsi istifadəyə verildi.

Bakı metrosunun sonrakı inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1970-ci il aprelin 17-də metronun altıncı stansiyası açıldı. Bundan cəmi iki il sonra, 1972-ci il noyabrın 6-da Bakı Metropoliteninin daha üç stansiyası - “Məşədi Əzizbəyov” (indiki “Koroğlu”), “Avrora” (indiki “Qara Qarayev”) və “Neftçilər” stansiyaları işə salındı. Sonrakı illərdə metropolitenin xəritəsinə daha 10 stansiya - “Nizami”, “Bakmil”, “Elmlər Akademiyası”, “İnşaatçılar”, “20 Yanvar”, “Memar Əcəmi”, “Xalqlar dostluğu”, “Əhmədli”, “Cəfər Cabbarlı” və “Həzi Aslanov” stansiyaları əlavə olundu. Bu gün Bakı Metropoliteninin 23 stansiyası fəaliyyət göstərir.

Dövlətimizin başçısı İlham Əliyev metropolitenin inkişafına, əhatə dairəsinin genişləndirilməsinə böyük diqqət yetirir. “İçərişəhər”, “Koroğlu”, “28 May” stansiyaları yenidən qurulub. Bu gün paytaxtımızda metro tikintisi geniş vüsət alıb. 2016-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan “Avtovağzal” və “M.Əcəmi-2” stansiyalarında artıq son tamamlama işləri görülür.

Paytaxtımızın metrosunu qarşıda daha böyük perspektivlər gözləyir. “Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi”nə əsasən 2030-cu ilədək metro xətlərinin sayı beşə, ümumi uzunluğu isə 119 kilometrə çatdırılacaq. Həmin müddətdə 53 yeni stansiya və 84,3 kilometr metro xətləri inşa olunacaq.

Bu gün metro tikintisinə qabaqcıl xarici şirkətlər cəlb olunub. Qazma-tikinti işləri ən müasir avadanlıqlarla aparılır. Fransanın “Bouygues Travaux Publics, LLS” şirkəti “28 May” stansiyasında qatarların sərbəst hərəkətinin təmin edilməsi çərçivəsində aparılacaq yenidənqurma işlərində, o cümlədən yeni stansiyaların tikintisində iştirak edəcək. “Thales S.A” şirkəti isə Bakı Metropoliteninin texnoloji avadanlıqla təchizatını üzərinə götürüb. “Alstom Transport SA” şirkətindən müasir metro vaqonları alınıb.

Beləliklə, çox keçməyəcək ki, metro ilə paytaxtımızın hər bir guşəsinə rahat şəkildə gedib-gəlmək mümkün olacaq.
Geri dön