Ana Sayfa > Gündəm > Keçmiş iş yoldaşları Birinci vitse-prezidentin yeni köməkçisini belə xarakterizə etdilər

Keçmiş iş yoldaşları Birinci vitse-prezidentin yeni köməkçisini belə xarakterizə etdilər


16-11-2017, 18:19. Yazar: admin
Keçmiş iş yoldaşları Birinci vitse-prezidentin yeni köməkçisini belə xarakterizə etdilər


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə yeni köməkçi təyin edilib. Gündüz Kərimov Birinci vitse-prezidentin 4-cü köməkçisi olub. O, 1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr təhsilini, 2000-ci ildə isə magistratura təhsil pilləsini fərlqlənmə diplomu ilə bitirib. G.Kərimov 2011-2014-cü illərdə BDU-nun Hüquq fakültəsinin dekan müavini vəzifəsində çalışıb. 2014-cü ildən indiyədək BDU-nun Dəniz və Enerji Hüququ Mərkəzinin rəhbəridir.

Modern.az saytı Gündüz Kərimovun həmkarları ilə həmsöhbət olub.

Hüquq fakültəsinin dekanı Əmir Əliyev yeni təyinatın onun üçün gözlənilən olduğunu bildirib:

“Gündüz Kərimov qabaqcıl və savadlı hüquqşünasdır. 2011-ci ildən 2014-cü ilə qədər Hüquq fakültəsində dekan müavini vəzifəsində işləyib. 2014-cü ildə isə bizdə Dəniz və Enerji Hüququ Mərkəzi yaradıldı və Gündüz Kərimov da rəhbər vəzifəsində çalışmağa başladı. O, praktik hüquqşünasdır, bir neçə dil bilir. Eyni zamanda, tələbələr arasında yaxşı nüfuzu var. Bu səbəbdən yeni təyinat bizi çox sevindirdi.
Bilirsiniz, qeyd etdiyim kimi, Gündüz müəllim qabaqcıl hüquqşünas olduğu üçün ondan daim nailiyyətlər gözləyirdim. O, bu sahədə çox layiqli hüquqşünaslardan biridir. Gündüz Kərimov çox sadə, təvazökar insandır. Mən 2011-ci ildə dekan kimi fəaliyyət göstərməyə başlayanda o da dekan müavini təyin olundu. Gəncdir, BDU-nun məzunu olub, həm də xaricdə yaxşı təhsil alıb. Hesab edirəm ki, o, yeni vəzifəsinə layiqdir və bu təyinat Hüquq fakültəsinin əməkdaşı kimi məni də çox sevindirdi”.

Hüquq fakültəsinin elmi işlər üzrə dekan müavini Şəhla Səmədova da Birinci vitse-prezidentin yeni köməkçisi ilə bağlı müsbət düşüncədə olduğunu deyib:

“Elmlə məşğul olan gənc yaşda birinin dövlət vəzifəsinə təyin olunması həmişə yaxşı qəbul olunur. Hüquq fakültəsində əvvəllər də belə praktika olub. Milli Məclisdə, Prezident Aparatında, o cümlədən digər qurumlarda Hüquq fakültəsi ilə əlaqəsi olan adamlar çalışıb.
Gündüz Kərimov da fakültədə nisbətən cavan müəllimlərdən biridir. Mənim gözümdə onun müsbət cəhəti 3 dildə sərbəst dərs deməyidir. Bu baxımdan onun yerinə biz də çox şadıq. Həm praktika, həm də elmlə məşğul olan adamdır. Bir müəllim üçün əsas tələb öz ixtisasını yaxşı bilməsi, tələbələrlə ünsiyyət qurması və intizamlı olmasıdır. Bu xüsusiyyətlərin hamısı Gündüz Kərimovda var. Yeni işində də ona müvəffəqiyyətlər arzulayıram”.

G.Kərimovun digər kolleqası, Hüquq fakültənin qiyabi şöbə üzrə dekan müavini Həbib Cəfərov qeyd edib ki, yeni təyinata BDU-nun bütün fakültələri sevinib:

“Gündüz Kərimov kolleqamızdır və həmişə onu müsbət biri kimi tanımışıq. İşlədiyi dövrdə də nəinki dekanlığın, fakültənin də hörmətini qazanıb. O, həqiqətən mühüm vəzifələrə layiq insandır.
O, eyni zamanda savadlı, peşəkar hüquqşünasdır. Kolleqa kimi isə xeyrə-şərə yarayan, mehriban, ünsiyyətcil, kollektivdən geri qalmayan biridir. O, atamın hüzründə də canla-başla iştirak edib. Yəni bunu özümdən deyə bilirəm. Biz onun yeni təyinatına çox sevindik. Nəinki bizim fakültə, hətta başqa fakültələr də belədir. Gündüz Kərimov buna layiq insandır”.

aia.az
Geri dön