Ana Sayfa > Siyasət > Nazir həmsədrlərlə görüşdən danışdı: “Yekun addımı atmaqdan qorxurlar”

Nazir həmsədrlərlə görüşdən danışdı: “Yekun addımı atmaqdan qorxurlar”


16-11-2017, 17:46. Yazar: admin
Nazir həmsədrlərlə görüşdən danışdı: “Yekun addımı atmaqdan qorxurlar”



Bu gün həmsədrlərlə kifayət qədər ciddi söhbətimiz oldu ki, ən azından bir-birimizi aldatmağımız yetər, irəli getmək lazımdır.

“Mən danışıqların məzmunundan çox razı qaldım. Danışıqlar kifayət qədər konstruktiv və substantiv keçdi. Münaqişənin həllinə dair konkret məsələləri müzakirə etdik. Təfsilata varmayacağam, çünki bu görüşlərimizi ATƏT Xarici İşlər Nazirlərinin dekabrın əvvəllərində nəzərdə tutulmuş Vyana toplantısı çərçivəsində davam etdirmək barədə qərara gəlmişik”.

aia.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, prinsip etibarı ilə ideyalar var və həmsədrlər bir qədər də irəli getmək üçün bu ideyalar üzərində işləməyi öz üzərlərinə götürüblər: “Mənə həmişə sual verirlər ki, biz hansı plan üzrə işləyirik? Cavab verirəm ki, 2004-cü ildən Praqa prosesindən başlayaraq təklif olunan bütün ideyalar masa üzərindədir. Təbii ki, onların bir hissəsi həmsədrlərin dediyi 6 bəndən ibarət təkliflərdir. Siz onlara baxa bilərsiniz. Biz bu gün detallar üzərində işlədik. Deyə bilmərəm ki, hədsiz optimistəm. Həmsədrlərlə görüş göstərdi ki, biz, yəni Azərbaycan və həmsədrlər il yarımdan çox müddətdir ki, yerində addımlayan danışıqlar prosesini irəli aparmaqda qətiyyətlidir”.

Moskva səfəri ərəfəsində Bakıda demişdiniz ki, danışıqlar xətrinə danışıqlar aparmaq olmaz. Prosesi ölü nöqtədən tərpətmək lazımdır. Sizcə proses ölü nöqtədən tərpədilibmi? Bugünkü danışıqlar hansısa irəliləyişə ümid yaradırmı? sualına cavabından nazir deyib:

“Mən danışıqlarda hansısa irəliləyişin olduğunu deməyə şad olardım. Lakin bu irəliləyişə maneə olan məqamları özünün təhlil aparsanız, tapa bilərsiniz. Ümid həmişə var və bu ümid kifayət qədər ciddidir. Bu gün hiss etdim ki, həmsədrlər işə olduqca ciddi yanaşırlar. Açıq mətnlə dedilər ki, biz turist deyilik, bizə ciddi danışıqlar lazımdı, çünki biz ciddi ölkələri təmsil edirik. Mən bunu alqışlayıram. Çünki nə qədər bəhanə gətirmək olar? Gah deyirlər ki, bizdə seçkilər gedir, gah deyirlər polis məntəqəsinə basqın olub. Belə çıxır ki, bu danışıqlar sonsuzluğa qədər davam edəcək? Xeyr! Bu real deyil. Alternativ hamıya məlumdur. Bunu heç kim istəmir. Azərbaycan da istəmir ki, toqquşma baş versin.

Azərbaycan kifayət qədər iqtisadi cəhətdən inkişaf etmiş və iri geostrateji layihələr həyata keçirən ölkədir. Lakin boş söz-söhbətlər heç kimə lazım deyil və buna heç kim dözməyəcək. Bu gün həmsədrlərlə kifayət qədər ciddi söhbətimiz oldu ki, ən azından bir-birimizi aldatmağımız yetər, irəli getmək lazımdır. Məsələ burasındadır ki, hamı hansı yolla getmək lazım olduğunu çox gözəl bilir. Çünki plan məlumdur və mətbuatda yayılıb. Bu hamıya məlum olan məsələdir. Hamı münaqişənin həlli yolunu çox gözəl bilir, amma yekun addımı atmaqdan qorxurlar. Çünki bu addım siyasi addımdır”.

aia.az
Geri dön