Ana Sayfa > Karusel / Gündəm > Ölkə üzrə 7 mindən çox insanın pensiyası artıb
Ölkə üzrə 7 mindən çox insanın pensiyası artıb16-11-2017, 14:41. Yazar: admin |
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Şabran rayonunda bu rayonun və Siyəzən, Quba, Qusar, Xaçmaz rayonlarının sakinlərini fərdi qaydada qəbul edib. ƏƏSMN-nin mətbuat xidmətində verilən xəbərə görə, müraciətlər tibbi-sosial reabilitasiya, məşğulluğun təmin edilməsi, özünüməşğulluq proqramına və peşə hazırlığına cəlb olunma, imtiyazlı şəxslərin mənzillə təminatı, əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən olunması və s. məsələləri əhatə edib. Qəbul zamanı hər bir müraciət nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə cavablandırılıb, müraciətlərdə ifadə olunan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb. Vətəndaşlarla görüşündə S.Müslümov vurğulayıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq respublikamızın regionlarının inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları Quba-Xaçmaz iqtisadi rayonunda (Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən rayonları) da çoxsaylı yeni müəssisələrin və iş yerlərinin yaranmasına səbəb olub. Görülən kompleks tədbirlər bölgədə əmək resurslarının səmərəli məşğulluq imkanlarını əhəmiyyətli şəkildə artırıb: “Bununla yanaşı, nazirlik tərəfindən bu rayonlarda aktiv məşğulluq tədbirləri davam etdirilir və cari ilin yanvar-oktyabr aylarında nazirliyin məşğulluq orqanlarının xətti ilə Şabran, Siyəzən, Quba, Qusar, Xaçmaz rayonlarında əlavə olaraq 2015 nəfər işsiz və işaxtaran şəxsin münasib iş yerləri ilə təminatı həyata keçirilib, 70 nəfər peşə hazırlığı və əlavə təhsil kurslarına, 30 nəfər ödənişli ictimai işlərə cəlb olunub”. Qəbula gələn vətəndaşların bir qisminin iş yerləri ilə təmin olunmaları üçün etdikləri müraciətlərlə bağlı yerindəcə tədbirlər görülüb. Onlara təklif olunan boş (vakant) iş yerləri üzrə seçdikləri, əmək bacarıqlarına uyğun gələn iş yerlərinə göndərişlər verilib. Ayrı-ayrı şəxslər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmaları üçün qeydiyyata götürülüblər. S.Müslümov bildirib ki, dövlət başçısının müvafiq Sərəncamına əsasən icra olunan özünüməşğulluq proqramına bu beş rayon üzrə 81 nəfər cəlb olunub, onlardan böyük əksəriyyətinə mal və materiallar verilib və onlar ailə təsərrüfatlarını qurublar. Gələn ilin əvvəlindən tətbiq olunacaq işsizlikdən sığorta sisteminin formalaşdırdığı maliyyə vəsaitlərinin mühüm bir hissəsi özünüməşğulluq proqramının genişləndirilməsinə yönəldiləcək. Nəticədə, bütün ölkədə, o cümlədən bu beş rayon üzrə özünüməşğulluq proqramına cəlb olunanların sayı dəfələrlə artacaq. Ayrı-ayrı vətəndaşların sığorta-pensiya münasibətləri ilə bağlı müraciətləri də aidiyyəti üzrə cavablandırılıb, onlara dolğun hüquqi izahatlar verilib. Nazir vurğulayıb ki, cari ildə pensiya sistemində həyata keçirilən növbəti islahat tədbiri işləyən əhalinin, o cümlədən yaşa görə əmək pensiyasına çıxdıqdan sonra işləməkdə davam edən şəxslərin layiqli pensiya təminatı imkanlarını daha da artırıb: “Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş son dəyişikliklər yaşa görə pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox müddətdə işləyən pensiyaçılardan 01 noyabr 2017-ci il tarixə 7,7 min nəfərinin aylıq pensiyasının orta hesabla 176 manat artmasına səbəb olub ki, bu da böyük ictimai məmnunluqla qarşılanır”. İmtiyazlı şəxslərin mənzillə təminatı ilə əlaqədar müraciətləri cavablandırarkən S.Müslümov diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 20 iyun 2014-cü il tarixli Sərəncamına əsasən görülən işlər çərçivəsində Şabran, Siyəzən, Quba, Qusar, Xaçmaz rayonlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün elə yaşadıqları ərazidə 31 ədəd fərdi yaşayış evinin tikintisi işləri aparılıb. Onlardan inşası başa çatmış artıq 23 ədəd ev qeyd olunan insanların istifadəsinə verilib, qalan evlərin tikintisi yaxın vaxtlarda yekunlaşdıqdan sonra müvafiq şəxslərə təqdim olunacaq. Vətəndaşlardan bir qisminə müraciətlərinə uyğun olaraq bərpa müalicəsi xidməti göstərilməsi üçün nazirliyin reabilitasiya müəssisələrinə qəbul olunmaları barədə tapşırıq verilib. 3 nəfər şəxsə ehtiyacı nəzərə alınmaqla əlil arabası təqdim edilib. S.Müslümov bölgədə yaşayan əlilliyi olan şəxslər üçün nazirliyin Xaçmaz rayonunda Əlillərin Regional Bərpa Mərkəzinin fəaliyyət göstərdiyini, burada aparılan işlərin davamı kimi, ötən il və cari ilin 10 ayında həmin Mərkəzdə 400 nəfərə yaxın əlilliyi olan şəxsin bərpa müalicəsi xidməti ilə təmin edildiklərini diqqətə çatdırıb, eyni zamanda həmin Mərkəzin yaxın vaxtlarda əsaslı təmirinin gündəlikdə olduğunu bildirib. Qəbul zamanı vətəndaşlar ölkəmizdə sosial rifah halının yaxşılaşdırılması, həssas əhali qruplarına dövlət qayğısının artırılması, bütün bölgələrdə olduğu kimi, Quba-Xaçmaz iqtisadi rayonunda da yerli iqtisadiyyatın inkişafı və bölgə əhalisinin məşğulluğunun artırılması üçün həyata keçirilən məqsədyönlü tədbirlərə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan müraciətlərdə əksini tapan məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. aia.az Geri dön |