Ana Sayfa > Gündəm > APA-nın 13 yaşı tamam oldu

APA-nın 13 yaşı tamam oldu


16-11-2017, 10:22. Yazar: admin
APA-nın 13 yaşı tamam oldu

"Azəri-Press" Agentliyinin (APA) fəaliyyətə başlamasından 13 il ötür.

aia.az-ın məlumatına görə, "Azəri-Press" Agentliyi (APA) MMC 2004-cü il yanvarın 8-də Ədliyyə Nazirliyində qeydiyyatdan keçib və həmin il noyabrın 16-dan fəaliyyətə başlayıb. Agentlik Azərbaycan, rus, ingilis, ərəb, fransız və erməni dillərində xəbər xidməti göstərir. Xəbər xidməti xüsusi bülletenlər və on-line sistemi ilə həyata keçirilir. İnformasiya bloklarında Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni və idman həyatına dair məlumatlar, regionda və dünyada baş verən hadisələrlə bağlı operativ xəbərlər əksini tapır.

Agentlik həftənin bütün günləri hər altı dildə ümumi, iqtisadi, foto və video buraxılışları, ayda iki dəfə olmaqla iqtisadi və siyasi analitika bülletenləri hazırlayır. Operativ, dəqiq, tərəfsiz informasiya siyasəti yürüdən APA Türkiyə, Yaxın Şərq, Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Mərkəzi Asiya respublikaları, Baltikyanı ölkələr, Avropa dövlətləri və ABŞ-ın aparıcı kütləvi informasiya vasitələri, telekanallar, elektron yayım quruluşları və mətbuat orqanları ilə əməkdaşlıq edir. Adı çəkilən dövlətlərin bir sıra yayım quruluşları ilə əldə olunan əməkdaşlıq haqqında razılaşmaya əsasən bu qurumlarla informasiya mübadiləsi aparılır.
Agentliyin müştəriləri arasında Azərbaycanda fəaliyyət göstərən xarici səfirliklər, beynəlxalq təşkilatların təmsilçilikləri, dövlət orqanları, nazirliklər, maliyyə qurumları, beynəlxalq maliyyə təşkilatlarının ölkəmizdəki nümayəndəlikləri, xarici şirkətlər, yerli və xarici biznes strukturları da var. Azərbaycanda nəşr olunan və yayımlanan əksər kütləvi informasiya vasitəsi APA-nın abunəçisidir. Abunəçilər sırasında ölkənin aparıcı iqtidar və müxalifət mətbuatı, müstəqil media qurumları üstünlük təşkil edir. Ölkənin əksər qeyri-hökumət təşkilatları, xarici dövlətlərdə fəaliyyət göstərən Azərbaycan diaspor qurumları da APA-nın abunəçisidir.
Agentliyin www.apa.az ünvanlı internet saytı fəaliyyət göstərir.

APA-nın Azərbaycanın bütün bölgələrində, həmçinin Türkiyə, Rusiya, İran, Gürcüstan, Mərkəzi Asiya, Fransa və ABŞ-da ofisləri fəaliyyət göstərir.

APA-nın tərkibində xüsusi olaraq iqtisadiyyatla bağlı "APA-Economics” bölməsi fəaliyyət göstərir.

Agentlik 2012-ci ildən etibarən "APA Holdinq” MMC-nin tərkibində fəaliyyət göstərir.

aia.az
Geri dön