Ana Sayfa > Təhsil > ADPU barəsində səslənən ittihamlara cavab verdi – “ƏSASSIZDIR!”

ADPU barəsində səslənən ittihamlara cavab verdi – “ƏSASSIZDIR!”


14-11-2017, 13:12. Yazar: admin
ADPU barəsində səslənən ittihamlara cavab verdi – “ƏSASSIZDIR!”


Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) “Gündəm xəbər” qəzeti və saytında onunla bağlı yer alan “ADPU-da kütləvi narazılıq dalğası” sərlövhəli yazıya cavab verib. Moderator.az–a ADPU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumatı olduğu kimi oxucuların diqqətinə çatdırırıq:

“Gündəm xəbər” qəzetinin 13-19 noyabr 2017-ci il tarixli № 58(1299)-ci sayında və eləcə də noyabrın 13-də “Gündəm xəbər” saytında “ADPU-da kütləvi narazılıq dalğası” sərlövhəli həqiqətdən uzaq yazı dərc olunmuşdur. Həmin yazıya cavab olaraq aşağıdakı faktları diqqətinizə çatdırmağı məqsədəuyğun bilirik:

1.P.Cəfərova qeyd edir ki , tanımadığı qruplarda nümunə dərsi aparıb.

Bildiririk ki, müəllimin auditoriyanı tanıyıb-tanımamğının keyfiyyətli dərs demək üçün heç bir əhəmiyyəti yoxdur. Burada müəllimin fənni mükəmməl bilməsi və tədris etməsi əsasdır. P.Cəfərova dərsi lazımi səviyyədə apara bilməyib. Ümumiyyətlə, dərsin mühazirə və ya seminar məşğələsi olması aydın olmadı. Halbuki o, mühazirə məşğələsi keçməli idi.

Öyrədici–texniki mühitin yararsız olmasının bəhanə gətirən P.Cəfərova bununla dediyi dərsdəki çatışmazlıqları ört-basdır etməyə çalışır. Onun dərsi nəzəri-metodik cəhətdən düzgün deyildi və təkrar müzakirə zamanı bu nöqsanlar bir daha qeyd edildi.
3.Müsabiqədə P.Cəfərova ilə iştirak edən Səmədzadə Fəridə Oqtay qızı “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə magistr təhsili almışdır, doktorantdır. P.Cəfərovanın özünün də baza təhsili “Məktəbəqədər təlim və tərbiyə” ixtisası deyildir. İbtidai təhsil fakültəsini bitirmişdir.

P.Cəfərovanın qeyd etdiyi kimi, Fəridə Səmədzadənin atası Oqtay Səmədzadə Müseyib İlyasovun həyat yoldaşının işlədiyi məktəbin direktoru yox, Sabunçu rayonundakı 279 nömrəli tam orta məktəbin direktorudur. P.Cəfərovanın yazdığı “Fakültə seçki komissiyasının sədri” (belə bir vəzifə mövcud deyil) Müseyib İlyasovun həyat yoldaşı isə 82 nömrəli tam orta məktəbin müəllimidir. Burada da başqalarını saxtakarlıqda günahlandıran P.Cəfərova özü saxta danışmaqla insanları aldatmağa çalışır.
5.P.Cəfərovanın “bu fənni heç bir zaman tədris etməyən” adlandırdığı Həsənova Pərişan Məhərrəm qızı “Məktəbəqədər təlim və tərbiyə” ixtisası üzrə ali təhsil almışdır, pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllimdir. Uzun müddət Bakı Qızlar Univeritetində kafedra müdiri işləmiş və bu fənni tədris etmişdir.Yüksək hazırlılı müəllimdir.

6.P.Cəfərova təkrar müzakirə vaxtı Qarabağ münaqişəsini dərsdə qeyd etdiyi üçün ona irad tutulduğunu bildirir. P.Cəfərovanın müraciətində Qarabağ münaqişəsini və Təhsil Strategiyasının ona irad tutlmasını ön plana çəkməsi əslində dərsinin aşağı səviyyədə olmasını gizlətmək üçün bir vasitədir. Onun gətirdiyi arqument dərsin səviyyəsinin yüksək olması demək deyildir.

7.P.Cəfərova qeyd edir ki, təkrar müzakirə zamanı “ən gülünc irad” komissiya üzvlərinin dərsi təlimçi kimi aparmağımı irad tutmaları idi.

P.Cəfərova 40 nəfərlik və 40 kvadrat metrlik auditoriyada əlini yuxarı qaldıraraq “uşaqlar, məni görürsünüz?”- deməsi kurslarda təlim aparan təlimçi kimi təəssürat yaradırdı. P.Cəfərova mühazirəçi müəllim kimi deyil, özünü təlmçi kimi aparırdı. Başa düşmürdü ki, o bağça uşaqları ilə deyil, tələbələrlə işləyir.

P.Cəfərova müsabiqə və apelyasiya müddətində qeyri-obyektivliyə, qərəzli münasibətə yol verildiyini iddia edir.
Müsabiqə və apelyasiya müddətində heç bir qeyri-obyektivliyə, qərəzli münasibətə, məkrli idarəçiliyə yol verilməmişdir. Bütün dərslərin videoçəkilişi vardır. Fakültə dekanı Şəhla Əliyeva heç kimə təsir göstərməmiş və xahiş etməmişdir. Komissiyanın tərkibinə bu sahənin tanınmış mütəxəssisləri, görkəmli alimlər və fakültənin ən yaxşı müəllimləri daxildir. Onlara təsir və ya təzyiq olunmamışdır. Əgər P.Cəfərova özünü həqiqətən bacarıqlı müəllim hesab edirsə, niyə birillik müqavilə ilə işləməkdən və yenidən seçkiyə getməkdən imtina etdi? İkinci dəfə seçkiyə girib özünü sübüt edə bilərdi.

9.P.Cəfərova iddia edir ki, kafedra müdiri M.İlyasov tərəfindən ona birillik müqavilə üçün ərizə yazmaq təklif olunub. Guya M.İlyasov qeyd edib ki, müqaviləyə qol çəkməsə, işdən azad olunacaqdır və onu 14 sentyabr 2017-ci il tarixdə işdən azad edib.

Əslində, belə bir üey olmamışdır. Bu P.Cəfərovanın növbəti yalanıdır. Ona topladığı balın müqabilində birillik müqavilə bağlamaq təklif olunmuşdur. O isə bundan özü imtina etmişdir.

10.P.Cəfərova qeyd edir ki, xəstələnib və bülletendə olduğu halda işdən çıxarılıb. Onun müqavilə müddəti aprel ayında başa çatmış, müqavilə müddəti sentyabrın 15-dək uzadılmışdır. Birillik müqavilədən imtina etdiyi üçün işinə xitam verilmişdir. Bülleten təqdim olunmamışdır.Xəstə olması barədə heç kimə məlumat verməmişdir.

Bunu da qeyd etmək istəyirik ki, P.Cəfərovanın 2016-2017-ci tədris ilində Davamlı təhsil və təlim şöbəsində dinləyicilərdən sərbəst iş üçün 20 AZN pul alaraq onlara qiymət yazması haqqında 3 nəfər tələbənin ərizəsi vardır.

2016/2017-ci tədris ilində müəllimlərin işə qəbulu ilə bağlı verilmiş elana əsasən “Yaş və pedaqoji psixologiya” kafedrasında “Eksperimental psixologiya” fənnindən müsabiqədə iştirak etmək üçün 2 nəfər ərizə vermişdir. Bunlardan biri psixologiya üzrə fəlsəfə doktoru, dosent Vəlimedova Olqa Viktorovna, digəri isə Əlixanova Gülnarə Həmzəbəyovna olmuşdur.

Fakültədə müsabiqənin şəffaflığını və obyektivliyini təmin etmək məqsədilə sınaq (nümunəvi) dərslər təşkil edilmişdir. Belə ki, müsabiqənin keçirilməsi üçün elmi dərəcəsi və adı olan səriştəli professor-müəllimlərdən: Yaş və pedaqoji psixologiya kafedrasının müdiri, psixologiya üzrə elmlər doktoru, prof.Ərəstun Baxşəliyev, Ümumi psixologiya kafedrasının müdiri, psixologiya üzrə elmlər doktoru, prof.Ramiz Əliyev, Məktəbəqədər təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, pedaqogika üzrə elmlər doktoru, prof.Museyib İlyasov, Korreksiyaedici təlim kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dos.Nailə Hüseynova, o cümlədən dos.Şərafət Baxışova, dos.Zərifə Əliyeva, dos.Ülviyə Əfəndiyeva və s. əməkdaşlardan ibarət fakültənin Tədris Metodik Şurasında iddiaçıların sınaq dərsləri əvvəlcədən müəyyən olunmuş müxtəlif meyarlar əsasında qiymətləndirilmişdir.

Qeyd olunan kafedrada tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması qaydaları barədə bütün iddiaçıların hər birinə əvvəlcədən məlumat verilmişdir.

Qaydalara görə iddiaçıların hər biri seçdiyi fənn üzrə sınaq (nümunə) dərsi keçməli idi. Hər bir iddiaçının dərsində fakültənin müvafiq kafedrasının əməkdaşları, o cümlədən Tədris Metodik Şura üzvləri iştirak etmiş və dərsin daha geniş tərkibdə müzakirə edilməsi üçün video çəkiliş də aparılmışdır. Bu qayda bütün digər iştirakçılarda olduğu kimi O.Vəlimedovanın keçdiyi sınaq dərsində də tətbiq edilmiş və video çəkiliş aparılmışdır.

Video çəkilişə baxış zamanı O.Vəlimedovanın “Eksperimental psixologiya” fənni üzrə dərs keçməli olduğu halda, yalnız psixologiyanın ümumi məsələlərindən danışdığı və dediklərinin böyük bir hissəsinin elmi səhvlərdən ibarət olduğu məlum olmuşdur. Eyni zamanda məlum olmuşdur ki, metodiki tələblərə dərs prosesində əməl olunmamışdır.

Mütəxəssislərin qənaətinə görə O.Vəlimedovanın sınaq dərsində mühazirənin quruluşuna dair tələblər ödənilməyib. Belə ki:

müəllimin (yəni iddiaçı O.Vəlimedovanın) dərsə aid hazırlığı, mövzu ilə bağlı bilik səviyyəsi yetərsiz olmuşdur;

dərsdə iddiaçı tərəfindən eksperimental psixologiya, eləcə də mövzu ilə bağlı əsaslı fikir və anlayışlar səslənməmişdir.

Bunun əksinə olaraq digər iddiaçı – Əlixanova Gülnarənin dərsində isə qeyd edilən əksər tələblər ödənilmişdir.

Şura üzvləri O.Vəlimedovanın elmi fəaliyyətini deyil, seçki üçün tələb olunan sınaq dərsini qiymətləndirmişdir. İddiaçı O.Vəlimedova tərəfindən təqdim edilən bu dərs onun eksperimental psixologiyanı tədris etməsi üçün lazımi biliyə malik olmadığı qənaətini doğurmuşdur.

Şura üzvlərinin ayrı-ayrılıqda hər birinin 33 bənddən ibarət tələblərə uyğun şəkildə verdikləri ballar ümumiləşdirilərkən O.Vəlimedovanın 20,6 bal topladığı məlum olmuşdur.

O.Vəlimedovanın müsabiqənin nəticəsi barədə apellyasiya şikayəti əsasında video çəkilişə yenidən baxılmış və verilən balların doğruluğu bir daha şura üzvləri tərəfindən təsdiq olunmuşdur. Apellyasiya şikayətinə yenidən baxılacağı və onun vaxtı ilə bağlı O.Vəlimedovaya əvvəlcədən məlumat verilmiş və o, bununla əlaqədar narazılığını bildirməmişdir. Nəticədə 06.05.2017-ci il tarixində apellyasiya təyin olunmuşdur. Tədrisin idarə olunması və tədris texnologiyaları mərkəzinin direktor müavini, dos.Ənvər İmanov və kafedranın rəhbərliyi tərəfindən O.Vəlimedovaya xəbərdarlıq olunmasına baxmayaraq təkrar baxışda iştirak etməmişdir.

O.Vəlimedovanın ölkə başçısına və digər təşkilatlara müxtəlif saytlarda yazdığı şər, böhtan dolu yazıları ilə bağlı aşağıdakıları bildirməyi lazım bilirik:

O.Vəlimedova iddia edir ki, ona müsabiqədə dərs deyəcəyi fənni və mövzunu məcburi veriblər.

O.Vəlimedova bilməli idi ki, müsabiqədə iştirak etmək üçün hər hansı bir fənn üzrə iddiaçı müəllim proqrama uyğun fənnin bütün mövzularında dərs deməyi bacarmalıdır.

O.Vəlimedovaya da digər iddiaçılarda olduğu kimi əvvəlcədən fənnin sillabusu təqdim olunub və sınaq dərs günü o, heç bir kənar təzyiq olmadan özü hansı mövzunu istəyibsə onu da seçib və dərsini özünün seçmiş olduğu mövzu üzrə deyib.

Əgər o, dərsə girmək istəmirdisə heç kim onu bu işə məcbur edə bilməzdi. Çünki onun adlarını öz yazılarında çəkdiyi S.Salamova, P.Cəfərova və digər iddiaçılar da hansı fənn üzrə ərizə vermişdilərsə o fəndən də dərs demişlər. Digər bir faktı da deyə bilərik ki, əgər onun müəyyən etirazı olsaydı həmin fənn və mövzudan dərs keçməzdi və heç kim onu buna məcbur edə bilməzdi.

O.Vəlimedova bildirir ki, “Eksperimental psixologiya” fənni üzrə tədrisi hələ altı ay sonra olacaq mövzudan dərs keçməyə məcbur edilmişdir.

Məlumat üçün nəzərinizə çatdırmaq istəyirik ki, “Eksperimental psixologiya” fənni mövcud tədris planına uyğun olaraq tədris ilinin birinci semestrində tədris olunur və bu fənn üzrə dərslər dekabr ayında başa çatır. Müsabiqə isə aprel ayında keçirilmişdir. Başqa sözlə, O.Vəlimedovanın iddia etdiyi kimi o, altı ay sonra keçiriləcək mövzu üzrə deyil, artıq keçirilmiş mövzu üzrə dərs deməyə razılaşmışdır.

Xüsusi olaraq bildirmək istəyirik ki, fənn üzrə iddiaçı olan digər müəllimlər kimi O.Vəlimedova da müsabiqədə iştirak edəcəyini özü bilirdi. O da digər müəllimlər kimi iddiaçı olduğu fənnin kafedra tərəfindən təsdiq olunmuş işçi tədris planı (sillabus) ilə əvvəlcədən tanış olmuşdur. Mövzular ilə əvvəlcədən tanış olduğu üçün o, bu fənnin hansı mövzulardan ibarət olduğunu müsabiqə başlamadan əvvəl də çox yaxşı bilirdi və müsabiqə keçiriləcək vaxta qədər onun bir mütəxəssis kimi bu mövzulara hazırlaşmaq üçün kifayət qədər vaxtı olmuşdu.

Bütün bunları bildiyi halda onun sınaq dərsində fəndən və tədris etməli olduğu mövzudan kənar ümumi xarakterli mözu ilə dərs deməyə çalışması başa düşülən deyil. Bundan başqa əgər o, “Eksperimental psixologiya “ üzrə mütəxəssis deyildisə o zaman nə üçün bu fənn üzrə müsabiqədə iştirak etməyə ərizə vermişdi?! Belə çıxır ki, O.Vəlimedova əvvəlcədən nümunəvi sınaq dərs keçməyə yox, “nümunəvi böhtan” atmağa hazırlaşırmış.

O.Vəlimedova psixologiya üzrə 27 fəndən dərs dediyini bildirir.

Əlbəttə, bu mümkün olan və inandırıcı bir məsələ deyil. Hər bir mütəxəssis təsdiq edə bilər ki, psixologiya üzrə heç kim 27 fəndən yüksək səviyyədə dərs deyə bilməz. Digər bir məsələ isə yenə maraq doğurur. Necə olur ki, 27 fəndən yüksək səviyyədə dərs aparan müəllim özünün ərizəsi və arzusu ilə tədris etmək istədiyi “Eksperimental psixologiya”dan son dərəcə aşağı səviyyəli dərs aparmışdır?

Onu da bir daha xüsusi qeyd etmək istərdik ki, iddiaçı müsabiqə günündən iki ay əvvəldən artıq hansı fəndən və hətta o fənnin hansı mövzularından dərs deyəcəyini də bilirdi. Əgər o, həqiqətən də məcbur edilmişdisə niyə əvvəlcədən universitet rəhbərliyinə bu barədə məlumat verməmişdir?

Özünün keyfiyyətsiz dərs dediyini etiraf etmək əvəzinə, O.Vəlimedova şər, böhtan və qarayaxma yolunu tutaraq müxtəlif saytlarda çıxış etmək, yuxarı təşkilatlara şər və böhtan dolu ərizələr yazmaq yolu ilə böyük ustalıqla diqqəti əsl məsələ olan özünün keyfiyyətsiz dərsindən yayındırmağa çalışır.

Məlumat üçün bildirmək istəyirik ki, ADPU “Yaş və pedaqoji psixologiya” kafedrasının iclasında (10.06.2017-ci il tarixli 19 nömrəli protokol) müsabiqənin yekunları müzakirə edilərkən onun obyektiv, qaydalara uyğun keçirildiyi qeyd edilmiş, nəticələr ümumiləşdirilmişdir. Nəticədə kafedra müdiri müsabiqənin düzgün, obyektiv keçirildiyini bildirmiş, qalib olanları təbrik etmişdir. Bununla belə, həmin iclasda kafedranın dərs yükünün imkan verdiyini nəzərə alaraq ADPU-nun rektorluğundan müsabiqədən keçməyən müəllimlərlə birillik müqavilə bağlamaq, onların gələcək müsabiqələrdə iştirak etmələrinə şərait yaratmaq xahiş edilmişdir. O.Vəlimedova da həmin iclasda iştirak etmiş, qərarlara hamı ilə birlikdə səs vermişdir.

Kafedranın müsabiqədə qalib olmayan digər müəllimləri kimi O.Vəlimedovaya da birillik müqavilə bağlamaq və yenidən müsabiqədə iştirak etmək təklif olunmuşdur. O, da öz növbəsində bu təkliflə əvvəlcə razılaşmış, amma iki aydan sonra bizə məlum olmayan səbəblərdən bundan imtina edərək şikayət ərizələrində və müxtəlif KİV-lərdə iş yoldaşlarına, universitetin və fakültənin rəhbərliyinə qarşı qərəzli, qeyri-obyektiv mövqe tutmuşdur.

O.Vəlimedova müxtəlif saytlarda, yazdığı ərizələrdə özünü elə təqdim edir ki, ilk baxışda ona qərəzli münasibətin olduğu, çox görkəmli alimin ədalətsizliklə üzləşdiyi təsəvvürü yaransın.

O.Vəlimedova belə bir təsəvvürü yaratmaq üçün faktları təhrif edir, qarayaxmalara əl atır. Saytlardan birində 40-dan artıq elmi əsərin, çoxsaylı kitab və dərsliklərin, ABŞ-da nüfuzlu jurnallarda elmi məqalələrinin nəşr olunduğu göstərilir. Onun özünün mart 2017-ci il tarixində imzaladığı elmi-metodik əsərlərin siyahısında 35 adda elmi əsərin adı verilir. Onların arasında bir dənə olsun dərslik yoxdur. Tezislər isə məqalə kimi təqdim olunur.

Şura üzvləri iddiaçıların – O.Vəlimedovanın və G.Əlixanovanın elmi-metodiki fəaliyyətləri ilə tanış olarkən müəyyən etmişdir ki, O.Vəlimedova psixologiya üzrə fəlsəfə doktorudur, onun 35 adda elmi məqaləsi vardır. Onlardan biri xaricdə çap olunmuşdur. G.Əlixanova dissertantdır, dissertasiyasını Bakı Dövlət Universitetində yerinə yetirmişdir. Elmi işi müdafiə ərəfəsindədir. 39 elmi-metodik əsərin müəllifidir. Onlardan 5-i xaricdə çap olunmuşdur.

Vəlimedova iddia edir ki, onun fənn üzrə sınaq dərsi mühazirə amma digər iddiaçı olan G.Əlixanovanın sınaq dərsi isə seminar formasında aparılıb.
Bildirmək istəyirik ki, onun bu iddiası da tamami ilə əsassız və həqiqətdən uzaqdır. Belə ki, bu fənn üzrə müsabiqədə iştirak edən iddiaçıların hər ikisi dərsləri eyni fənn üzrə mühazirə şəklində aparmışlar. Eləcə də O.Vəlimedova və onun seçkidə rəqibi olan G.Əlixanova “Eksperimental psixologiya” fənni üzrə dərsləri ancaq mühazirə formasında aparmışdır. O.Vəlimedova bu əsassız iddiası ilə yenə də diqqətləri özünün keyfiyyətsiz dərsi olan əsl məsələdən yayındırmağa çalışır.

O.Vəlimedova yazır: “Heç vaxt təsəvvür edə bilməzdim ki, ömrünü müəllim və elmə həsr edən adama, milli azlığın nümayəndəsinə qarşı belə terror etmək mümkündür”.

Əvvəla, tam məsuliyyətlə bildirmək istəyirik ki, “milli azlığın nümayəndəsinə qarşı terror” ifadəsinin işlənməsi düşünülmüş şəkildə milli hislərlə oynamaqdır. İkincisi,“onun yerini tutan” Əlixanova Gülnarə Həmzəbəyovna da milliyyətcə ləzgidir. Deməli, burada heç bir milli ayrıseçkilikdən söhbət belə gedə bilməz.

O.Vəlimedova yazır: “Mənim rəqibim Əlixanova Gülnarə İxtisasartırma və yenidənhazırlanma İnstitutunun texniki işçisidir, elmi dərəcəsi və baş müəllimliyi olmayan adam pulun qarşılığında mənim əvəzimə təyin olunaraq işə təqdim etdiyi sənədlərdə özünü “baş müəllim” yazır, dövlətimizi aldadaraq yalan yolu ilə mühazirə dərslərini aparıb, maaşı artıqlaması ilə alacaq”.

Birincisi, Olqa Vəlimedova bilməlidir ki, ali məktəbdə seminar və ya mühazirə aparmağın maaşa heç bir dəxli yoxdur. Deməli, heç kim dövləti aldatmır. İkincisi, bu müsabiqədir, heç kimin əvəzinə təyinat aparılmır.

Əlixanova Gülnarə Həmzəbəyovnanın “Əmək kitabçası”nda yazılır: “26 dekabr 2014-cü ildə İnstitutun Elmi Şurasında müsabiqədən keçdiyi üçün “Psixologiya və ictimai elmlər” kafedrasının baş müəllimi təyin edilsin və əmək müqaviləsi bağlansın” (26.12.2014; Əmr №11). Göründüyü kimi Gülnarə Əlixanova heç kimi aldatmayıb.

O.Vəlimedova cənab Prezidentə yazdığı ərizədə ağır ittiham irəli sürür: “İş yerimi başqasına satıb məni işdən çıxardıblar”.

Sual olunur, nə vaxtdan bu, onun şəxsi iş yeri olub? Məgər O.Vəlimedova kafedradakı dosent və ya müəllim vəzifəsini özəlləşdirib? O.Vəlimedova hələ də bilmir və ya bilmək istəmir ki, kimliyindən asılı olmayaraq müqavilə müddəti bitdikdən sonra onun tutduğu yer (professor, dosent və s.) boş yer hesab olunur və oranı tutmaq üçün açıq müsabiqə elan olunur. Buna görə də onun “müsabiqədə iştirak etməyə məcbur qalmışam” ifadəsi yalandan başqa bir şey deyildir. O, özü də əvvəlcədən çox yaxşı bilirdi ki, tədris ilinin sonunda onun müqavilə müddəti başa çatacaq.

O.Vəlimedova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yazdığı ərizədə göstərir: “Müsabiqənin nəticəsi o oldu ki, seçilənlərdən 70-80 faizi bir saat dərs deməmiş laborantlar, texniki işçilər, magistr, elmi dərəcəsi olmayan adamlardır”. “Nəticədə təhsilə və elmə aid olmayan adamlar bu müsabiqədən keçdilər”. Cənab Prezidentə ünvanlanan şikayət məktubunda daha sonra qeyd edilir: “…Onlar bir dərsi əzbərləyib, tanış və pulun müqabilində özlərinə fakültə dekanı Şəhla Əliyevanın köməyi ilə yüksək bal alıb savadlı elm adamlarını kənara ataraq beş il müddətində müəllim işləmək hüququ qazanıblar”.

Bununla bağlı göstərilənlər şər və böhtandan başqa bir şey deyildir. Belə ki, universitetdə tədris olunan fənlər üzrə vakant professor, dosent, baş müəllim və müəllim vəzifələrinin tutulması üçün 8 fakültədə, 39 kafedrada 87 fənn üzrə 114 yer müsabiqəyə çıxarılmışdır. Sənəd qəbulu zamanı 114 yerə 500 nəfərin sənədi qəbul edilmiş, onların 350 nəfəri universitet əməkdaşları, 150 nəfəri isə digər ali təhsil müəssisələrində və ümumi təhsil məktəblərində işləyən müəllimlər olmuşdur. Sənəd verənlərdən 230 nəfərin elmi dərəcəsi olmuşdur.

Müsabiqənin yekunlarına əsasən universitet üzrə müsabiqəyə çıxarılan 114 yerdən 112-də müsabiqə baş tutmuşdur. Müsabiqənin nəticələrinə əsasən qalib gələn 112 nəfərdən 12 nəfəri professor, 45 nəfəri dosent, 44 nəfəri baş müəllim, 11 nəfəri müəllimdir. Qalib gələnlərin 90%-i, yəni 100 nəfəri ADPU-nun əməkdaşları, 10%-i, yəni 12 nəfəri isə kənardan müsabiqədə iştirak edənlərdəndir.

“Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim” fakültəsində 4 kafedrada, 11 fənn üzrə 15 yer ayrılsa da, 13 nəfər qalib olmuşdur. Bu fakültədə qaliblərdən 4 nəfər dosent, 4 nəfər baş müəllim, 5 nəfəri müəllimdir. Qaliblərin 7-si fəlsəfə doktorudur. Göründüyü kimi bu müabiqənin iştirakçılarının və qaliblərinin hər biri elm və təhsillə bağlı olan insanlardır. Elm və təhsilə aidiyyatı olmayan heç kim müsabiqədə iştirak etməmişdir.

O.Vəlimedova yazır: “Bəzi dərslər 80 dəqiqədən az, yarımçıq, on dəqiqəlik keçilib”.

Müsabiqənin gedişi zamanı, həqiqətən də sınaq dərslərinin çəkilişinə gəlməkdən imtina edən, eyni zamanda dərs zamanı müəyyən vaxt keçdikdən sonra dərsi davam etməkdən imtina edən bir-iki iddiaçı olmuşdur. Bu halda belə iddiaçıların müsabiqə nəticələri ləğv edilmişdir. Bu da onu göstərir ki, əslində sınaq dərslərinin video qeydiyyatının aparılması özlüyündə yaxşı təcrübədir və yetərli pedaqoji bacarıqlara sahib olmayan iddiaçıların müəyyən edilməsinə imkan yaradır. O.Vəlimedovanın dediyi kimi müsabiqədə “10 dəqiqəlik və parça-parça olan dərs”lər qiymətləndirilmədə nəzərə alınmamışdır. Belə ki, 10 dəqiqə dərs keçib 80 bal alan iddiaçı yoxdur.

O.Vəlimedova yazır ki, dekan fakültədə əlverişli psixoloji iqlim yaratmır.

O.Vəlimedova əlverişli psixoloji iqlim nəyə deyir? Yəqin ki, O.Vəlimedova dərsə gəlməyəndə ona göz yumulmamağını, jurnalı sillabusa uyğun yazmayanda ona xəbərdarlıq edilməsini, fakültə dəhlizlərində dövlət əleyhinə danışanda ona etiraz edilməsini, dərsə idman forması ilə gəlməsinin ona irad tutulmasını əlverişsiz psixoloji iqlim hesab edir.

O.Vəlimedova Pedaqoji Universitetə gəldikdən sonra burada olan bütün yeniliklərə, idarəçilik sisteminə qarşı anti-pedaqoji danışıqlar aparmağa və hərəkətlər etməyə başlamışdır. Auditoriyada və dəhlizdə ağzına nə gəldi danışmaqla diqqəti özünə cəlb etməyə çalışmışdır.

O.Vəlimedova ancaq öz fakültəsində deyil, fənn tədris etdiyi digər fakültələrdə də dərs müddətində saxtakarlığa yol vermişdir. Məsələn, universitetin digər tədris binasında yerləşən “Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağrışaqədər hazırlıq” fakültəsinin dərs jurnalında “Psixologiya” fənnindən iki nəfər tələbənin qayıblarını qanunsuz olaraq pozub, “q”nı 9 bal kimi düzəliş etdiyi üçün fakültə rəhbərliyinin təqdimatı əsasında rektorun 06.02.2017-ci il tarixli 3/20№li əmri ilə ona töhmət elan edilmişdir.

O.Vəlimedova fakültənin dekanı Şəhla Əliyeva haqqında yazır: “Ermənistan qaçqını Şəhla Əliyeva … fakültəyə şəxsi mülkü kimi baxır, orada anarxiya, tiraniya, rüşvətxorluq yaradıb”

Çox maraqlı sual yaranır, məgər Ermənistan qaçqını olmaq qəbahətdir? Bu, çoxsaylı qaçqınların heysiyyatına toxunmaq demək deyildirmi? Reallıqda isə Şəhla Əliyeva Ermənistan qaçqını deyil. O, Bakıdakı 155 saylı orta məktəbi bitirmişdir.

O.Vəlimedova deyir ki, Şəhla Əliyeva plagiat vasitəsilə professorluq adı alıb.

O.Vəlimedova hələ də bilmir ki, Şəhla Əliyeva dosentdir. Olmayan adı plagiat yolu ilə necə almaq olar? “20 ildir ki, dekandır” – sözü də həqiqətə uyğun deyil. Şəhla Əliyeva 2011-ci ildən bu vəzifədədir. Deyilənlər “ömrünü psixologiya elminə həsr etmiş psixoloq alimin” səviyyəsinin göstəricisidir. Ümumiyyətlə, onun necə elm adamı və müəllim olması yazılarındakı çoxsaylı səhvlərdən görünür.

Sual yaranır:

– O.Vəlimedova necə psixoloqdur ki, işlətdiyi ifadələrin hansı psixoloji gərginliyə səbəb olacağını proqnoz edə bilmir?

ADPU-da çoxlu sayda qaçqın tələbə oxuyur. Belə çıxır ki, bu tələbələri də O.Vəlimedova qaçqın adlandıraraq onların yaşadıqları ağrı-acıya rişxənd edəcək?

O.Vəlimedovanın müxtəlif yazılarını oxuduqca onun Azərbaycan Respublikası Təhsil Nazirliyinin 16 may 2014-cü il tarixli, 600 nömrəli əmrinə əsasən təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydaları”nın əksər maddələrindən, eləcə də “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun 33.3.5 (“pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək”) maddəsindən tamamilə ya xəbərsiz olduğunun, ya da bilərəkdən heçə saydığının şahidi oluruq.

O.Vəlimedovanın şər, böhtan dolu (heç bir fakta əsaslanmayan) cümlələri eyni zamanda onun Azərbaycan Respublikası Təhsil Nazirliyinin yuxarıda qeyd edilən əmrinə əsasən təsdiq edilmiş “Müəllimlərin etik davranış qaydaları”nın 3.9 (“müəllim pedaqoji etika və əxlaq normalarına riayət edir, müəllim nüfuzunu yüksək tutur, ziyalılıq nümunəsi göstərir), 3.12 (“müəllim peşə fəaliyyəti dövründə maraqların toqquşmasına yol vermir və vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etmir”), 3.13 (“müəllim bilərəkdən yalan, təhrif olunmuş, yaxud öz şəxsi marağı naminə həmkarının vəziyyətini pisləşdirən və ya yaxşılaşdıran məlumat verilməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır”), 4.2.3 (“müəllim pedaqoji münasibətlərdə əsassız münaqişə və mübahisələrə yol verməməlidir. Münaqişə yarandıqda isə onun konstruktiv həllinə çalışmalıdır”), 4.2.5 (“müəllim həmkarlarının fəaliyyətini düzgün qiymətləndirməli, onların səhvlərinə göz yummamalı, fikir və baxışlarına yönəlmiş tənqidləri təhqirə çevirməməlidir, tənqid əsaslandırılmış, dəqiq və xoşniyyətli olmalıdır”) maddələrini kobud şəkildə pozmasını sübut edir.

O.Vəlimedova 76 yaşlı müəllimin 5 illik müqavilə ilə işə götürülməsini qanunsuz hesab edir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 4-cü maddəsinin 3-cü bəndində göstərilir ki, “Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi elmi-tədqiqat və ali təhsil müəssisələrinə şamil edilmir”.

O.Vəlimedova öz yazılarında əsassız olaraq rektoru və dekanları rüşvətxorluqda ittiham edir.

Əgər O.Vəlimedovanın əlində belə bir fakt olsaydı heç şübhə doğurmur ki, onu fikirləşmədən müvafiq orqanlara çoxdan ötürmüş olardı.

O.Vəlimedova bunu kütləvi-informasiya vasitələrində yazmaqla geniş oxucu kütləsinin nəzərində Pedaqoji Universitet haqqında mənfi rəy yaratmağa çalışır. O.Vəlimedova unudur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində də göstərildiyi kimi “fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfüzunu ləkələyən məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər”. Həmin məlumatları yaymış olan şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirə biməsə məhkəmə qaydasında böhtançı kimi cavab verməlidir.

Olqa Vəlimedova nəinki müəllim, heç bir insani münasibətlərə sığmayan ifadələr yazmaqdan belə çəkinmir: “Vicdansız yolla yüksək bal qazananlar Elmi Şuranın iclasında təmtəraqlı şəkildə sertifikat və pulla mükafatlandırılaraq nümunəvi və yüksək əxlaqlı müəllimlər kimi təqdim olunublar”.

Əvvəla belə ifadələr işlətməyə, kiminsə şərəf və ləyaqətini şübhə altına almağa heç kimin, o cümlədən O.Vəlimedovanın haqqı və ixtiyarı yoxdur. İkincisi, sertifikat verilməsi nə vaxtdan qəbahət hesab olunub? Üçüncüsü, müsabiqədən keçən heç bir müəllimə pul mükafatı verilməsə də, ADPU-nun Elmi Şurası tərəfindən onların rəğbətləndirilməsi üçün əməkhaqqlarına müəyyən qədər əlavələrin edilməsi qərara alınmışdır.

Cənab prezidentə ünvanlanan şikayət məktubunda qeyd edilir: “…Bu məqsədlə hər fakültə dekanlarına vəfalı adamlardan ibarət fənn komissiyası yaradılmışdır. Komissiya üzvləri sırasında pedaqoji fəaliyyətdən uzaq duran, özləri seçilən, hətta metallurq ixtisaslı (özü seçilən Lamiyə Qurbanova) adamlar da var.”

Qeyd edilən fikirlər tamamilə şər və böhtandan ibarətdir. Fakültədə yaradılan Elmi və o cümlədən də Tədris-metodik Şura təkcə Pedaqoji Universitetdə deyil, respublikamızda öz sahəsi üzrə tanınan professor-müəllim heyətindən seçilmişdir.

Yazıda adı keçən Lamiyə Mehdi qızı Qurbanovanın “Eksperimental psixologiyadan mühazirə mətnləri” adlı metodik vəsaiti, “Eksperimental psixologiya” adlı dərs vəsaiti, o cümlədən proqramı Təhsil Nazirliyinin qrifi ilə nəşr olunmuşdur. L.Qurbanova 2006-cı ildə pedaqoji psixologiya ixtisası üzrə müdafiə etmiş, 2007-ci ildə psixologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. 2007-ci ildən Azərbaycan Müəllimlər İnstitutunda baş müəllim vəzifəsində fəaliyyət göstərmişdir. 2012-ci ildən psixologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunmuş dissertasiyaların müdafiəsini keçirən FD.02.014 Dissertasiya Şurası yanında Elmi Seminarın üzvüdür. Dəfələrlə opponent kimi rəsmi rəyçi olmuşdur. 2012-13-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının Pedaqogika və psixologiya bölməsinin üzvü olmuşdur. 1 monoqrafiya, 1 dərs vəsaiti, 2 metodik vəsait, 3 proqramın, 35-dən çox elmi məqalə və tezisin müəllifidir. Onun “Ailənin psixoloji problemləri və həlli yolları” adlı monoqrafiyası respublikada ən çox oxunan kitablar siyahısına daxil edilmişdir. L.Qurbanova Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin və KİV-in təşkil etdiyi müxtəlif sosial əhəmiyyətli layihələrdə, təlim və proqramlarda aktiv iştirak etmişdir.

Hər bir komissiya üzvünün tərcümeyi halı araşdırılsa, onların da çox yüksək pedaqoji savad, etika, keyfiyyət və digər göstəricilərə sahib olduqlarının şahidi olmaq olar. Yuxarıda qeyd edilən məlumatlar göstərir ki, O.Vəlimedova Cənab Prezidentə ünvanladığı məktubda şər və böhtan dolu fikirləri yazmaqla yalan məlumat vermişdir.

Sual yaranır: – nəzərə alsaq ki, Prezidentə ünvanlanan məktub müəllifdən ciddi məsuliyyət tələb etdiyi halda, özünü böyük psixoloq alim hesab edən O.Vəlimedova bu qədər yalana, şər və böhtana necə və hansı məqsədlərlə yol vermişdir?

Yazının ikinci yarısında ADPU-da guya yolverilən qanunsuzluqlar haqqında danışılır. Bu fikirləri ifadə edənlər təhsil sistemimizdə, o cümlədən ADPU-da Beynəlxalq Boloniya sisteminə inteqrasiya sahəsində həyata keçirilən tədbirlərin, qəbul olunan proqram və strategiyaların mahiyyətini tam şəkildə mənimsəyə bilmədiyi üçün anlayışları səhv salırlar.

Yaxın zamanlara kimi universiteti bitirmiş məzunların müxtəlif ixtisaslar üzrə cəmi 1-5 faizi Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu üzrə keçirdiyi imtahanlardan uğur qazana bilirdilər. Bu, ADPU-da təhsilin keyfiyyətinin aşağı olmasının göstəricisidir. Universitetdə illərlə baş vermiş neqativ halların içində olduğu halda bu mənfi halların, kütləvi savadsızlığın (o cümlədən müəllimlər arasında) aradan qaldırılması, professor-müəllim heyətinin bilik səviyyəsinin, mənəvi-etik dəyərlərinin dövrün tələblərinə uyğunlaşdırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, gənc kadrların tədris prosesinə fəal cəlb edilməsi, beynəlxalq təhsil sisteminə inteqrasiya və s. bağlı görülən müsbət işlərə kömək etmək əvəzinə bəzi “mütəxəssislərin” çalışdığı kollektivi gözdən salmaları, müəllim yoldaşlarını və universitetin rəhbərliyini əsassız olaraq qanunsuzluqda, özbaşınalıqda ittiham etmələri də təəssüf hissi doğurur.

Qeyd etməliyik ki, ADPU-da islahatlar aparılmasına hələlik başlanmamışdır. Sadəcə, professor-müəllim heyətinin gücləndirilməsi yolu ilə tədrisin keyfiyyətini yüksəltmək, neqativ halları minimuma endirmək, müasir təhsil standartlarını tətbiq etmək, tələbə fəallığını və məmnunluğunu artırmaq üçün müəyyən cəhdlər edilmişdir. Bu kiçik cəhdlər biliyi, pedaqoji taktı, mənəvi dəyərləri müasir tələblərə cavab verməyənləri ciddi narahat etmiş, müxtəlif şantaj, dedi-qodu yaratmaq, mətbuata və dövlət orqanlarına müraciətlər ünvanlamaqla özlərini siğortalamağa, necə deyərlər “at gedişi” etməyə başlamışlar.

Məqalədə 2017-ci ildə ADPU-nun Elmi Şurasında qəbul olunmuş “ADPU-da professor, dosent, baş müəllim, müəllim vəzifələrinin tutulması qaydaları” 1996-cı ildə, düz 21 il əvvəl Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş Əsasnamə ilə müqayisə edilir, orada göstərilən müsbət, mütərəqqi, beynəlxalq standartlara, bu müddət ərzində qəbul olunmuş “Təhsil haqqında”, “Elm haqqında” Azərbaycan Respublikası qanunlarına, Azərbaycan Respublikası Prezidentinin Sərəncamlarına, təhsil strategiya və proqramlarına, Nazirlər Kabinetinin qərarlarına, Təhsil Nazirliyinin qərar və əmrlərinə uyğun olan müddəaları qanunsuz adlandırılır. Belə qənaətə gəlmək üçün dövlətin həyata keçirməyə çalışdığı təhsil strategiyasını, mövcud təhsil qanunvericiliyini mükəmməl bilmək və müasir beynəlxalq təcrübə ilə müqayisəli şəkildə analiz etmək lazımdır. Təəssüf ki, müəlliflər bunu edə bilməmişlər. Buna görə də aşağıdakıları diqqətinizə çatdırmağı vacib hesab edirik:

ADPU-nun Elmi Şurasının təsdiq etdiyi Əsasnamə namizədlər üçün qadağa və məhdudiyyətlər qoymur, prosesin alternativliyini, seçkinin obyektivliyini təmin etmək, korrupsiya hallarının aradan qaldırılmasına, universitetdaxili qərəzli qruplaşmaların uzun illər burada at oynatmasının qarşısının alınmasına yönəlib. 30-35 il kafedra müdiri “seçilən”, işlərini laborantlara tapşıran, elmi yaradıcılıq və pedaqoji fəaliyyətlə məşqul olmayan, auditoriyaya girməyən şəxslərin “alternativsiz, tək namizəd” kimi seçkiyə getməsinin qarşısını almaq üçün seçki prosesinin alternativ əsasda keçirilməsi niyə qanunsuz hesab edilməlidir. Bu, kimin hüququnu pozur?!
“Bir nəfərdən birini seçmək” kimi absurd və istehza doğuran seçki sisteminə çoxdan son qoyulub. Bunu təkcə öz mənafeyini hər şeydən üstün tutanlar qəbul edə bilmirlər. Başa düşmək lazımdır ki, alternativsiz seçki sisteminin ləğvinə yönəlmiş hər bir cəhd seçilənin hüququnu pozmur, seçənin və seçkidə iştirak etmək istəyənlərin hüququnu özünə qaytarır.

21 il əvvəl qəbul olunmuş Əsasnamədə seçkidə iştirak edən müəllimin açıq dərslərinin videokameraya çəkilməsi qeyd olunmayıb. O, dövrün texniki imkanları və ya digər amillər buna imkan verməyib. ADPU-nun Əsasnaməsində bu məsələnin qeyd olunması, daha obyektiv və monitorinq oluna bilən metodun tətbiqi niyə qanunsuz sayılmalıdır?! Məhz bu formanın tətbiqi nəticəsində seçkilərin keçirilməsində hər detalı, mərhələni mikroskopla tədqiq edən ən radikal şikayətçi də dərsi yüksək səviyyədə keçirdiyini, “pedaqoji şedevr yaratdığını” deyə bilmir. Çünki fakt – videodisk göz qabağındadır, istənilən vaxt, istənilən ekspertin qarşısına çıxarıla bilər və iddiası qabiliyyətindən yuxarı olan “dosent və professorlar” bundan məmnun olmazlar.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsasnaməsində “kadrlar şöbəsi” yazılıb. İndi bütün sənədlərdə bu şöbə “insan resursları şöbəsi” adlanır. Bu qurumun adının yenə də “kadrlar şöbəsi”mi yazmalıyıq?
Müsabiqəyə ümumi vəzifələrin deyil, konkret fənlərin çıxarılmasını da qanunsuz hesab edənlər bilməlidir ki, hansı yollasa, nə vaxtsa müəllim keçən və “bütün fənlər üzrə mütəxəssis” kimi dərs deyən “universalların” dərslərinin keyfiyyəti haqda da düşünmək lazımdır.
Xarici dillərdən dərs deyən, ancaq tədris etdiyi fənn üzrə danışa bilməyən müəllimlərdən İELTS (ingilis dili), TESTDAF (alman dili), Test de Connaissance du Frauçais (TCF) C2 (fransız dili) sertifikatlarının tələb olunması niyə qanunsuz hesab edilir?! İndi bu sertifikatlar nəinki bu fənlərdən dərs deyən müəllimlərdən, bəzən hətta magistr səviyyəsində təhsil alan tələbələrdən, doktorant olmaq istəyən iddiaçılardan da tələb olunur. Görünür ki, onlar müasir təhsilimizin beynəlxalq təhsil sisteminə və elminə inteqrasiyası ilə bağlı dövlətimizin həyata keçirdiyi siyasəti, Azərbaycan Respublikası Təhsil Nazirliyinin bu istiqamətdə artan tələbləri ilə yaxından tanış deyil. Xarici dil müəllimi hazırlayan şəxs İELTS – 6 balı toplaya bilmirsə, onun ali təhsil müəssisəsində müəllim işləməsi qanunsuzdur, yoxsa ondan bu sertifikatları tələb etmək?! Biz hələ TESOL və ya TEFİ sertifikatlarından danışmırıq.
Seçkidən yeni keçən müəllimlərin əmək haqlarına əlavələrin edilməsi də digər müəllimlərin seçkidə fəal iştirakını stimullaşdırmaq üçündür və bu məsələdə də heç bir qanunsuzluq yoxdur. Bu məsələ “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında da öz əksini tapmışdır. Artıq əksər ali məktəblərdə, eləcə də digər müəssisələrdə stimullaşdırıcı əmək haqqı sisteminə keçirilir.
Məqalədə adıçəkilən iki sənəddə – “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması qaydaları”nda (2011) və “Ali təhsil müəssisələrində kafedra müdiri, professor-müəllim vəzifələrinin tutulması qaydaları haqqında Əsasnamə”də (1996) kafedra müdirinin seçilməsi qaydası təsbit olunub. Hansının əsas götürsək müəllifləri və şikayətçiləri razı salmış olarıq?!
ADPU-da keçirilən işçilərin attestasiyası Azərbaycan Respublikası Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydaları”na uyğun keçirilmişdir. Attestasiya komissiyasında Azərbaycan Respublikası Təhsil Şurasının sədri, tanınmış pedaqoq Əjdər Ağayevin, Azərbaycan Respublikası Milli Məclisinin Təhsil Komissiyasının sabiq sədri, ictimai xadim, professor Şahlar Əsgərovun, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Zaur Bağırovun ictimai əsaslarla təmsil olunması qanuna zidd deyil, əksinə, komissiyanın işinin nəticələrinin obyektivliyi, qanunauyğunluğu və qərəzsizliyi baxımından düzgün atılmış addımdır.
Komissiyanın uzunmüddətli və səmərəli işinin nəticəsidir ki, onlarla əməkdaş öz vəzifə səlahiyyətlərini dərindən öyrənmiş, müasir informasiya texnologiyalarından istifadə etmək bacarıqlarına yiyələnmiş, yeni bilik, bacarıq və vərdişlərini inkişaf etdirməyə nail olmuşlar. Attestasiya prosesi qanunauyğun sənədləşdirilmiş, təkliflər paketi hazırlanmış, tutduğu vəzifəyə uyğun gəlməyən işçilər haqqında ADPU rəhbərliyinə rəsmi məlumat verilmişdir.

Attestasiyanın yekununa görə ADPU-da tədris-köməkçi heyət üzrə attestasiyadan keçmiş 240 nəfərdən 24 nəfəri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddədə nəzərdə tutulan qaydalara əməl edilməklə müqaviləyə xitam verilmiş, 2 nəfər başqa işə keçirilmiş, 1 işçi ilə müddətli müqavilə bağlanmışdır.
300 nəfərin attestasiyanın yekununda işdən kütləvi şəkildə qovulması haqqındakı iddianın əsassızlığı və qərəzliliyi onunla üzə çıxır ki, ADPU-da tədris-köməkçi heyətdən cəmi 240 nəfər attestasiyadan keçirilmişdir.
Sənədləşmənin düzgün aparılmasının nəticəsidir ki, attestasiyanın yekunu ilə bağlı məhkəməyə müraciət edən şəxslərin iddiası qanunsuz və əsassız olduğuna görə rədd edilmişdir.
Qeyri-obyektivliklə dolu olan bu geniş məqaləyə cavab vermək nə qədər absurd olsa da, onun bir neçə müddəasına cavabımız bu yazının nə qədər əsassız və qərəzli olduğunu anlamağa əsas verir. Əmək Məcəlləsinin maddələrini məqaləyə köçürmək heç də mövqeyini sübut etmək üçün arqument deyil.

Əgər işimizdə müəyyən qüsur, nöqsan, çatışmazlıq varsa, onun aradan qaldırılması, işin daha səmərəli və müasir standartlara uyğun qurulması üçün fikir bildirmək istəyən tələbə, valideyn, müəllim, texniki işçi, KİV və ya ictimaiyyət nümayəndəsi, hər kim olursa olsun, dinləməyə hazır olduğumuzu bildirir, öncədən təşəkkür edirik.

Hazırda ADPU-da 17 mindən çox tələbə təhsil alır. ADPU-da insan resurslarının inkişaf etdirilməsi, idarəetmənin optimallaşdırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, maddi-texniki bazanın gücləndirilməsi üçün islahatlar, yeniliklər həyata keçirilir. Belə böhtan və iftira dolu yazıların müəllifləri isə uğurla həyata keçirilən bu islahatlara kölgə salmaq istəyirlər. Bu da öz növbəsində universitetin çoxminlik kollektivində böyük narazılıq və təəssüf hissi doğurur və yolverilməzdir. Belə böhtan dolu yazılar həm də dövlət, dövlətçilik, qanunçuluq üçün təhlükə mənbəyidir”.

AIA.Az
Geri dön