Ana Sayfa > Manşet / Siyasət > Bahar Muradova: "Dağlıq Qarabağ münaqişəsinin uzadılması kimlərə və niyə sərf edir?"
Bahar Muradova: "Dağlıq Qarabağ münaqişəsinin uzadılması kimlərə və niyə sərf edir?"13-11-2017, 11:58. Yazar: admin |
"Əgər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesin zahiri tərəfinə nəzər yetirsək görərik ki, bu məsələ haqqında çox danışılır, çoxsaylı səfərlər olur, görüşlər keçirilir, söyləmək olar ki, ATƏT-in Minsk qrupu missiyasını yerinə yetirməklə məşğuldur, amma fəaliyyətin nəticəsinə qiymət versək, əlbəttə ki, bunu qənaətbəxş hesab etmək olmaz". AİA.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib. B.Muradova bildirib ki, əgər münaqişənin həlli istiqamətində konkret nəticə yoxdursa, təbii ki, Azərbaycan Minsk qrupunun həmsədrlərinin fəaliyyətindən narazıdır: "Ona görə də hər zaman mövqeyimizi açıq şəkildə ifadə edirik. Məhz bu səbəbdən də Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndəliyi qurumun Daimi Şurasında öz mövqeyini kəskin şəkildə bir daha ortaya qoyub". Vitse-spiker vurğulayıb ki, istər İraqdakı kürd muxtariyyəti, istərsə də Kataloniyada baş verən hadisələrdən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aktuallığı bir daha diqqət çəkir: "Ümumiyyətlə, 25 ildən artıq bu prosesi uzatmaq kimlərə və niyə sərf edir?! Hesab edirəm ki, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndəliyi haqlı olaraq kəskin mövqeyini ortaya qoyaraq, Minsk qrupunun həmsədrlərindən dəyişiklik tələb etməkdə haqlıdır. Nəzərə alsaq ki, həmsədrlər bu yaxınlarda bölgədə səfərdə olublar, prezidentlərin görüşünü keçiriblər və xarici işlər nazirlərinin növbəti görüşünü hazırlayırlar, hesab edirəm ki, Kataloniyada və kürd muxtariyyəti ilə bağlı son hadisələr bu görüşlərin məzmununda müəyyən dəyişikliyə səbəb olmalıdır. Münaqişənin həllinə ikili standartlarla yanaşmağa son qoyulmalı və separatizmin hansı ölkədə baş verməsindən asılı olmayaraq, münasibətlər beynəlxalq hüququn prinsipləri çərçivəsində göstərilməlidir. Dəyişiklik dedikdə, Azərbaycan bu istiqamətdə dəyişiklikləri nəzərdə tutur". Qeyd edək ki, ATƏT-in Daimi Şurasının 1163-cü iclası zamanı Azərbaycan nümayəndə heyəti bəyanat verib. Bəyanatda Azərbaycanın ATƏT-in Minsk qrupunun həmsədrlərindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların fəallaşması məqsədi ilə əməli addımların atılmasını gözlədiyi qeyd olunub. AİA.Az Geri dön |