Ana Sayfa > Manşet / Ölkə > Prezident Gəncədə açılışlar etdi - Yenilənib
Prezident Gəncədə açılışlar etdi - Yenilənib10-11-2017, 14:47. Yazar: admin |
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında iştirak edib. AzVision.az xəbər verir ki, bu mədəniyyət ocağının təməli Prezident İlham Əliyev tərəfindən 2012-ci ildə qoyulub. Burada inşaat işləri 2017-ci ilin noyabrında başa çatdırılıb. Dövlətimizin başçısı filarmoniyanın rəmzi açılışını bildirən lenti kəsdi və bina ilə tanış oldu. Prezident İlham Əliyevə məlumat verildi ki, altımərtəbəli binada inzibati, məşq, qrim, rejissor və istirahət otaqları, bufet yaradılıb. Burada, eyni zamanda, 1200 nəfərlik konsert və 300 yerlik iclas zalları, 10 loja və 1 VİP loja da tamaşaçıların ixtiyarına veriləcək. Filarmoniyada kitab satışı da həyata keçiriləcək. Binanın üçüncü mərtəbəsinin eyvanında Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin və Arif Məlikovun heykəlləri qoyulub. Ərazidə açıq havada yay konsert meydançası, baxış qülləsi, 500 avtomobil yerlik yeraltı dayanacaq və ümumi sahəsi 2 min kvadratmetr olan iki korpusdan ibarət ikimərtəbəli qalereya inşa edilib. Filarmoniyanın yeni binasında mədəni tədbirlərin yüksək səviyyədə keçirilməsi, əməkdaşların və yaradıcı kollektivlərin səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb. Gəncə Dövlət Filarmoniyasının yeni binasının istifadəyə verilməsi Azərbaycanda mədəniyyət sahəsinə göstərilən dövlət qayğısının əyani təsdiqidir. Filarmoniyanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, dekorativ gül kolları əkilib. Binanın qarşısında iki fəvvarə quraşdırılıb və milli ornamentlərlə bəzədilib. Sonra Prezident İlham Əliyev Gəncə şəhəri ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Dövlətimizin başçısı görüşdə nitq söylədi. Sonra Gəncə Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Samir Cəfərov, AMEA-nın Gəncə bölməsinin sədri, akademik Fuad Əliyev, Xalq Artisti Pərvanə Qurbanova çıxış etdilər. Sonda xatirə şəkli çəkdirildi. Prezident İlham Əliyev həmçinin Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün yeni inşa edilmiş 514 yerlik yataqxana kompleksinin açılışında iştirak edib. Dövlətimizin başçısı yataqxana kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi. Kənd təsərrüfatı naziri Heydər Əsədov Prezident İlham Əliyevə məlumat verdi ki, hazırda universitetdə 4834 nəfər tələbə bakalavriat pilləsi üzrə təhsil alır. Onlardan 3883 nəfər əyani və 951 nəfər qiyabi bölmələrdə oxuyur. Əyani bölmədə təhsil alan tələbələrin 75 faizi respublikanın müxtəlif şəhər və rayonlarından gəlmiş gənclərdir. Bu təhsil ocağının 520 yerlik yeni tələbə yataqxanası 2016-cı ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. 2015-ci ildə 514 yerlik daha bir yataqxana kompleksinin tikintisinə başlanıb və burada inşaat işləri 2017-ci ilin oktyabrında tam başa çatdırılıb. Ümumi ərazisi 13 640 kvadratmetr olan kompleks dördü 7 mərtəbəli və biri 6 mərtəbəli olmaqla 5 korpusdan ibarətdir. Kompleksdəki 257 otağın hamısı zəruri mebel və inventarla təchiz edilib. Hər mərtəbədə istirahət guşələri və mətbəx yaradılıb. Burada qeydiyyat şöbəsi, 120 nəfərlik akt və fitness zalları, kafe, kişi bərbərxanası, qadın salonu, atelye, mağaza, camaşırxana, kitabxana, müayinə otağı və stomatoloji kabinet, valideynlərlə görüş otağı yaradılıb. Azərbaycan Kənd Təsərrüfatı İnstitutu 1929-cu ildə Bakıda yaradılıb və 1931-ci ildə Gəncəyə köçürülüb. 1979-cu ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanına əsasən “Şərəf nişanı” ordeni ilə təltif edilib. Nazirlər Kabinetinin 2009-cu il tarixli Qərarı ilə İnstitut Azərbaycan Dövlət Aqrar Universiteti adlandırılıb. Yataqxananın su, elektrik, istilik və rabitə xətləri ilə təmin edilməsi üçün fərdi qazanxana, hovuz, nasosxana və transformator yarımstansiyası inşa olunub. Kompleksin ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün hərtərəfli imkan yaradılıb. Eyni zamanda Azərbaycan prezidenti İlham Əliyev Gəncədə “Grand Qafqaz” Ticarət Kompleksinin açılışında iştirak edib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev prezident İlham Əliyevə “Grand Qafqaz” Ticarət Kompleksi barədə məlumat verib. Bildirilib ki, kompleksin inşasına 2014-cü ilin may ayında başlanılıb, 2017-ci ilin oktyabr ayında isə tikinti işləri başa çatdırılıb. Ümumi ərazisi 20 hektar, tikintialtı sahəsi isə 83 min 500 kvadratmetr olan kompleksdə hər biri 44 min 100 kvadratmetrlik “modul” tipli beş “Yaşıl market” topdansatış mərkəzi inşa edilib. Burada kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması üçün ay ərzində min ton məhsul qəbuletmə imkanına malik, ümumi sahəsi 4 min 500 kvadratmetr olan anbar tikilib, 5 min 400 kvadratmetr sahədə soyutma sistemi quraşdırılıb. Ticarət kompleksinin istifadəyə verilməsi nəticəsində 5 min nəfər yeni iş yeri ilə təmin ediləcək. Prezident İlham Əliyev kompleksin meyvə-tərəvəz satışı sahəsi ilə tanış olub. Bundan başqa İlham Əliyev noyabrın 10-da Gəncədə Mirzə Şəfi Vazeh muzeyinin açılışında iştirak edib. Dövlətimizin başçısı Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən muzey binasının rəmzi açılışını bildirən lenti kəsdi. Dövlətimizin başçısına muzeydə görülən işlərlə bağlı məlumat verildi. Bildirildi ki, şəhərin “Gülüstan” ərazində yerləşən muzeyin inşasına 2016-cı ilin martında başlanıb və tikinti işləri 2017-ci ilin noyabrında sona çatdırılıb. Milli memarlıq üslubunda inşa olunan muzeyin ətrafında Mirzə Şəfi Vazehin adını daşıyan park salınıb. Bildirildi ki, muzeyin ikimərtəbəli binasında sərgi və konfrans zalları, inzibati otaqlar yaradılıb. Burada şairin şeirlərinin nəşrləri, ədibin həyat və yaradıcılığına həsr olunan elmi tədqiqat və bədii əsərlər, həmçinin mütəfəkkirin 220 illik yubileyi ilə bağlı Gəncə nəşrləri nümayiş olunur. Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə xüsusi önəm verən Heydər Əliyev Fondu da Mirzə Şəfi Vazehlə bağlı 2007-2015-ci illər ərzində müxtəlif kitablar nəşr etdirib. Dövlətimizin başçısına məlumat verildi ki, Mirzə Şəfi Vazehin Almaniyada 1850-ci ildən 1924-cü illərə qədərki dövrdə nəşr olunmuş kitabları Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə 2014-cü ildə Azərbaycana gətirilib. Həmin kitablar muzeydə sərgilənir. Məlumat verildi ki, muzeyin yerləşdiyi parkın ərazisi 2 hektardır. Parkın giriş hissəsində müasir və klassik memarlıq elementlərini təcəssüm etdirən mərmər üzlüklə bəzədilmiş, hündürlüyü 7 metr, uzunluğu 17 metr olan tağbənd qurulub. Parkın ərazisində yaşıllıq salınıb, dekorativ gül kolları əkilib, 2 fəvvarə quraşdırılıb. Bir sözlə, parkda sakinlərin və şəhərin qonaqlarının istirahəti üçün hər cür şərait yaradılıb. Parka gələnlər görkəmli maarifçi Mirzə Şəfi Vazeh barədə ətraflı məlumat da əldə edə biləcəklər. Parkda şairin heykəli ucaldılıb. Heykəlin arxasındakı divara mozaika işləmələrlə Mirzə Şəfi Vazehin və onun müasirləri olan Fridrix Bodenştedtin, Abbasqulu ağa Bakıxanovun, Qasım bəy Zakirin, Mirzə Fətəli Axundzadənin, eləcə də bir sıra tarixi şəxsiyyətlərin süjetli təsvirləri həkk olunub. Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncəyə səfəri çərçivəsində “Majestic Palace” otelinin tikintisi ilə tanış olub. Dövlətimizin başçısına tikinti işlərinin gedişi ilə bağlı məlumat verildi. Bildirildi ki, 104 yerlik otelin inşasına 2015-ci ilin aprelində başlanılıb. Hazırda inşaat işlərinin son mərhələsi həyata keçirilir. Otelin binası 7 mərtəbəlidir. Burada biri kral, 8-i suite, 10-u delüks və 33-ü standart olmaqla, ümumilikdə 52 otaq yaradılacaq. Oteldə 120 nəfərlik restoran, 20 yerlik iclas zalı da olacaq. Tikinti işləri zamanı 50 avtomobil yerlik yeraltı dayanacaq inşa edilib. Otelin dayanıqlı elektrik enerjisi ilə təminatı üçün ərazidə 1000 kV-luq transformatorun və 1500 kV-luq generatorun quraşdırılması nəzərdə tutulub. Bu cür müasir otelin yaradılması, ilk növbədə, Gəncənin turizm potensialının daha da artırılmasına töhfə verəcək. Bundan başqa, bu cür layihələrin həyata keçirilməsi həm də yeni iş yerlərinin açılmasında mühüm əhəmiyyət daşıyır. Belə ki, yeni oteldə 50 nəfər işlə təmin ediləcək. Prezident İlham Əliyevə, həmçinin şəhərdə aparılan abadlıq-quruculuq işlərinin layihələri barədə məlumat verildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncəyə səfəri çərçivəsində 2x40 meqavat-amper (mVA) gücündə 110/35/10 kilovoltluq (kV) “Yeni Gəncə” yarımstansiyasının açılışında iştirak edib. “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat verdi. Bildirildi ki, yarımstansiyanın ümumi sahəsi 11 min kvadratmetr təşkil edir. Burada 110, 35 və 10 kV-luq qapalı paylayıcı qurğular, elektrik avadanlıqları, elektron tipli rele mühafizəsi və avtomatikası, texniki online nəzarət şkafları, açılma və qoşulmaların avtomatik idarəetmə sistemi quraşdırılıb. Yarımstansiya binasının zirzəmisində 35 və 10 kV-luq kabel kanallarının estakadası və şkafları yerləşdirilib. Bununla yanaşı, yarımstansiyanı qidalandıran 110 kV-luq I və II “Yeni-Gəncə” hava xətləri 24 kilometrlik hissəsi yenidən qurulub. Gəncə şəhərinin mərkəzi hissəsinin 30 faizdən çoxunun elektrik enerjisi ilə təminatında 110/35/10 kV-luq “Yeni Gəncə” yarımstansiyası mühüm əhəmiyyətə malikdir. Eyni zamanda, “Yeni Gəncə” yarımstansiyasından çıxan 10 kV-luq “Yeni Gəncə” və 10 kV-luq IV “Yeni-Gəncə” hava xətlərindən 30 min abonent elektrik enerjisi ilə təchiz olunur. Bununla yanaşı, hazırda inşa olunan 2x10 mVA gücündə 35/10 kV-luq “Məhsəti” yarımstansiyasını qidalandırmaq üçün “Yeni Gəncə” yarımstansiyasından 3,1 kilometr uzunluğunda 35 kV-luq I və II “Məhsəti” kabel, həmçinin 35/10/6 kV-luq “Sənaye Rabitə” yarımstansiyasının qidalandırılması üçün 35 kV-luq I və II “Sənaye-Rabitə” elektrik verilişi xətləri çəkilib. “Yeni Gəncə” yarımstansiyasının hazırda inşa olunan yarımstansiyalarla əlaqələndirilməsi nəticəsində Gəncə şəhərində ilk dəfə olaraq 110 və 35 kV-luq dairəvi elektrik təchizat sxemi yaradılacaq. Dövlətimizin başçısı yarımstansiyanı işə saldı. Yeni Gəncə” yarımstansiyasının ətrafı abadlaşdırılıb və yaşıllıq zolaqları salınıb. aia.az Geri dön |