Ana Sayfa > Manşet / Təhsil > Dövlət Bayrağı Günü ATU-da coşqu ilə qeyd olunub
Dövlət Bayrağı Günü ATU-da coşqu ilə qeyd olunub9-11-2017, 13:22. Yazar: admin |
Azərbaycan Texnologiya Universitetində (ATU) 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü coşqu və təntənə ilə qeyd olunub. Əvvəlcə tələbə və müəllimlərdən ibarət izdiham universitetin həyətində əllərində bayraqlarla dövlət himinini səsləndirərək yürüş keçirib. Aksiya iştirakçıları sonra universitet rəhbərliyi ilə xatirə şəkli çəkdiriblər. Daha sonra universitetin akt zalında əlamətdar günə həsr olunan tədbir təşkil olunub. Professor-müəllim heyəti və tələbələrin qatıldığı tədbiri giriş sözü ilə açan ATU-nun rektoru, professor Akif Süleymanov bildirib ki, 2009-cu ilin 17 noyabrında Prezident İlham Əliyev hər il 9 noyabr tarixinin “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi qeyd edilməsi barədə sərəncam imzalaması ölkəmizdə dövlət rəmzlərinə ən yüksək səviyyədə hörmət və ehtiramın göstəricisidir. Çünki, ən müqəddəs rəmzlərdən olan bayraq millətin varlığının, mövcudluğunun sübutu, müstəqil dövlət qurmaq və ona sahib çıxmaq bacarığının əsas göstəricisidir. Odur ki, özünütəsdiq simvolu olan bayraq bütün dünyada qürur və güvənc yeri sayılır. Bayraq həm də dövlətin və xalqın kimliyinin, apardığı azadlıq mücadiləsinin, təfəkkür və düşüncə tərzinin ən real ifadəsidir. Rektor qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə qaldırılmışdır. Ulu öndərimiz Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Dövlət bayrağı da milli suverenliyin simvolu kimi təsdiq olunmuş, Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında çoxsaylı normativ aktlar qəbul edilmişdir. Prezident İlham Əliyevin müstəqilliyimizin simvolu olan dövlət atributlarının əhəmiyyətini artırmaq, onların məna və mahiyyətini gənc nəslə aşılamaq məqsədilə həyata keçirilən bir çox layihələrin ideya müəllifidir. Məhz dövlət başçısının 2007-ci il noyabrın 17-də imzladığı sərəncama əsasən 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilmişdir. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycanın Dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir. Digər çıxış edənlər də bildirib ki, bu gün paytaxt Bakı şəhəri ilə yanaşı, ölkəmizin bir çox bölgələrində də yaradılan bayraq meydanları dövlət atributlarımıza olan sevgi və hörmətin göstəricisidir. Xalqımızın, bütün dünya azərbaycanlılarının azadlığının, şərəf və ləyaqətinin, milli birliyinin ifadəsi, hörmət və ehtiramının tək ünvanı olan Azərbaycan bayrağı millətimizin və dövlətimizin simvoludur. Tədbirdə həmçinin Bayraq Günü münasibətilə keçirilən şeir müsabiqəsinin qaliblərinə diplomlar təqdim olunub. Daha sonra universitetin bədii yaradıcılıq kollektivlərinin üzvləri olan tələbələr əlamətdar günə həsr olunan şeir və mahnılarla çıxış ediblər. aia.az Geri dön |