Ana Sayfa > Təhsil > SDU-nun tələbələri Qobustanda Külək, Günəş Bioqaz və Hibrid elektrik stansiyasında ekskursiyada oldular

SDU-nun tələbələri Qobustanda Külək, Günəş Bioqaz və Hibrid elektrik stansiyasında ekskursiyada oldular


26-10-2017, 16:52. Yazar: admin


Ölkəmiz özünün əlverişli coğrafi şəraitinə görə kifayət qədər alternativ və bərpa olunan enerji potensialına malikdir. Bu enerji mənbələrindən istifadə etmək məqsədi ilə bütün dünya miqyasında olduğu kimi Azərbaycan Respublikasında da bir çox işlər görülmüşdür. Yanacaq-enerji ehtiyatlarının məhdudluğu, onların istehsal, ötürülmə və paylanma prosesinin mürəkkəbliyi, həmçinin zaman keçdikcə üzvü yanacaqların bahalanması dünya miqyasında olduğu kimi ölkəmizdə də bu enerji mənbələrindən daha geniş və səmərəli istifadə zərurətini yaratmışdır. Azərbaycan Respublikasının Prezidentinin 21 oktyabr 2004-cü il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın və 2009-cu il 16 iyul tarixli Fərmanı ilə Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılması barədə imzaladığı sənədlər bu məsələnin aktuallığını bir daha təsdiq edir.
Yaradılmış və inşa edilmiş belə enerji mənbələri ilə işləyən elektrik stansiyalarını ixtisaslı kadrlarla təmin etmək məqsədi ilə respublikanın Ali məktəblərində Alternativ və Bərpa olunan enerji mənbələrinin istifadəsi ilə inşa edilmiş stansiyaların lazımı səviyyədə fəaliyyət göstərməsi üçün Təhsil Nazirliyi tərəfindən “Qeyri ənənəvi enerji istehsalı” fənninin tədrisi məqsədə uyğun hesab edilmiş və Energetika ixtisası üzrə təhsil alan tələbələrin tədris planına salınmışdır.
Sumqayıt Dövlət Universitetində də bu istiqamət üzrə təhsil alan tələbələrə həmin fənn tədris edilir. Bu gün universitetimizdə Energetika ixtisasları üzrə təhsil alan tələbələri alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edilməklə enerji istehsalı ilə məşğul olan Qobustanda yerləşən və Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılan Külək, Günəş Bioqaz və Hibrid elektrik stansiyasına aparmaqda məqsəd həmin stansiyanın iş prinsipi, günəş enerjisindən istifadə etməklə həm elektrik enerjisinin, həm də istilik enerjinin alınma texnologiyası ilə, külək elektrik stansiyasında enerji alınması üçün istifadə edilən külək elektrik qurğularının işi ilə tanış etmək idi. Bu məqsədlə Elektrik mühəndisliyi və Elektroenergetika ixtisası üzrə təhsil alan tələbələrin, fakültənin tərbiyə işləri üzrə dekan müavini Könül Hacıyeva, Elektrotexnika və energetika kafedrasının müdiri Nadir Hacıbalayev, Elektromexanika kafedrasının dosentləri Aşura Həşimova, İslam İslamov, kafedranın doktarantları Kəmalə Ağaxanova və Əfilə Balayevanın iştirakı ilə ekskursiya təşkil edildi.
Tələbələrə stansiyanın fəaliyyəti, orada olan günəş stansiyasının və külək stansiyasının avadanlıqları, gücü və hasil olunan enerjinin şəbəkəyə ötürülməsi haqqında məlumat verildi. Stansiyada olan günəş modullarının parametləri, onlardan alınan enerjinin təlabatçılara çatdırılması haqqında suallar həm stansiyanın işçiləri, həm də fənni tədris edən müəllim dos.A.R.Həşimova tərəfindən cavablandırıldı. Daha sonra stansiyanın təcrübə-sınaq sahəsində olan və tədqiqat məqsədi ilə yaradılan avadanlıqlarla tanış oldular.Burada yastı günəş kollektoru günəş enerjisini istiliyə çevirərək günəş kollektoruna, həmin istilik içərisində su sirkulyasiya edən istilik daşıyıcısına ötürülür, bu istilikdən stansiyanın isti su təlabatı ödənilir və istilik sistemi qızdırılır.
Tələbələr kənd təsərrüfatı tullantısı olan peyindən istifadə etməklə məişətdə yandırılan qazın alınması prosesi ilə də tanış oldular. Qurğudan alınan təbii qaz təmizləndikdən sonra rezervuarlara vurulur və stansiyada istifadə edilir. Beləliklə, tələbələr stansiyada biokütlə enerjisindən enerji alınması ilə,eyni zamanda günəş modulunun üzərinə düşən günəş şüalarının daima 900 bucaq altında düşməsini təmin edən izləyici sistemlə və onun iş prinsipi ilə də tanış oldular. Stansiya ilə ətraflı tanışlıqdan sonra konfrans zalında Azərbaycan Respublikasında 2015-2020-ci illərdə Alternativ və Bərpa olunan enerji mənbələrindən enerjialınması üçün inkişaf perspektivləri haqqında Agentliyin şöbə müdiri Ramiz Kəlbiyev məlumat verdi.
Sonda tələbələr gücü 1mvt olan günəş stansiyasında və gücü 2,7 mvt olan külək elektrik stansiyasında olan avadanlıqların iş rejimini idarə edən dispetçer məntəqəsində oldular. Sevindirici haldır ki, stansiyanın işçiləri arasında Sumqayıt Dövlət Universitetinin məzunları da var. Tələbələrə bildirildi ki, gələcəkdə yaradılan və hal-hazırda istismarda olan belə stansiyalarda işləmək üçün ixtisaslı kadrlara ehtiyac olacaqdır. Belə stansiyalarda çalışmaq üçün mükəmməl biliyə malik olmağınız vacibdir.
Tələbələr bu ekskursiyanın təşkili üçün universitetin rəhbərliyinə, fakültə dekanına minnətdarlıqlarını bildirdilər.
aia.az
Geri dön